Getdikcə virtuallaşan dünyada gənclərin təhlükəsizliyinin qorunması.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinin rəyi

Edvard Karvardin
UNICEF Representative in Azerbaijan Edward Carwardine takes a selfie with young people at the Binagadi Youth House.
UNICEF/Aliyev/2020
10 Fevral 2020

İlk dəfə internetdən istifadə etdiyim zamanı xatırlayıram. Həmin vaxtlar mən kompüterimi telefon xəttinə qoşur, serverə qoşulmaq üçün nömrə yığır, gedib bir fincan çay süzür və ümid edirdim ki, mən qayıdana qədər veb-sayt açılmış olar.

Bu gün yaşı 30-dan aşağı olan istənilən gənc üçün bu prosesi anlamaq çətin olardı. Hətta bugünkü texnologiyalar növbəti nəsil internet istifadəçilərinə arxaik görünəcək. Növbəti nəsil internet istifadəçiləri demişkən, Birləşmiş Krallığın media üzrə tənzimləyici orqanı “Ofcom”un apardığı yeni tədqiqata görə, 10 yaşdan aşağı uşaqların 50%-i smartfona malikdir və 3-4 yaşlı uşaqların dörddə birinin öz planşet kompüteri var.

İnternetə çıxışı olan insanların sayı heç vaxt bugünkü qədər olmayıb. UNICEF-in təqribi hesablamalarına əsasən, hər yarım saniyədə bir uşaq ilk dəfə internetə daxil olur. Əlaqəlilik səviyyəsindəki bu fenomenal artım uşaqlarımızın və gənclərimizin qlobal müstəvidə bilik, mədəniyyət, yeni dostlar və ideya, fikir və duyğu mübadilələrinə çıxışı üçün heyrətamiz imkanlar yaradır.

Bu virtual, sərhədsiz dünya genişləndikcə və uşaqların bu dünyaya daxil olması və orada yaşaması asanlaşdıqca, bütün icmalar kimi, bu aləmin də özünəməxsus təhlükələri ortaya çıxır. Bu zorakılıq, istismar və bullinqin artması ilə müşayiət olunur.

2019-cu ildə “U-Report” tərəfindən UNICEF-in dəstəyilə hazırlanmış onlayn sorğu aləti vasitəsilə 30 ölkədə gənclər arasında tədqiqat aparılmış və müəyyən edilmişdir ki, hər 3 gəncdən biri kiberbullinqə məruz qalıb. Gənclərin dörddə üçə yaxını bildirib ki, bu bullinq əsasən sosial şəbəkələrdə baş verir. Hər beş gəncdən biri bildirib ki, onlar bəzən onlayn bullinqlə əlaqədar olaraq, məktəbə getməkdən imtina edib. Digər yeni tədqiqatlar göstərmişdir ki, oğlanlarla müqayisədə qızların kiberbullinqə məruz qalması ehtimalı daha yüksəkdir.

Onlayn bullinqin fəsadları kiberaləmlə məhdudlaşmır. UNICEF müəyyən edib ki, kiberbullinqin qurbanlarının spirtli içki və narkotik maddələrdən istifadə etmək və məktəbə getməmək ehtimalı digər təhsilalanlarla müqayisədə daha yüksəkdir. Onların həmçinin aşağı qiymət almaq, özünəhörmət hissinin azalması və sağlamlıq problemlərinin ortaya çıxması ehtimalı daha yüksəkdir. Kiberbullinq ekstremal hallarda intihara da gətirib çıxarıb.

Two girls working on the computer at the Mingachavir Youth House
UNICEF Azerbaijan/Pirozzi/2018

Bu gün – Təhlükəsiz İnternet Günü hamımıza gənclərimizin onlayn aləmdə üzləşdiyi riskləri qəbul etmək və həmçinin bu risklərin necə azaldıla biləcəyini göstərmək imkanı verir. Nə biz, nə də ən gənc istifadəçilər internetdən qorxmamalıdır. Biz sadəcə olaraq, interneti onların yaşaması, öyrənməsi və oynaması üçün daha təhlükəsiz bir yerə çevirmək üçün daha çox tədbir görməliyik.

İnternet təhlükəsizliyinin məktəb kurrikulumuna daxil edilməsi, məsələn, həm gəncləri özlərini onlayn şəkildə müdafiə etmək üçün maarifləndirir, həm də, müəllim və şagird arasında elə bir ünsiyyət mühiti qurmağa imkan verir ki, şagird onlayn aləmdə üzləşdiyi mənfi təcrübələr barədə inamla danışmağa həvəslənir. Valideynlər uşaqlarının onlayn vərdişlərini daha yaxşı öyrənə, onların smartfon və planşet kompüterlərdə internetdən nə qədər istifadə edəcəyinə dair qaydalar qoya və onlarla internetdən təhlükəsiz istifadə barədə danışa bilərlər. Uşaqlar özləri isə bullinq və ya istismara məruz qalan çoxsaylı gənclərin üzləşdiyi stiqma və utancı aradan qaldırmaq üçün xüsusilə onlayn zorakılıq hallarında bir-birinə dəstək göstərə bilərlər.

Uşaqlar bəzən sonradan peşman olacaqları şeylər edirlər. Bu, böyümə prosesinin, öyrənməyimizin, inkişafımızın bir hissəsidir. Bu gün uşaqlar və gənclər öz onlayn dünyalarında səhvlər edəcəkdir və onlar bunu edəndə, biz qayğı və anlayış göstərərək, onların yanında olmalıyıq. Uşaqları onlayn şəkildə istismar edən şəxslər bir çox gəncin etdiyi hansısa səhvi dilə gətirməkdən qorxduğunu bilərək bundan istifadə edirlər. Onlayn mühitdə yanlış qərar verərkən bir çox gəncin qorxduğu cəza tədbirlərindən qaynaqlanan səssizlik istismarçıların gəncləri utandırmaq və manipulyasiya etmək üçün sui-istifadə etdiyi həmin səssizlikdir.

Beləliklə, bu gün interneti uşaqlarımız üçün daha təhlükəsiz etmək üçün bir addım atmalıyıqsa, gəlin, internetin bizim üçün yaratdığı heyrətamiz imkanlar barədə onlarla danışaq, kiber-məkanda olduğunu bildiyimiz risklər barədə açıq danışaq, lakin hər şeydən önəmlisi, uşaqlarımız və gənclərə bildirək ki, real dünyada olduğu qədər, virtual dünyada da onları qorumaq üçün onların tərəfində olacağıq.