Uşaqlar üçün bir il

İlin sonu UNICEF nümayəndəsi Edvard Carwardine tərəfindən açıqlandı

UNICEF Azerbaijan
30 Dekabr 2019

Daha bir ilin sona yaxınlaşmasından əlverişli məqam kimi istifadə edərək müəyyən fasiləyə yol verib yeni əsrin ilk onilliklərində dünyaya gəlmiş ən gənc vətəndaşların – uşaqların həyatı barədə düşünmək yaxşı olardı. Qeyd etmək yerinə düşər ki, dünya uşaqları ilə əlaqədar əlamətdar ildönümü – tarixən ən çox dəstəklənən insan hüquqları üzrə universal sənədin, Uşaq Hüquqları haqqında Konvensiyanın qüvvəyə minməsinin 30 illiyi məhz yola saldığımız ildə qeyd olunub.
Ötən il ərzində biz Azərbaycanda uşaqlarla bağlı davamlı irəliləyişlərin şahidi olmuşuq. Biz təkcə UNICEF-in Azərbaycan Hökuməti və xalqı ilə birgə fəaliyyətinə diqqət yetrdikdə böyük qürur hissi keçiririk. 

UNICEF ölkədə uşaqlıq dövrünün ilk anlarından yeniyetmə yaşlarına qədər minlərlə uşaq üçün nəzərdə tutulmuş və ölçülməsi mümkün olan dəyişikliklərə dəstək vermək öhdəliyinə sadiqdir. Belə ki, ötən il ərzində icma əsaslı erkən təhsil mərkəzləri sayı 6.000 nəfərdən çox olan 3-4 yaşlı uşaqları əhatə edib, ümumilikdə 5.000 nəfərdən çox ibtidai sinif müəllimi və ali məktəb müəllimi əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində təhsilə cəlb olunması üzrə təlimlərdə iştirak edərək müvafiq təlimatlar alıb, xüsusi təlim keçmiş sosial işçilər, uşaq psixoloqları və hüquq mütəxəssisləri tərəfindən dəstəklənən 1.500 nəfərdən çox həssas uşağ və onların ailələri ilk olaraq üç rayonda tətbiq edilmiş inteqrasiyalı sosial xidmətlər üzrə yeni modeldən faydalanıb.

End of year Op-ed by UNICEF Representative
UNICEF Azerbaijan

UNICEF “Körpə Dostu” Xəstəxana Standartlarının təkmilləşdirilməsini dəstəkləməklə, habelə ölkə daxilində 3.000-dən çox gəncə əsas həyat bacarıqları zərfini, könüllülük imkanlarını, səhiyyə sahəsində maarifləndirmə tədbirlərini, məsləhət və istirahət imkanlarını təqdim etməklə hər bir uşağın həyata ən yaxşı başlanğıcı üçün töhfə verməkdə qətiyyətlidir.  

Biz qızlar və gənc qadınlarla əlaqədar bir sıra müsbət düşüncələri AFFA ilə birlikdə həyata keçirdiyimiz “#QızlarBacarır” kampaniyası vasitəsilə təşviq etdik, əlilliyi olan gənclərin istedadını üzə çıxarmaqda kömək edən idman və mədəniyyət tədbirləri sayəsində əlilliklə bağlı bəzi düşüncələrin yanlış olduğunu nümayiş etdirdik, daha güclü valideynlik bacarıqlarını dəstəklədik və ataların bu sahədəki rolunu ön plana çəkdik, habelə gənclərin öz icmalarında fəal və konstruktiv rol oynaması üçün imkanlar yaratdıq. 

Biz uğurla sınaqdan keçirilərək özünü doğrultmuş texnologiyalardan, məsələn sadə SMS sistemlərindən yerli şəraitə uyğun istifadə etməklə kənd yerlərində hamilə qadınlar üçün həyati məna kəsb edən məlumatların təqdim olunmasını təmin etdik. Biz bir sıra səhnə arxası tədbirləri həyata keçirməklə qayğı müəssisələrində saxlanılan uşaqların vəziyyətini monitorinq etməkdə kömək göstərdik, uşaqların sağlamlığı və qidalanması ilə bağlı vacib xidmətlərin müvafiq təşəbbüslərə daxil edilməsi üçün tibbi sığorta üzrə yeni milli proqrama töhfələr verdik və yüksək keyfiyyətli qida əlavələrinin və zəruri vaksinlərin milli səhiyyə proqramı çərçivəsində tədarükünə yardım etdik.

Eyni zamanda, biz görüləsi işlərin daha çox olduğunu başa düşdük. Biz aprel ayında 14 yaşlı məktəbli qızın faciəli, mənasız ölümündən özümüz üçün, nə qədər kədərli olsa da, bir ibrət dərsi götürdük – şəxsi böhran hallarından, bullinqdən və zorakılığın başqa formalarından əziyyət çəkən uşaqları və gəncləri dəstəkləmək üçün tərəfimizdən daha çox iş görməlidir. O dəhşətli bahar günündən bəri biz bullinq hallarını tanımaq, qarşısını almaq və bununla bağlı cavab tədbirləri görmək məqsədilə valideynlərin və uşaqların zəruri məlumatlarla təmin edilməsi və dəstəklənməsi istiqamətində səylərimizi ikiqat artırdıq, yüzlərlə məktəb psixoloquna təlim keçdik və yeniyetmələr arasında özünə xəsarət yetirmə hallarının qarşısının alınması və özünəinam hissinin gücləndirilməsi məsələlərinə xüsusi yer ayıran yeni komponentləri tərəfimizdən həyata keçirilən gənclər proqramları üçün işləyib hazırlamağa başladıq.
 

End of year Op-ed by UNICEF Representative
UNICEF Azerbaijan

Azərbaycanda bu cür nəticələrə nail olmaq məqsədilə bu kimi çoxsaylı tərəf-müqabilləri ilə işləmək bizim üçün böyük şərəf idi: hökuməti və vətəndaş cəmiyyətini təmsil edən tərəfdaşlarla, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət”, Heydər Əliyev Fondu kimi milli təşkilatlarla, Birləşmiş Millətlər Təşkilatının agentliklərilə və beynəlxalq icitmaiyyətlə, ələxsus da bu il Avropa İttifaqı, Belçika, Niderland və İtaliyadan olan dostlarımızla.

Bununla belə, şəxsən mənim üçün ötən ilin ən əlamətdar məqamları Azərbaycanda uşaqlar üçün mümkün olan ən güclü təməl yaratmaq məqsədinin hər gün gerçəkləşdirilməsilə məşğul olan analar, atalar, uşaqlar, müəllimlər, sosial işçilər, gənclərlə iş üzrə mütəxəssislər, tibb bacıları və digərlərinin ölkənin müxtəlif yerlərində mənimlə görüş zamanı paylaşdıqları hekayələrdə və təcrübələrdə öz əksini tapıb.

Qarşıdan gələn ildə biz icrası 2021-ci ildə başlayacaq yeni ölkə proqramı üzrə işləri yekunlaşdıracağıq. Bununla əlaqədar sözüm budur ki, biz əldə etdiyimiz nailiyyətlərə əsaslanacağıq, bizə məlum olan və uşaqların üzləşdiyi yeni çətinliklərin öhdəsindən gəlməyə çalışacağıq, hər bir uşaqla əlaqədar baxışlarımıza şərik olan bütün tərəflərlə qarşılıqlı fəaliyyət apararaq əməkdaşlıq edəcəyik və, ən əsası, Azərbaycanın ən qiymətli sərvəti olan uşalqarla bağlı sərmayə qoyuluşunda üzərimizə düşən işi davam etdirəcəyik.

Mən bu yolda bizimlə olacağınıza ümid edirəm. Hal-hazırda isə, sizlərə Yeni ildə firəvan və dinc həyat, xoşbəxt günlər arzulayıram.