Uşağınızla iqlim dəyişikliyi haqqında necə söhbət aparmalı?
Uşaqları bu məsələyə necə cəlb etmək olar.
- English
- Azərbaycanca
İqlim dəyişməkdədir və dünyada, demək olar ki, hər bir uşaq bu dəyişikliyin təsirinə məruz qalacaqdır.
Bir çox valideyn üçün öz övladı ilə iqlim dəyişikliyi haqqında danışmaq çətin ola bilər. Uşaqları zərər və narahatlıqdan qorumaq istəyi təbiidir. Ancaq müəyyən yaşa çatandan sonra uşağınız iqlim dəyişikliyi haqqında məktəbdə, onlayn və ya dostlarından, böyük ehtimalla, eşidəcəkdir.
Təəccüblü deyil ki, uşaqlar iqlim dəyişikliyi ilə bağlı narahatlıq, qorxu, kədər və qəzəb kimi bir sıra hissləri keçirə bilərlər – bu, iqlim dəyişikliyi kimi qeyri-müəyyən və dağıdıcı bir hadisəyə çox təbii reaksiyalardır.
Uşağınız üçün iqlim dəyişikliyi məsələsini çözə bilməsəniz də, onların bu mövzu ilə bağlı faktları öyrənməsinə, tək olmadıqlarını bilməsinə və tədbir görməyin yollarını araşdırıb tapmalarına kömək edə bilərsiniz.
İqlim dəyişikliyi haqqında dürüst və ümid verici məcrada, ancaq onun reallığı və miqyasına göz yummadan necə söhbət edə biləcəyinizə dair bəzi məsləhətlərimizi aşağıda təqdim edirik.
1. Söhbətə öncədən hazırlaşın
İqlim dəyişikliyi ilə bağlı bütün suallara heç kəs cavab verə bilməz və sizin də müəyyən cavabları bilməməyiniz normal haldır. İnternetdə mövcud olan çoxsaylı etibarlı resurslar, o cümlədən müzakirələr, videolar və məqalələrdən yaralanaraq elmi biliklərinizi yeniləyə bilərsiniz. NASA-nın bu mövzuda uşaqlar üçün münasib formatda olan yaxşı resursları vardır. Uşaqları ilə bu mövzuya necə yanaşdıqlarını öyrənmək üçün digər valideynlərlə danışın.
Unutmayın: Uşağınızın bütün suallarına cavab verə bilməməyiniz normal bir haldır – buna cavabları birlikdə araşdırmaq fürsəti kimi baxın.
2. Dinləyin
Uşağınızla iqlim dəyişikliyi haqqında söhbətə başlamaq üçün onun bu mövzu ilə bağlı nələri artıq bildiyini və hansı hisslər keçirdiyini öyrənin. Uşağınızın artıq çox məlumatlı olması və bu mövzuda ifadə edə bildikləri sizi təəccübləndirə bilər. Onların planetimizlə bağlı qorxularını və ümidlərini öyrənmək üçün bu imkandan istifadə edin. Onları tam diqqətlə dinləyin və keçirdikləri narahatçılıqlara diqqətsizlik etməyin və ya əhəmiyyətini kiçiltməyə çalışmayın. Onlara bildirin ki, istənilən mövzuda danışmaq üçün sizə hər zaman üz tuta bilərlər.
3. Sadə elmi dildən istifadə edin
Uşağınızı ən yaxşı siz tanıyırsınız və buna görə də verəcəyiniz məlumatın uşağınız üçün uyğun olduğuna əmin olun. Yaxşı bir başlanğıc kimi, iqlim dəyişikliyini onların gündəlik həyatları ilə əlaqələndirmə imkanlarını, eləcə də əsas faktları birlikdə araşdıra bilərsiniz. Məsələn: “İnsanlar avtomobil sürmək, təyyarələri uçurmaq və evlərini işıqlandırmaq üçün kömür və neft kimi təbii yanacaqları yandırırlar. Bunların hamısı atmosferə istixana qazları buraxaraq planeti köpük kimi bürüyür və iqlimin istiləşməsinə səbəb olur. Planetimiz istiləşdikcə hava şəraiti də dəyişir, məsələn daşqın və fırtına kimi hadisələr daha çox baş verir. Planetimiz istiləşdikcə qütb buzlaqları əriyir və dəniz səviyyəsi yüksəlir. Bu, ciddi bir problemdir, ancaq bir çox alimlər və gənclər həll yollarını tapmaq və müsbət dəyişikliklər etmək üçün çox çalışırlar. Bizim də edə biləcəyimiz bir çox şey var”.
Şəkillər, xəritələr və videolar problemi vizuallaşdırmağa və onu gerçəkliyini daha yaxşı hiss etməyə kömək edə bilər. Bu mənada, Climate Visuals tədqiq etmək üçün əla resursdur - burada iqlim dəyişikliyinin təsirlərindən tutmuş iqlim həllərinə qədər, bu mövzuda şəkillərdən ibarət kitabxana toplanmışdır.
4. Çölə çıxın!
Uşağınızı imkan olan qədər təbiətlə tanış etməyə çalışın. Onların açıq havada oynamağa həvəsləndirilməsi təbiətdən həzz almaq və ona hörmət hissini inkişaf etdirməyə kömək edir.
Birlikdə bayırda olanda ara-sıra fasilə edin və uşağın diqqətini təbiətdəki maraqlı yerlərə yönəldin, bu hər-hansı bir ağac, bulud, hörümçək toru və ya quş ola bilər. Sadəcə bir qədər ayaq saxlayıb təbiətdə gördüklərinizi dəyərləndirməyə vaxt ayırmaq uşaqlarda təbiətə maraq və heyranlıq hissini inkişaf etdirməyə kömək edə bilər. Bir şeyin yoxdan necə böyüdüyünü görmək üçün birlikdə toxum əkin.
5. Diqqəti həll yollarına yönəlidin
Müzakirə etdiyiniz hər problem üçün həll yolunu göstərməyə çalışın. Uşağınızla birlikdə iqlim dəyişikliyinin həlli yolları üzərində çalışan fərqli insanlar haqda məlumat araşdırın. Xəbərlərdə və ya öz icmanızda görüb-eşitdiyiniz müsbət və ruhlandırıcı hadisələri müzakirə edin.
Bir ailə olaraq evinizdə tullantıları azaltmaq, suya qənaət etmək, təkrar emalı dəstəkləmək və ya istifadə olunmayan işıqları və cihazları söndürmək kimi etdiyiniz tədbirləri müzakirə edin. Bu, hər kəsin iqlim dəyişikliyi ilə mübarizədə nəsə edə biləcəyi fikrini gücləndirməyə kömək edir.
Ailə olaraq və ya yaşadığınız icmada həyata keçirə biləcəyiniz digər tədbirlər haqda fikir mübadiləsi aparın. Avtomobil əvəzinə piyada getməyi və ya velosiped sürməyi seçə bilərsinizmi? Bir ağac əkə bilərsinizmi?
6. Uşağınızın hərəkətə keçməsi üçün ona dəstək göstərin
Dünyada gənclər iqlim dəyişiklikləri ilə bağlı tədbirləri öz əllərinə alır və hökumətlərin masasına çıxarırlar. Bir sıra başqa gənclər enerjidən daha səmərəli istifadə etməyin yeni yolları üzrərində çalışır, sosial mediada həll yollarını paylaşır və həftəlik iqlim yürüşlərinə qatılırlar. Uşağınıza bildirin ki, bir çox gənclər planetimizi qorumaq üçün çalışır və onlar da bunu edə bilərlər. Uşaq maraq göstərsə, onları iqlim dəyişikliyi ilə mübarizə aparan fəalların hekayətləri ilə tanış edin.
Ehtiyatlı olun ki, iqlim naminə onları nəyəsə məcbur etdiyiniz təssüratı yaratmayasınız, bununla yüksək həyəcan, narahatlıq və ya ağır məsuliyyət yükü hisslərinə istəmədən səbəb ola bilərsiniz. Əgər onlar iqlim məsələsində daha fəal iştirak etmək istəyirlərsə, qoy bunu özləri sizə yaxınlaşıb desinlər, eləcə də iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini və bunun yerli fəaliyyətlərdən başlayan qlobal məsuliyyət olduğunu vurğulayın.
İlk söhbət çətin ola bilər, lakin söhbəti davam etdirmək çox əhəmiyyətlidir. Hər bir uşağın gələcəyini formalaşdıran bir məsələ haqqıda davamlı ünsiyyətin aparılması son dərəcə vacibdir.