Mehribanlıq vasitəsilə öyrənmə

Bakının inklüziv məktəb proqramı ilə bağlı hekayə

Elaine Holder
Children in classroom.
UNICEF Azerbaijan
15 Avqust 2018

3 il əvvəl UNICEF Azərbaycanın Təhsil Nazirliyi ilə birgə səylərini birləşdirdi ki, dövlət məktəblərinin ibtidai siniflərində əlilliyi olan uşaqlar üçün yerlər təmin etsin. İnklüziv məktəblər proqramı artıq Bakının 4 dövlət məktəbində tətbiq olunur. Onun məqsədi fərqləri əhatə edən və fərdi ehtiyacları dəstəkləyən inklüziv öyrənmə mühitini təmin etməkdir. Tələbələr milli kurrikulumla tədris alır və onların inkişafına fərdi qaydada uyğunlaşdırılmış tədris planı istiqamət verir. Bu proqrama reaksiya olduqca müsbət olub. Məktəblərdən biri iddia edir ki, proqram şagirdləri bir-birinə qarşı daha mehriban olmağa sövq edib. Bu proqramı UNICEF region üzrə digər ölkələrdə icra etməyə də dəstək göstərib və nəticələr oxşar şəkildə həvəsləndirici olub. 


Xətai rayonunda yerləşən 138 saylı orta məktəb proqramın ilk günündən cəlb olunub. Məktəbin direktoru Mirfaiq Mirheydərli deyir ki, o, məktəbinin ilk 3 sinfində 12 inklüziv şagirdin olmasından çox qürur duyur və ümid edir ki, gələcəkdə daha çox şagird onlara qatılacaq: “Məktəbdə çalışan daha çox mütəxəssisə ehtiyacımız var. Bir çox insanlar əlilliyi olan uşaqlarını evdə saxlayırlar. Biz istəyirik ki, onlar məktəbə gedə, təhsil ala bilsinlər”. 


Cənab Mirheydərli başlanğıcdan proqramla bağlı çox nikbin olub, ancaq heç vaxt təsəvvür etməzdi ki, proqram şagirdlərə bu dərəcədə müsbət təsir göstərə bilər. “Şagirdlər dərhal və gözlənilməz şəkildə bir-birinə qarşı mehriban davrandılar. Onlar nahar yeməklərini bölüşməyə başladılar, bir-birlərinə çantaları daşımaqda kömək etdilər. Bu siniflərdə mühit əlilliyi olan şagirdlərin olmadığı siniflərdən hətta daha yaxşı idi”. 


47 il iş təcrübəsinə malik 1-ci sinif müəlliməsi Elmira Heybətova da öz sinfində eyni hadisəni müşahidə edib. “Kim isə qələmini yerə saldıqda hamı çalşır ki, kömək etmək məqsədilə onu yerdən götürsün. Bunu ilk gündən müşahidə edirəm. Onlar hətta paltolarını geyinməkdə bir-birlərinə kömək edirlər”. Xanım Heybətovanın sinfindəki 26 şagirddən 2-si inklüziv şagirdlərdir. O, proqramda ilk gündən iştirak edir. 


Ayşən Nəcəfova bu məktəbdə korreksiya üzrə terapevtdir. Onun işi dərslərində uşaqlara fərdi dərslər və dəstək göstərməkdir. O, öyrənmə və inkişafa dəstək göstərmək üçün alternative tədris metodlarından istifadə edir. “Mən sinifdəki bütün şagirdlərə görə məsuliyyət daşıyıram. Mən onların ünsiyyət bacarıqlarını və dərsdə iştirakını artırmağa kömək edirəm. Təhsildən tutmuş gigiyenaya kimi onların inkişafının bütün aspektlərini həll etmək mənim vəzifəmdir. Məsələn, valideyndən soruşuram ki, uşaq öz ayaqqabısını geyinə bilirmi. Əgər bilmirsə, biz öyrədirik. Biz hətta bunu, olduqca təməl, ancaq vacib bacarığı öyrədirik”. 
Ayşən fiziki əlilliklərinin yazılarına göstərdiyi təsiri aradan qaldırmaq üçün bəzi uşaqlarla necə işləməsini izah edib. O, şagirdi Ülvinin ad və rəqəmləri necə yazdığını nümayiş etdirdi. Ülvi məktəbə başlayanda yalnız işarələri çəkməyi və cızma-qaranı bacarırdı, ancaq indi o aydın yazmağı bacarır, çünki Ayşən ona diqqətli olmaqda kömək edib. “O, çox əzmli oğlandır. Ona görə də bizim yanaşmamız belədir ki, ona nəyisə edə bilməyəcəyini dedikdə o, bizi yanlış çıxarmaq üçün əlindən gələni edəcək”. 

A child writing on the board.
UNICEF Azerbaijan
A child writing on the board.

Eyni məktəbə gedən 9 yaşlı Zəhranın anası Ülviyyə Məmmədova qızının əldə etdiyi irəliləyişdən çox razıdır. “Onun ünsiyyət bacarıqlarında irəliləyiş müşahidə etmişəm. Yaddaşı daha yaxşıdır və şeyləri daha çox başa düşür. O, məktəbi sevir. Səhərlər yuxudan duranda o, deyir: “Məktəbə gedək. Ayşəni görməyə gedək”. 


138 saylı məktəb əksər məktəblərin təmin edə bilmədikləri imkanlar bəxş edir. Aygün Albosova əvvəlcə öz qızı Naziləni yerli məktəbə göndərmək istəyirdi. Məktəb ona yer ayıra bilmədi, ancaq İnklüziv Məktəb proqramı haqqında ona məlumat verildi. “İlk dərs günündə Nazilə gərgin deyildi, məktəbə getməyə olduqca həvəsli idi. Hətta xəstə olduqda belə o məktəbə getmək istəyir və ağlayır “Məktəbə gedək. Məktəbə getmək istəyirəm”. Ümid edirəm ki, gələcəkdə o, universitetə gedə biləcək və yaxşı karyerası olacaq”. 

Children outside the school with their parents.
UNICEF Azerbaijan
Children outside the school with their parents.

Sinifdə yoldaşlıq hiss olunurdu. Sinifdə dostlarının olması ilə bağlı sual verilən şagirdlər öz həmyaşıdları ilə münasibət haqqında müsbət danışırdılar. Oğlan şagirdlərdən biri belə demişdi: “Bəli, mənim sinifdə çoxlu dostum var və hətta qızlar da mənim dostlarımdı”. Eyni zamanda aydın görünürdü ki, şagirdlərin məktəbdən kənarda da sağlam sosial həyatları var. Onlar qonşuları və sinif yoldaşları ilə oynayırdılar. Sosial məşğələlər barəsində soruşduqda, valideynlərdən biri qeyd etmişdir: “Biz ad günləri və bayramlarda bir araya gəlirik”. 
Bu məktəbdə tətbiq olunan inklüziv proqramın uğulu olduğu aydın görünür və məktəbə Təhsil Nazirliyi tərəfindən hətta mükafat da verilib. Mirfaiq Mirheydərli izah edir: “Təhsil Nazirliyi bizim nailiyyətlərimizdən 1-ci ildən sonra o qədər mütəəssir olmuşdu ki, onlar bizə mükafat təqdim etdilər. Bu, elə mükafatdır ki, bunu adətən 20 illik yaxşı fəaliyyətdən sonra alırsan, ancaq bizim müəllimlər bunu yalnız bir ildən sonra aldılar”.
Cənab Mirheydərli hesab edir ki, qarışıq siniflər təkcə əlilliyi olan şəxslərə deyil, bütün şagirdlərə müsbət təsir göstərir. Əlilliyi olmayan uşaqlardan birinin valideyni ona deyib ki, “Şadam ki, mənim uşağım bu proqramın bir hissəsidir. İstəyirəm ki, onlar hamının fərqli olduğunu başa düşsünlər və fərqlərdən asılı olmayaraq bir-birlərinə qarşı mehriban olsunlar. Bu, onları yaxşı insan edəcək”. Biz uşaqlarımıza bir-birinə qarşı mehriban olmaqdan və hörmət etmədən daha yaxşı hansı dərsi keçə bilərik.