Sağlam qidalananı necə böyütməli
Övladınızı həyat boyu müsbət vərdişlərə yönəltməyin 6 yolu.

- English
- Azərbaycanca
Yaxşı qida və qidalanma uşaq sağlamlığının əsasında dayanır və ömür boyu davam edə biləcək faydalar gətirir. Övladınıza gənc yaşlarından sağlam qidalanmağı öyrətmək, yetkinlik dövründə onun qida ilə müsbət münasibət saxlamasına kömək edəcək. Təsəvvür edin ki, bu vərdişləri formalaşdırmaq təkcə övladınız üçün deyil, bütün ailəniz üçün əyləncəli və sağlam ola bilər! Başlamaq üçün altı yol var.
1. Müsbət vərdişləri təbliğ edin
Balacalarınız sizin etdiyiniz hər bir şeyə nəzər yetirir – o cümlədən, yemək vaxtında. Sağlam qida, içki və qəlyanaltıları seçməklə və əyləncəli fiziki fəaliyyətlərlə məşğul olmaqla nümunəvi davranış nümayiş etdirə bilərsiniz. Süfrəyə sağlam, təbii qidaların qoyulması isə övladınız üçün gözəl nümunə olacaq.
Övladlarınızı yemək bazarlığı və hazırlanmasına cəlb etməyə çalışın. Onlar ailə üçün dadlı və sağlam yeməklərin bişirilməsində iştirak etməkdən həzz alacaqlar.
Yemək vaxtlarından öyrənmə fürsəti kimi istifadə edin – müxtəlif qida qruplarını birlikdə nəzərdən keçirin və bədənimizin ehtiyac duyduğu qidaları və vitaminləri kəşf edin.
2. Qida ilə sağlam münasibət saxlayın
Yemək haqqında sağlam düşüncə tərzinə sahib olmaq ömür boyu sağlamlığın və xərçəng, diabet və ürək xəstəliklərdən qorunmanın açarıdır. Siz azyaşlı övladınıza aşağıdakılarla kömək edə bilərsiniz:
- Onlara fiziki olaraq ac olub-olmadıqlarını anlamağa kömək edin. Bu, onlara bədənlərinin ehtiyaclarına uyğunlaşmağa kömək edəcək.
- Yeməkdən mükafat və ya cəza vasitəsi kimi istifadə etməyin. Yeməkdən bu şəkildə istifadə etmək uşaqlarda qida ilə qeyri-sağlam münasibət formalaşdıra bilər.
- Konkret qida növlərini qadağan etməyin. Şirniyyat kimi müəyyən qidaları məhdudlaşdırmaq, övladınızın onları daha çox istəməsinə səbəb ola bilər.
Qeyri-sağlam qida və içkilərə yox demək əvəzinə, porsiyalarını kiçildin və onlarla nadir hallarda (yəni hər gün deyil) qidalanmaq barəsində gözləntilər yaradın. Uşaqlarınızla niyə bəzi qidaların digərlərindən daha yaxşı seçim olması barəsində danışın. Məsələn, uşağınız şirin bir şey istəyirsə, nə üçün təbii şəkəri olan təbii qidanın, məsələn, meyvənin, şəkər əlavə edilmiş emal olunmuş qidadan, məsələn şirinləşdirilmiş taxıl lopasından daha yaxşı seçim olduğunu izah edin. Yaxşı davranış müqabilində əyləncəli ailə fəaliyyəti kimi qeyri-ərzaq mükafatları təyin etməyə çalışın.
Bilirdinizmi ki, uşaqlarınızın yediyi yeməklər nə qədər rəngarəng olarsa, onların beş qida qrupuna daxil olan müxtəlif qidaları yeməyə davam etmə ehtimalı bir o qədər yüksək olacaq?
3. “Boşqabında yemək saxlama!” fikrindən əl çəkin
Bunun uşağınızın yeməkdən lazım olan qidaları almasına kömək edə biləcəyini düşünsəniz də, belə davranışlar yeməyi sevməməyə və yemək vaxtı ilə mənfi assosiasiyaların yaranmasına səbəb ola bilər. Əgər övladınız tərəvəzlərini yemək istəmirsə, elə edin ki, onlar sizin tərəvəz yeməyinizi və bundan həzz almağınızı görsün. Balacalarınız yemək seçimlərini sizdən öyrənir, ona görə də bacardığınız qədər onları həvəsləndirməyə çalışın. Siz həmçinin az miqdarda meyvə və ya tərəvəzi bəyəndikləri başqa bir sağlam qidanın yanında təklif etməklə və ya birlikdə dadmaq üçün yenisini seçmələrini xahiş etməklə cəhd edə bilərsiniz. Meyvə və tərəvəzlərin əyləncəli və rəngli formalarda düzülməsi də onların boşqabda cəlbedici görünməsinə kömək edə bilər. Uşaqların yeni yeməkləri dadması və həzz alması üçün cəhd etmək lazım ola biləcəyini xatırlamaq vacibdir - təslim olmayın.
4. Porsiyalara nəzarəti prioritetləşdirin
Böyük porsiyalar çəki artımına səbəb ola bilər, buna görə də uşaqlarınıza boşqablarına nə qədər yemək qoyulmalı olduğunu öyrətmək vacibdir. Övladınıza uşaq porsiyalarının ölçüləri haqqında öyrətməyin asan yolu, məsələn, əyani vasitələrdən istifadə etməkdir: makaron, düyü və ya taxıl lopasının bir hissəsi üçün qapalı yumruq ölçüsü tövsiyə olunur. Ət porsiyası ovuclarının içi qədər olmalıdır. Yağın (məsələn, kərə yağı) miqdarı baş barmaqlarının uc hissəsi boyda olmalıdır.
Uşaqların enerji ehtiyaclarını ödəmək üçün qida qəbulunu tənzimləyən fitri qabiliyyətə sahib olduğunu bilirdinizm?
5. Günə sağlam səhər yeməyi ilə başlayın
Səhərlər bir çox ailələr üçün tələsik mühitdə keçə bilər, lakin günə balanslaşdırılmış yeməklə başlamaq uşağınızın böyüməsi və inkişafı üçün lazım olan kalsium və lif kimi vacib qidaları almasına kömək edir. Səhər yeməyini kalori baxımından yüksək, lakin qidalandırıcı baxımından aşağı olan şirinləşdirilmiş dənli bitkilər və xəmir şirniyyatları əvəzinə adi qatıq və təzə meyvə kimi qidalı maddələrlə zəngin etməyə çalışın. Bununla həm də balacanızın daha uzun müddət tox qaldığını görəcəksiniz.
6. Fəaliyyətlərinizi əyləncəli edin
Uşaqlara gündə ən az 60 dəqiqə fiziki fəaliyyət lazımdır. Nə üçün bunu əyləncəli etməyək? Nahardan sonra gəzinti və ya üzgüçülük kimi hər kəsi hərəkətə gətirən ailə fəaliyyətlərini planlaşdırmağa çalışın. Fürsət gördüyünüz zaman kortəbii olun, məsələn, radioda sevimli mahnı eşidən kimi birlikdə rəqs edin. Uşağınızın hərəkət tələb edən aktiv oyunlara diqqət yetirməsi üçün oturaq ekran vaxtını (ÜST tövsiyə edir ki, 2-4 yaşlı uşaqlar üçün bu müddət gündə bir saatdan çox olmasın) məhdudlaşdırmaq da vacibdir.
Sağlam qidaları və əyləncəli fəaliyyətləri gündəlik həyatlarının tərkib hissəsinə çevirmək uşağınızın inkişafına kömək edəcək, sağlamlığını yaxşılaşdıracaq və onları ömür boyu müsbət, sağlam seçimlər etməyə hazırlayacaq.