Ən yaxşı siniflər inklüziv siniflərdir

UNICEF və Təhsil Nazirliyinin birgə təşəbbüsü bütün uşaqlara öz potensiallarından hərtərəfli istifadə etməyə kömək göstərmək üçün zəruri şəraitə malik olan məktəb binalarının və sinif otaqlarının mövcud olmasını nəzərdə tutur

Sina Jones
Teacher in her classroom with a child writing.
UNICEF Azerbaijan
20 İyun 2019

Bütün dünyada əlilliyi olan uşaqlar ən marqinal və xüsusiləşmiş qruplardan birini təşkil edirlər.  Bu uşaqlar mənfi münasibət, adekvat siyasətin və qanunların olmaması səbəbindən hər gün ayrı-seçkilik halları ilə üzləşərək səhiyyə, təhsil, hətta yaşamaq hüquqlarını icra etməkdə faktiki əngəllərə məruz qalırlar. Azərbaycanda yaşı 18-dək olan təxminən 72.000 uşağın əlil olması rəsmən müəyyən edilib. Hesab olunur ki, səhiyyə xidmətlərindən istifadə imkanlarının məhdud olması və müvafiq sənədlərin əldə olunmasında çətinliklərin mövcud olması səbəbindən əlilliyi olan uşaqların böyük bir hissəsi hələ də müəyyən edilməyib.
Təxminən 25 il bundan əvvəl Azərbaycanda öz fəaliyyətinə başlayan UNICEF əlilliyi olan uşaqların dəstəklənməsi baxımından dünya lideri olaraq bu məsələyə ictimai münasibətin yaxşılaşdırılması istiqamətində böyük işlər görüb. Təhsil müəssisələri səviyyəsində Azərbaycan digər ölkələrlə müqayisədə böyük nailiyyətlər əldə edib, belə ki, şagird və tələbələrin təxminən 4%-ni əlilliyi olan uşaq və gənclər təşkil edir. Bununla belə, Təhsil Nazirliyinin aparıcı mütəxəssisi Orxan Abbasov hesab edir ki, Azərbaycan bu sahədə daha böyük nailiyyətlər əldə etmək iqtidarındadır: 

“Mən tam əminəm ki, bütün uşaqların ibtidai siniflərə qeyd-şərtsiz qəbul edilməsi və məktəb həyatına cəlb olunması onların cəmiyyətə inteqrasiyasını təmin edəcək və [əlilliyi olan uşaqların] təhsil alması ilə bağlı stereotipləri aradan qaldıracaq.”

Avropa İttifaqı təhsil sahəsində bu cür məqsədi dəstəkləmək üçün UNICEF və Təhsil Nazirliyi tərəfindən icra olunaraq müəllimlərin təlimləndirilməsini nəzərdə tutan 24-aylıq proqramı maliyyələşdirir. Bu proqram bütün şagirdlərə fayda verən tədris prosesinin müasirləşdirilməsi və təkmilləşdirilməsi sayəsində sinif otaqlarının inklüzivliyini təşviq edir.  UNICEF-in Təhsil üzrə mütəxəssisi Leyla Həsənova bildirib ki, inklüziv təhsil yalnız əlilliyi olan uşaqlar üçün nəzərdə tutulmur, bu bütün uşaqlar üçün keyfiyyətli təhsil deməkdir və burada hər bir uşaq qabiliyyətindən və ya sağlamlıq vəziyyətindən asılı olmayaraq öz potensiallarından hərtərəfli istifadə edərək təhsil almalıdır.

Təhsil üzrə beynəlxalq konsultant, professor Piter Qrayms və onun rəhbərlik etdiyi mütəxəssislər qrupu Azərbaycan müəllimlərinin inklüzivliklə bağlı təlimlərdə, demək olar ki, iştirak etmədiyini müəyyən ediblər. Professor Qrayms qeyd edib ki, inklüziv sinif otağının nə cür olduğunu təsəvvür etmək üçün müəllimlərə zəruri dəstək almalıdır və belə bir otağı yaratmaq məqsədilə tələb olunan dəyişikliklər etmək üçün onlara kömək göstərmək lazımdır. Bütün uşaqlar eyni sinif otaqlarında və məktəblərdə təhsil almaq hüququna malikdir. Əlilliyi olan uşaqlar müəllimlərin şagird yönümlü tədris yanaşmalarını tətbiq etdikləri ümumtəhsil məktəblərində oxuduqda çox böyük irəliləyişlərə nail olurlar.

Təlimlərin birinci mərhələsi fevral ayında Bakı, Şəki, Gəncə, Sumqayıt və Qubanın ali təhsil müəssisələrindən ümumilikdə 34 nəfər baş təlimçinin hazırlanması ilə başlayıb. Cənab Qrayms və onun qrupu baş təlimçilər tərəfindən öyrədiləcək inklüziv təhsil mühiti növlərinin modelləşdirilməsi ilə bağlı müfəssəl təlim sessiyaları keçirib. Bu sessiyalar zamanı sinif otağı mühitində hansı yanaşmaların işlək olduğunu müəyyən etmək məqsədilə baş təlimçilərə müvafiq kontekstlər təqdim olunub. Təhsil üzrə konsultant Trişa Merkado bildirib ki, bizim burada etdiklərimiz çox sadədir. Biz baş təlimçiləri əmin edirik ki, onlar bunu bacaracaqlar. Onlar bunun üçün tələb olunan bütün vasitələrə malikdirlər.

Öz mahiyyətinə görə bu proqram potensialların yaradılmasını nəzərdə tutur. Sözügedən 34 nəfər baş təlimçi təlim sessiyaları zamanı əldə etdikləri bacarıqlardan istifadə edərək beş universitetin 300 müəlliminə təlim keçəcək. Nəticədə həmin müəllimlər Azərbaycanın gələcək nəsil müəllimləri olmaq üçün hal-hazırda təhsil alan 1.300 tələbəyə inklüzivliyi aşılamaq məqsədilə zəruri vasitələr əldə edəcəklər.
Sinif otağı modelinin təsirini daha da artırmaq məqsədilə 2019-cu ilin fevral və may aylarında 54 müəllim üçün ixtisasartırma təlimi keçirilib. Ölkənin yeddi regionunda – Bakı, Sumqayıt, Quba, Şəki, Gəncə, Qazax və Ağcabədidə formalaşmış bu kiçiksaylı pedaqoji heyət əlavə olaraq 10.000 nəfər ibtidai sinif müəlliminə yeni sinif otağı təcrübəsi və mühiti üzrə təlim keçəcək.
Bakı və Gəncə şəhərləri ilə yanaşı ölkənin yeddi regionunda yerləşən ümumilikdə doqquz resurs mərkəzi vasitəsilə peşəkar inkişaf və davamlı təhsil üçün əlavə imkanlar yaradılacaq. Bu mərkəzlərdə zəruri resursların daha da əlçatan olması təmin ediləcək və davamlı təhsil, peşəkar inkişaf və valideynlərin maarifləndirilməsi üçün artmaqda olan imkanlar təqdim ediləcək.  
 

Cənab Abbasov bildirib ki, bizim missiyamız bütün uşaqlar üçün bərabər imkanların yaradılmasını və məktəb binalarının və sinif otaqlarının elə bir tərzdə tərtib olunmasını nəzərdə tutur ki, onlar təhsil almaq üçün öz potensiallarından hərtərəfli istifadə edə bilsinlər. Eyni zamanda, UNICEF ilə tərəfdaşlıq müəllimlərin peşə inkişafını artıracaq və xidməti vəzifələrinin icrasını asanlaşdıracaq. Bu nöqteyi-nəzərdən bizim UNICEF ilə əməkdaşlığımız müəllimlər, təhsil müəssisələri və cəmiyyət üçün çox faydalı olacaq.