Koronavirusa (COVİD-19) qarşı müdafiə olunmaq üçün əllərinizi yumaq barədə bilməli olduğunuz hər şey

Əllərinizin yuyulması sizi və sevdiklərinizi qoruya bilər.

UNICEF
Children washing hands.
UNICEF/UNI310746/Viet Hung
24 Mart 2020

Koronavirus (COVİD-19) kimi tənəffüs yolu virusları virusu daşıyan selik və ya hava damcıları göz, burun və ya boğaz vasitəsilə bədəninizə daxil olduqda yayılır. Əksər hallarda bu, əlləriniz vasitəsilə baş verir. Əllər virusun bir nəfərdən digərinə yoluxmasına şərait yaradan əsas vasitələrdən biridir.

Qlobal pandemiya zamanı virusun yoluxmasının ən ucuz, ən asan və ən vacib yollarından biri tez-tez əllərinizi sabun və su ilə yumaqdır.

Burada əllərinizi düzgün şəkildə yumaq barədə bilməli olduğunuz hər şey verilmişdir:


1. Əllərimi düzgün şəkildə necə yumalıyam?

Əllərinizdə virusun bütün izlərini aradan qaldırmaq üçün əllərinizi sürətlə ovuşdurmaq və yaxalamaq kifayət etmir.  Aşağıda əllərin effektiv şəkildə yuyulması prosesi addımbaaddım təsvir edilmişdir:

  • Addım 1: Əllərinizi axar su ilə isladın
  • Addım 2: İslanmış əllərin hər tərəfini sabunlayın
  • Addım 3: Əllərinizin hər tərəfini, o cümlədən əllərin arxa hissəsini, barmaqların arasını və dırnaqların altını ən az 20 saniyə ərzində ovuşdurun.
  • Addım 4: Axar su ilə əllərinizi yaxalayın
  • Addım 5: Əllərinizi təmiz dəsmal və ya tək istifadəlik salfetlə qurulayın

2. Əllərimi nə qədər müddət yumalıyam?

Əllərinizi ən az 20-30 saniyə yumalısınız. Vaxtı ölçməyin asan yollarından biri "Ad günü" (Happy birthday) mahnısını iki dəfə tam şəkildə oxumaqdır.

Əllər üçün dezinfeksiyaedici vasitədən də eyni şəkildə istifadə edin: tərkibində ən az 60% spirt olan dezinfeksiyaedici vasitədən istifadə edin və əllərinizin hər yerini ən az 20 saniyə ərzində bu vasitə ilə ovuşdurun.


3. Əllərimi nə vaxt yumalıyam?

COVID-19 virusuna yoluxmanın qarşısının alınması kontekstində siz əllərinizi aşağıda hallarda yumalısınız:

  • Burnunuzu sildikdən, öskürdükdən və ya asqırdıqdan sonra
  • İctimai yerlərə, o cümlədən ictimai nəqliyyat, bazar və ibadət yerlərinə getdikdən sonra
  • Evdən çöldə yerləşən əşyaların səthinə, o cümlədən pula toxunduqdan sonra
  • Xəstə olan şəxsə qayğı göstərdikdən əvvəl və sonra, o cümlədən qayğı göstərən zaman
  • Yeməkdən əvvəl və sonra

Ümumilikdə, siz aşağıdakı hallarda hər zaman əllərinizi yumalısınız:

  • Tualetdən istifadə etdikdən sonra
  • Yeməkdən əvvəl və sonra
  • Zibili atdıqdan sonra
  • Heyvanlara və ev heyvanlarına toxunduqdan sonra
  • Körpələrin bezini dəyişdirdikdən və ya uşaqları tualetə apardıqdan sonra
  • Əlləriniz bariz şəkildə çirkli olduqda 

4. Uşağımın əllərini yuması üçün nələr etməliyəm?

Siz uşaqlarınızın əllərini yumasına əllərin yuyulması prosesini asanlaşdırmaqla, məsələn, su və sabuna əlləri çatsın deyə su çanağının qarşısına üzərinə çıxmaları üçün stul qoymaqla kömək edə bilərsiniz. Siz uşaqlar əllərini ovuşdurarkən onların sevimli mahnılarını oxumaqla bu prosesi onlar üçün əyləncəli hala gətirə bilərsiniz.
 

5. Əllərimi yumaq üçün isti sudan istifadə etməliyəmmi?

Xeyr, siz əlləriniz yumaq üçün istənilən temperaturda olan sudan istifadə edə bilərsiniz. Sabundan istifadə etdiyiniz müddətdə soyuq və isti su mikrob və virusların öldürülməsinə bərabər səviyyədə effektivdir!


6. Əllərimi dəsmalla qurulamalıyammı?

Mikroblar quru dəri ilə müqayisədə nəm dəridə daha asanlıqla yayılır, buna görə əllərinizi tam şəkildə qurulamaq vacibdir. Kağız dəsmallar və ya təmiz parçalar mikrobları digər səthlərə yayılmadan məhv etməyin ən effektiv yoludur.


7. Hansı daha yaxşıdır: əllərinizi yumaq yoxsa dezinfeksiyaedici vasitədən istifadə etmək?

Ümumilikdə, düzgün şəkildə istifadə olunduğu müddətdə həm əlləri sabun və su ilə yumaq, həm də dezinfeksiyaedici vasitədən istifadə etmək əksər mikrob və patogenlərin öldürülməsində həddindən artıq effektivdir. Dezinfeksiyaedici vasitə, adətən, çöldə olduğunuz zaman istifadə üçün daha rahatdır, ancaq fövqəladə hallar zamanı onu tapmaq çətin ola və ya baha başa gələ bilər. Bundan başqa, spirt tərkibli dezinfeksiyaedici vasitələr koronavirusu öldürür, ancaq bütün növ bakteriya və virusları öldürmür. Məsələn, bu vasitələr norovirus və rotavirusa qarşı nisbətən təsirsizdir.


8. Sabun olmadıqda nə etməliyəm?

Xlorlu su və ya tərkibində ən az 60% spirt olan dezinfeksiyaedici vasitədən istifadə etmək sabun və axar su olmadıqda ən yaxşı alternativ seçimdir. Bunlar mövcud olmadıqda sabunlu su və ya kül effektiv olmasa belə, bakteriyaların məhv edilməsinə kömək edə bilər. Bu metodlardan istifadə etdikdə əllərin yuyulması üçün vasitələrdən istifadə imkanı yaranan kimi əllərinizi yumaq, eyni zamanda, digər insanlar və əşyaların səthi ilə təmasdan çəkinmək lazımdır.


9. Koronavirusun yayılmasını dayandırmaq üçün başqa nələr edə bilərəm?
 
  • Asqıran və öskürən zaman müvafiq etiket qaydalarına əməl edin: Öskürən və ya asqıran zaman ağzınızı və burnunuzu dirsəkdən bükülmüş vəziyyətdə qolunuzla yaxud salfetlə örtün, istifadə etdiyiniz salfeti dərhal atın və əllərinizi yuyun.
  • Üzünüzə (ağız, burun, göz) toxunmayın
  • Sosial məsafəni saxlayın: Digər insanlarla əl sıxaraq, qucaqlaşaraq və ya öpüşərək görüşməyin, onlarla öz qidanızı, mətbəx ləvazimatlarını, fincanları və dəsmalları bölüşməyin
  • Soyuqdəymə və ya qrip simptomları müşahidə olunan şəxslərlə yaxın təmasdan çəkinin
  • Özünüzə və ya övladınızda qızdırma, öskürək və ya nəfəs darlığı kimi əlamətlər müşahidə olunursa, vaxtında tibb müəssisəsinə müraciət edin
  • Virusun təmas edə biləcəyi səthləri təmizləyin və, ümumilikdə, əşyaların səthini tez-tez təmizləyin (xüsusilə, ictimai yerlərdə)

UNICEF-in COVID-19 virusu ilə bağlı təlimatlarını əldə etmək üçün bu linkə daxil olun.

Əllərin düzgün yuyulması qaydalarının təsvir olunduğu plakatı əldə etmək, zəhmət olmasa, bu linkə daxil olun.