Edward Carwardine
UNICEF-in Azərbaycan Respublikasındakı Nümayəndəsi

- Available in:
- English
- Azərbaycanca
Edward Carwardine 2016-cı ilin avqust ayından etibarən UNICEF-in Azərbaycandakı Nümayəndəsidir.
Böyük Britaniya vətəndaşı olan Edward UNICEF-dəki kariyerasına 1997-ci ildə icma əsaslı fandreyzinq və ictimaiyyətin cəlbinə məsul olan fandreyzer və kommunikasiya mütəxəssisi kimi Böyük Britaniyanın UNICEF üzrə Milli Komitəsinə daxil olmaqla başlamışdır. O, daha əvvəl, İngiltərənin şimal-qərbindəki həssas vəziyyətdə olan icmalara dəstək göstərən sosial rifah təşkilatı olan “Local Solutions” təşkilatının Fandreyzinq və İctimaiyyətlə Əlaqələr direktoru olmuşdur. Birləşmiş Krallığın UNICEF üzrə Milli Komitəsində fəaliyyət göstərdiyi müddətdə Edward həmçinin UNICEF-in Hindistan və Madaqaskardakı Nümayəndəlikləri ilə birgə humanitar fəaliyyət missiyasında xidmət etmişdir.
Daha sonra o, UNICEF-in Cenevrə və İsveçrə ofislərində kommunikasiya üzrə məsləhətçi vəzifəsində çalışmış, BMT Baş Assambleyasının Uşaqlara dair 2002-ci il tarixli Xüsusi İclasına dəstək göstərən təşəbbüslərə rəhbərlik etmiş və təşkilatın qlobal Humanitar Fəaliyyət Hesabatının redaktə və nəşrinə nəzarəti həyata keçirmişdir. O, daha sonra 2002-ci ilin əvvəllərində UNICEF-in Əfqanıstandakı Nümayəndəliyində çalışmağa başlamış və 2004-cü ildə UNICEF-in Kabul şəhərindəki Kommunikasiya məsələləri üzrə direktoru olmuşdur.
Edward 2006-cı ildə Hərtərəfli Sülh Müqaviləsinin imzalanmasının ardınca UNICEF-in kommunikasiya qrupuna rəhbərlik etmək üçün Sudana getmişdir. Bundan sonra isə 2009-cu ildə UNICEF-in İndoneziyadakı Nümayəndəliyində Kommunikasiya, tərəfdaşlıq və resursların səfərbər edilməsi üzrə direktor vəzifəsində çalışmağa başlamışdır. Həmin vəzifədə çalışdığı dövrdə o, uşaq hüquqlarının dəstəklənməsi məqsədilə milli və regional dövlət orqanları, həmçinin özəl sektor ilə birgə bir sıra tərəfdaşlıq təşəbbüsünə rəhbərlik etmişdir. İndoneziyada fəaliyyət göstərdiyi dövrdə o həmçinin 2010-cu il zəlzələsinin ardınca UNICEF-in Haitidəki Nümayəndəliyinə müvəqqəti kommunikasiya dəstəyi göstərmişdir.
2012-ci ildə o, UNICEF-in ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən ofisində Kommunikasiya direktorunun müavini vəzifəsinə təyin edilmiş, bu vəzifədə çalışdığı dövrdə yeni qlobal kommunikasiya və ictimai təbliğat strategiyası hazırlanmasında və həyata keçirilməsində aparıcı rollardan birini oynamış, UNICEF-in İcraçı direktorunun kommunikasiya və ictimaiyyətin iştirakı (xüsusilə, əsas humanitar böhranlar, o cümlədən Suriyadakı münaqişə ilə bağlı) məsələləri üzrə məsləhətçisi olmuşdur.