Koronavirus (COVID-19): Valideynlər nəyi bilməlidir

Özünüzü və uşaqlarınızı necə qorumalı.

Koronavirus xəstəliyi (COVID-19): Valideynlər nəyi bilməlidir
UNICEF/UN0157971/Helin

COVID-19 (koronavirus) nədir?

Kronavirus xəstəliyi 2019 ilk dəfə olaraq Çinin Uhan şəhərində qeydə alınmış yeni koronavirus tərəfindən törədilmişdir və (COVID-19) adlandırılmışdır: CO – korona, Vİ – virus və D - xəstəlik (ingilis dilində “disease”) deməkdir.


Koronavirusun simptomları hansılardır?

Bu simptomlar COVID-19 xəstəliyi ilə müqayisədə daha çox yayılmış qrip (influenza) və ya soyuqdəymənin simptomlarına bənzərdir. Buna görə də kiminsə məhz COVID-19 xəstəliyinə yoluxduğunu öyrənmək üçün həmin şəxsin test olunması tələb olunur. Simptomlar virusla qarşı qarşıya gələndən 2-14 gün ərzində özünü göstərə bilər. Bəzi yoluxan insanlar simptom göstərməyə bilər.

Ən yayğın simptomlara hərarət, öskürək və yorğunluq aid ola bilər. Digər simptomlar isə təngnəfəslik, sinədə ağrı və ya sıxılma, əzələ və ya bədən ağrısı, baş ağrısı, dadbilmə və qoxu hissinin itməsi, boğazda narahatlıq hissi, ishal, mədə bulantısı və qusma, qarın ağrısı və dəridə qaşınmadır. Bu simptomlardan əlavə körpələrdə qidalanmada çətinlik müşahidə oluna bilər.

Hər yaşta uşaq COVID-19 xəstəliyinə yoluxa bilər. Böyüklər və uşaqlar eyni əlamətlər olsa da, uşaqlar əksər hallarda xəstəliyi böyüklərə müqayisədə daha yüngül keçirdirlər.Daha ağır hadisələrdə infeksiya pnevmoniya, yaxud tənəffüs çatışmazlığına səbəb ola bilər. Daha nadir hallarda infeksiya ölüm ilə nəticələnə bilər. 

Bundan başqa qripə qarşı peyvənd də mövcuddur – ona görə də özünüzü və övladlarınızı vaxtında peyvənd etdirməyi unutmayın. 


Özümü yoluxma riskindən necə qoruya bilərəm?

İnfeksiyadan özünüzü qorumaq üçün siz və ailəniz aşağıdakı ehtiyat tədbirindən yararlana bilərsiniz:

  1. Sabun və su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun (Daha ətraflı: Koronavirusa (COVID-19) qarşı müdafiə olunmaq üçün əllərinizi yumaq barədə bilməli olduğunuz hər şey)
  2. Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın
  3. Başqaları ilə aranızda ən az 1 metr məsafə saxlayın
  4. Telefonlar, qapı dəstəkləri, işıq keçiriciləri və qida hazırlanan səthlər kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin
  5. Sizdə və ya övladınızda hərarət, öskürək yaxud təngnəfəslik olarsa, tez bir zamanda tibbi yardım üçün müraciət edin   
  6. İnsanların çox olduğu, qapalı və havalandırmanın zəyif olduğu yerlərə getməməyə çalışın və ya getməlisinizsə insanlarla aranızda fiziki məsafəni saxlamağa çalışın
  7. Fiziki məsafəni saxlamanın çətin olduğu ictimai yerlərdə parça maskadan istifadə edin
  8. Qapalı məkanları mütəmadi havalandırın

Tibbi maskadan istifadə etməliyəm?

Sizdə respirator simptomlar (öskürmə və ya asqırma) olduqda başqalarını qorumaq üçün və ya COVID-19-a yoluxmuş şəxsə qulluq etdiyiniz zaman tibbi maskadan istifadə məsləhət görülür.

Maska taxılarsa, onun effektivliyini təmin etmək və virusun ötürülməsi riski ilə üzləşməmək üçün onu düzgün istifadə etmək və sonra atmaq lazımdır. Birdəfəlik tibbi maskadan yalnız bir dəfə istifadə edilə bilər.

Təkcə tibbi maskadan istifadə yoluxmanın qarşısını almaq üçün yetərli deyil və əlləri tez-tez yumaq, asqıranda və öskürəndə ağızı və burunu örtmək və soyuqdəymə yaxud qripə bənzər simptomları (öskürmə, asqırma, hərarət) olan şəxslə təmasa yol verməmək kimi tədbirlərlə birgə tətbiq edilməlidir.   

Embedded video follows
UNICEF Azerbaijan

Hamilə qadın koronavirusu bətnindəki körpəyə ötürə bilərmi?  

Hal-hazırda virusun hamiləlik zamanı anadan körpəyə keçməsini və ya onun körpəyə potensial təsirini müəyyən etmək üçün kifayət qədər sübut yoxdur. Bu məsələ hazırda araşdırılır. Hamilə qadınlar virusla təmasdan qorunmaqla bağlı müvafiq ehtiyat tədbirlərinə riayət etməyə davam etməli və hərarət, öskürək və ya təngnəfəslik kimi simptomları olduqda tez bir zamanda tibbi yardım üçün müraciət etməlidirlər (Daha ətraflı: Koronavirus (COVID-19) pandemiyası dövründə hamiləliklə bağlı məsləhətlər).

 

Koronavirusa yoluxmuş ana öz körpəsini ana südü ilə qidalandıra bilərmi?  

Virusun yayıldığı yerlərdə və risk zonalarında olan və hərarət, öskürək və ya təngnəfəslik simptomları olan bütün analar tez bir zamanda tibbi yardım üçün müraciət etməli və tibbi mütəxəssisinin təlimatlarına riayət etməlidir. 

Ana südü ilə qidalanmanın faydalarını və ana südünün digər respirator virusların ötürülməsində ciddi rol oynamadığını nəzərə alaraq, analar bütün zəruri ehtiyat tədbirlərini görmək şərtilə, körpəsini əmizdirməyə davam edə bilər.  

Pandemiya dövründə ana südü ilə qidalandırma və qidalandırma haqqında daha ətraflı:

COVID-19 uşaqlara təsir edirmi?

Bu, yeni virusdur və biz hələ də onun uşaqlara və ya hamilə qadınlara necə təsir göstərdiyini araşdırırıq. Onu bilirik ki, istənilən yaşda şəxsin virusa yoluxması və onu ötürməsi mümkündür. Lakin yaşlı insanlarda və/ya əvvəldən xəstəliyi olan şəxslərdə ağır xəstələnmənin baş verməsi ehtimalı daha böyük görünür.

Uşaq və yeniyetmələrin nadir hallarda, lakin ciddi çoxsistemli iltihab sindromuna məruz qaldığı ilə bağlı məlumatlar mövcuddur və bunun COVID-19 ilə əlaqəli olması mümkündür. Kliniki əlamətlərə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır: aşağı düşməyən hərarət, səpki; qızarmış və ya çəhrayı gözlər; dodaqların, dilin, əllərin, ayaqların şişməsi və/ya qızarması; mədə-bağırsaq problemləri; aşağı qan təzyiqi; qanın orqanlara zəif axımı; və iltihabın digər əlamətləri.   

Bu uşaqların çoxunda COVID-19 testinin nəticəsi pozitiv olmuşdur. Lakin bu patologiyaya COVID-19 infeksiyasının səbəb olub-olmadığı qəti olaraq məlum deyil. İndiyə qədər bu xəstəlik hadisələri əsasən Şimali Amerikada və Avropada qeydə alınmışdır. Bu patologiyanın dünyanın digər hissələrində mövcud olması və sadəcə hələ ki, təsdiq edilməməsi hələlik bizə məlum deyil.    

Bu simptomları olan uşaqlara tibbi yardım göstərilməlidir. Erkən diaqnoz və müalicə zəruridir, lakin ilkin məlumatlara əsasən, xəstələrin əksəri iltihab əleyhinə müalicəyə müsbət reaksiya vermişdir.  

Məktəblərin bağlanması və fiziki məsafə saxlama kimi COVID‑19 alovlanması ilə mübarizə tədbirləri uşaqlara qeyri‑mütənasib təsir edə bilər. Uşaqlar üçün mənfi nəticələrin mümkün qədər qarşısını almağa və onları minimuma endirməyə xüsusi diqqət yetirilməlidir.

 

Övladımda COVID-19 simptomları varsa, nə etməliyəm?

Tibbi yardım üçün müraciət edin, lakin unutmayın ki, öskürək və ya hərarət kimi COVID-19 simptomları daha çox rast gəlinən qrip və ya soyuqdəymənin simptomlarına oxşar ola bilər.  

Əllərin müntəzəm olaraq yuyulması kimi yaxşı əl gigiyenası və respirator gigiyena qaydalarına əməl etməyə davam edin və övladınızın peyvəndlərini vaxtlı-vaxtında edin ki, övladınız xəstəlik törədən digər virus və bakteriyalardan qorunsun.

Digər respirator infeksiyalarda (məs. qrip) olduğu kimi, sizdə və ya övladınızda simptomlar olarsa, tez bir zamanda tibbi yardım üçün müraciət edin və digər şəxsləri yoluxdurmamaq üçün ictimai yerlərə (iş yeri, məktəb, ictimai nəqliyyat) getməməyə çalışın.

  

Ailəmlə səyahət edərkən ailəm üçün hansı ehtiyat tədbirlərini görməliyəm?

Səyahət etməyi planlaşdıran hər kəs səyahət etməyin məqsədəuyğun olub-olmadığına dair yerli və milli təlimatlara daim əməl etməlidir. Səyahət edənlər getdikləri ərazi ilə bağlı hər hansı giriş məhdudiyyətləri, giriş zamanı karantin tələbləri və səyahətlə bağlı digər müvafiq məsləhətləri nəzərdən keçirməlidir. Səyahət zamanı öz ölkənizdə özünüzü qorumaq üçün riayət etdiyiniz eyni tədbirlərə əməl edin.

Səyahət zamanı bütün valideynlər özlərinin və uşaqlarının standart gigiyena tədbirlərinə əməl etməsini təmin etməlidirlər: Əlləri tez-tez yumaq və ya spirt tərkibli antiseptik vasitədən istifadə etmək, yaxşı respirator gigiyenaya riayət etmək (öskürəndə və ya asqıranda ağızı və burunu dirsək bükümü və ya kağız dəsmalla örtmək və istifadə olunmuş kağız dəsmalı dərhal atmaq) və öskürən və ya asqıran şəxslərlə yaxın təmasdan yayınmaq. Əlavə tövsiyələrə aşağıdakılar daxildir: Təyyarə və ya digər nəqliyyat vasitəsinə daxil olduqda oturacağı, qoltuq dəstəyini və sairi dezinfeksiyaedici salfetlə bir dəfə təmizləyin. Həmçinin, sizin və övladınızın qaldığı oteldə və ya digər məkanda əsas səthləri, qapı dəstəklərini, pultları və sair əşyaları dezinfeksiyaedici salfetlə təmizləyin.

 

Mən bullinq, ayrı-seçkilik və stiqmaya məruz qalmaqdan narahatam. Baş verənlər barədə danışmağın ən yaxşı üsulu hansıdır?

Koronavirusla bağlı narahatlıq keçirirsinizsə, bu, başa düşüləndir. Lakin qorxu və stiqma çətin vəziyyəti daha da çətinləşdirir. Məsələn, dünyanın hər bir yerindən ayrı-ayrı şəxslərin, xüsusilə Asiya mənşəli şəxslərin təhqir və hətta fiziki zorakılığa məruz qalması barədə xəbərlər eşidilir.    

İctimai səhiyyə sahəsindəki fövqəladə hallar onların təsir dairəsində olan hər kəs üçün stressli bir dövrdür. Son məlumatları izləmək və bir-birinə mehriban olmaq və dəstək göstərmək vacibdir. Deyilən sözlər əhəmiyyətlidir və mövcud stereotipləri daha da möhkəmləndirən ifadələr insanları müayinə olunmaqdan və özlərini və yaşadıqları icmanı qorumaq üçün görməli olduqları tədbirlərdən uzaqlaşdıra bilər.     

Pandemiya dövründə psixi sağlamlıq haqqında daha ətraflı:

İnternetdə koronavirus haqqında olduqca çox məlumat var. Nə etməliyəm?

İnternetdə koronavirus haqqında, o cümlədən COVİD-19-un necə yayılması, ondan qorunmağın yolları və virusa yoluxduğunuzdan şübhələndikdə nə etməli olduğunuz barədə çoxsaylı miflər və yanlış məlumatlar paylayışılır.       

Buna görə də, məlumat və məsləhətləri harada axtarmaq məsələsində ehtiyatlı olmaq vacibdir. UNICEF həmçinin COVID-19 barədə daha ətraflı məlumat və məsləhətləri əldə edə biləcəyiniz səhifə istifadəyə vermişdir. Bundan başqa, ÜST-nin saytında da ən çox verilən suallardan bəzilərinin cavablandırıldığı faydalı bir bölmə mövcuddur.