İncəsənət şəfaverici gücə malikdir

İnklüziv cəmiyyətin qurulmasının əhəmiyyətini təşviq etmək və əlilliklə bağlı yanlış düşüncələri aradan qaldırmaq məqsədi daşıyan tədbir UNICEF, Heydər Əliyev Fondu və İtaliyanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub.

Dara Walsh
Inspiration through Art
UNICEF Azerbaijan
23 Dekabr 2019

İtaliyanın “Nazareno” Sosial Kooperativi və Bakıda yaradılmış “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkətinin birgə ifası ilə “İncəsənətlə şəfa” rəqs və musiqi qala tədbiri dekabrın 9-da Bakının Heydər Əliyev Mərkəzində təqdim olunub. Əlilliyi olan və əlilliyi olmayan sənətkarları bir araya gətirən bu tədbir müxtəlif tamaşaçılar tərəfindən böyük həvəslə qarşılanıb. 


İnklüziv cəmiyyətin qurulmasının əhəmiyyətini təşviq etmək və əlilliklə bağlı yanlış düşüncələri aradan qaldırmaq məqsədi daşıyan tədbir UNICEF, Heydər Əliyev Fondu və İtaliyanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub.  
“Nazareno” qrupu elektron orkestrin müşayiəti ilə iki nömrəni, habelə bir neçə ekspressiv rəqs ifasını təqdim edib. Eyni zamanda, görmə məhdudiyyəti olan dünya şöhrətli müğənni və bəstəkar Silvia Zaru səhnəyə qrupun rəqqaslarından birinin müşayiəti ilə çıxaraq öz ifasını bu tədbirdə təqdim edib. Piano arxasına keçən və bu gecənin mövzusuna uyğun seçilmiş “Beautiful that Way”/“Bu yol gözəldir” və “Over the Rainbow”/“Göy qurşağının üzərində” mahnılarını ifa edən xanım Zaru bunları dedi: “Biz həmişə gülümsəməli və sadə olmalıyıq və nəyin baş verməsindən asılı olmayaraq həyat hər zaman gözəl qalacaq.  Həqiqətən arzusunda olduğumuz hər bir xəyal gerçəkləşə bilər.” 


Bundan sonra “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkəti səhnəyə çıxaraq bədii direktor, xoreoqraf Nigar İbrahimbəylinin quruluşunda 20 dəqiqəlik “Step”/“Addım” müasir rəqs tamaşasını nümayiş etdirib. Qeyd etmək yerinə düşər ki, bu rəqs şirkətindəki 11 nəfər ifaçı 13-35 yaş arasında olsa da, arxa səhnə iştirakçılarından birinin 61 yaşı var. 

Inspiration through Art
UNICEF Azerbaijan

Qala tədbirin sonunda “Nazareno” və “DanceAbility Azərbaycan” bir araya gələrək “İmagine”/“Təsəvvür et” adlı qısa rəqs nömrəsini birgə ifa ediblər.  


UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin tədbirlə bağlı bunları qeyd edib: “Çox şadam ki, UNICEF, İtaliyanın Azərbaycandakı Səfirliyi və Heydər Əliyev Fondu “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkətindəki dostları ilə birlikdə “Nazareno” Sosial Kooperativi ilə bir araya gələrək inklüziv incəsənətin gücünü nümayiş etdiriblər - əlilliyi olan və əlilliyi olmayan şəxslər birgə çıxış edərək hər bir işin mümkün olması barədə mesajı hamıya ünvanlayıblar. Biz incəsənət, idman, istirahət, təhsil və ya iş növündən asılı olmayaraq, əlilliyi olan uşaqların əksər hallarda üzləşdikləri inklüzivliyə qarşı maneələri aradan qaldırmaq üçün daha çox iş görə bilərik və bu cür işləri görməliyik, belə ki, biz bunu edərək hər bir uşaqda müvafiq potensialı üzə çıxarırıq.” 


Öz növbəsində, İtaliyanın Azərbaycandakı səfiri, zati-alilləri Auqusto Massari bunları qeyd edib: “Mən “Nazareno” Sosial Kooperativlə tanış olduğum vaxtlarda onların hər bir əlilliyi olan şəxsdə insanlıq ləyaqətini təbliğ etmək missiyasından o qədər heyran oldum ki, məndə 1999-cu ildə bu kooperativ tərəfindən yaradılmış Fərqli Qabiliyyətlər Beynəlxalq Festivalını Azərbaycana da gətirmək istəyi yarandı. “Nazareno” Sosial Kooperativinin yaratdığı mühit istənilən insana öz istedadını aşkar və nümayiş etdirmək imkanı verir. İnsana belə bir imkan bəxş etmək o deməkdir ki, onunla eyni ehtiyacları olan digər şəxslərə də yeni imkanlar yaradılır. Bunların hamısı bir şəxsin ehtiyacına ciddi yanaşmadan irəli gəlir.” 


1981-ci ildə təsis olunmuş “Nazareno” Sosial Kooperativi əlilliyi olan şəxslər üçün müxtəlif xidmətləri, o cümlədən reabilitasiya tədbirlərini, psixi sağlamlıq dəstəyini, sosial inteqrasiya işlərini və gənclər üçün peşə təlimi kurslarını həyata keçirir. Bu kooperativ əlilliyi olan şəxslər arasında şəbəkə və əlaqələr yaratmaqla onlarda ləyaqət hissini təqdir və təşviq edir. Kooperativin xoreoqrafı İren Strakkiati İtaliyanın müasir və klassik rəqs məktəblərində çalışıb, son 3 il ərzində isə o, öz fəaliyyətini genişləndirərək zehni əlilliyi və fiziki məhdudiyyəti olan şəxslərlə də işləməyə başlayıb. 

Inspiration through Art
UNICEF Azerbaijan

“Nazareno” Sosial Kooperativinin prezidenti cənab Sergio Zini auditoriyaya müraciət edərək bunları deyib: “Uzaq ölkədə olmaq və bizimlə eyni qəlbə sahib olan insanlarla bir araya gəlmək bizdə çox xoş təəssüratlar oyatdı. Biz incəsənət və gözəlliyin bizi birləşdirdiyini başa düşürük, çünki hər ikisi sahib olduğumuz eyni qəlbin ifadəsidir. Bununla bağlı biz sizlərə belə bir fikir çatdırmaq istəyirik: hər kəsin azad və dinc həyat yaşamağa layiq olması ümidi vardır.” 

“DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkəti 2017-ci ildə Nigar Sultanova tərəfindən təsis olunub. Bir neçə ölkədə filialları olan şirkətin metodologiyası 1987-ci ildə Amerika Birləşmiş Ştatlarında Alito Alessi tərfindən hazırlanıb. 2016-cı ildə Nigar xanım Avstriyada keçirilmiş festivalda təşkil olunan müəllimlərin sertifikatıaşdırılması kurslarında iştirak edərək “DanceAbility” Şirkətinin Azərbaycandakı müstəqil filialını açıb. O, bu şirkətin dünya üzrə 700 müəllimindən biridir. 

Nigar xanım müxtəlif yaş qruplarına aid və fərqli həyat təcrübəsinə malik əlilliyi olan şəxslərin inklüzivliyi istiqamətində iş aparır. O əlilliyi olan və əlilliyi olmayan peşəkar və həvəskar rəqqaslarda özünə inamın, yaradıcı və bədii ifadənin, ünsiyyət bacarıqlarının və empatiyanın inkişaf etdirilməsi üzərində işləyir. Nigar xanımın dedikləri bundan ibarət olub: “Dünyanın digər yerlərində olduğu kimi Azərbaycanda da “DanceAbility” İnklüziv Rəqs Şirkətinin məqsədi ustad dərslər, seminarlar, müəllim hazırlığı proqramları və rəqs tamaşaları həyata keçirməklə inklüziv cəmiyyəti inkişaf etdirməkdir.”
Proqram iştirakçılarından biri - Lalə Babayeva öz fikirlərini bizimlə bu cür bölüşüb: ““DanceAbility” İnklüziv Rəqs Şirkəti bizə göstərdi ki, sən özün olmaq, özünə güvənmək və heç bir şübhə olmadan hiss etdiklərini həyata keçirmək iqtidarındasan. Bu zaman sən görəcəksən ki, tək deyilsən və səninlə əlaqə yaratmaq istəyənlərin sayı çoxdur.”

Qrupun rəhbəri Nigar Sultanova hesab edir ki, hər birimizin özünəməxsus unikal zənginliyi var və bunu üzə çıxarmaq üçün bizə sadəcə olaraq imkan lazımdır.