Şərqi və Mərkəzi Avropadakı, habelə Orta Asiyadakı əlilliyi olan uşaqların 75 faizi keyfiyyətli inklüziv təhsildən kənarda qalır - UNICEF

Yardımçı texnologiyalara daha yaxşı çıxış imkanının təmin edilməsi məktəbə qəbul edilən əlilliyi olan uşaqların sayını əhəmiyyətli dərəcədə artıra bilər.

07 Mart 2019
Children draw together at one of the pilot inclusive schools in Baku.
UNICEF Azerbaijan/Pirozzi/2018

BAKI, 7 mart 2019-cu il -  UNICEF nümayəndəsinin bu gün dediyinə görə Şərqi və Mərkəzi Avropada, habelə Orta Asiyada yaşadığı müəyyən edilən 5.1 milyon əlilliyi olan uşağın 75 faizi keyfiyyətli inklüziv təhsildən kənarda qalır.    

Rəsmi statistikaya görə Azərbaycanda əlilliyi olan təxminən 72 000 uşaq qeydiyyatda olsa da, onların cəmi dörddə bir hissəsi bu və ya digər formada təhsil ala bilir. 

UNICEF-in Azərbaycandakı Nümayəndəliyi, Təhsil Nazirliyi və Avropa İttıfaqı ilə əməkdaşlıq şəraitində İnklüziv təhsilin inkişafı üzrə dövlət proqramı çərçivəsində Azərbaycanda hər bir uşağın keyfiyyətli təhsil almaq imkanının artırılması istiqamətində fəaliyyət göstərir. Həmin dövlət proqramında əsas diqqət standart məktəb siniflərində əlilliyi olan uşaqlara yüksək keyfiyyətli inklüziv təhsil verə bilmələri üçün müəllimlərə zəruri bacarıqların aşılanmasına, yeddi inzibati ərazi vahidində (Bakı, Sumqayıt, Gəncə, Quba, Şəki, Ağcabədi və Qazax) inklüziv təhsil resursrlarının, dəstək mərkəzlərinin yaradılması yolu ilə ictimaiyyətin məlumatlılığının artırılmasına və əlilliyi olan uşaqların sosial inklüziyasının təmin olunmasında iştirakına yönəldilir.  

Bu gün dəqiq və etibarlı informasiyanın əksik olmasına baxmayaraq əldə olan faktlar göstərir ki, əlilliyi olan milyonlarla uşaq həqiqətən də məktəbə qəbul edilmək imkanından ömürlük məhrum olur.  Məktəbə qəbul olunanların isə təhsil prosesindən faydalanması, ibtidai və ya orta təhsili tamamlaması ehtimalı digər uşaqlarla müqayisədə aşağıdır. Regionda yüz minlərlə əlilliyi olan uşaq öz həmyaşıdlarından və icmalarından təcrid olunduqları "xüsusi" məktəblərə yerləşdirilir.    

UNICEF-in Avropa və Orta Asiya üzrə regional direktoru Əfşan Xan deyir: "Bu, həmin uşaqlar, onların ailələri, vətəndaşı olduqları ölkələrin iqtisadiyyatı üçün faciədir, çünki onların potensialı hədər gedir. Bu gün UNICEF əlaqədar tərəfləri yardımçı texnologiyaların əlçatanlığını və ucuzlaşdırılmasını təmin etməyə yönələn investisiyaların reallaşdırılmasına çağırır, çünki bu məhsullar əlilliyi olan uşaqların təhsil almaq kimi fundamental hüquqlarını reallaşdırmağa müvəffəq olan uşaqların sayını əhəmiyyətli dərəcədə artırmaq potensialına malikdir."  

Xüsusi oxu vasitələrindən və planşetlərdən yüngül və ucuz əlil arabalarına, beyin-kompüter interfeysi sistemlərinə qədər müxtəlif texnoloji vasitələrdən ibarət yardımçı texnologiyalar əlilliyi olan uşaqların daha müstəqil olmasına, məktəbə davam etməsinə və öz icmalarının həyatında iştirakına imkan yaradır.  

Bu gün Cenevrədə, Millətlər sarayında açılan xüsusi təyinatlı iki günlük sərgidə məhz belə texnologiyalar nümayiş etdirilir. Sərgidə əlilliyi olan uşaqların məktəbdə təhsil almasına köməkçi ola biləcək innovativ yardımçı texnologiyalarla tanış olmaq mümkündür.  

Əlilliyi olan bir uşağın yardımçı texnologiyalardan istifadə etmək imkanı ilə təmin olunması onlar üçün cəmiyyətdən kənar qalmış və təcrid olunmuş insan kimi yaşamaq əvəzinə təhsil almaq və öz potensiallarını tam reallaşdırmaq  imkanı deməkdir. - deyə sərginin açılışında çıxış edən Xan sözlərinə davam edir.   

Yardımçı texnologiyalardan və məhsullardan istifadə edə bilən uşaqların dəqiq sayı məlum olmasa da aşağı gəlirli ölkələrdə bu rəqəmin 5 - 15% arasında dəyişdiyi güman edilir. Uşaqların yardımçı texnologiyalara çıxışını əngəlləyən amillərə misal olaraq onların belə texnologiyaların mövcudluğundan bixəbər olmasını, istehsal və texniki xidmət imkanlarının zəif olmasını, texnologiyalardan lazımi qaydada istifadə etmək və texniki xidmət üzrə təlim almış işçilərin çatışmazlığını, müvafiq tənzimləmə və idarəetmə mexanizmlərinin olmamasını, habelə maliyyətin yüksək olmasını göstərmək olar.  

Əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyada üzv ölkələrin hökumətlərindən ehtiyacı olan bütün insanları əlçatan və ucuz yardımçı texnologiyalarla təmin etmələri təkidlə tələb olunur.  Əlilliyi olan uşaqların yardımçı texnologiyalara və məhsullara çıxış imkanı ilə təmin olunmasına yardım etmək məqsədi ilə UNICEF hökumət, özəl sektor və digər maraqlı tərəflərə ünvanlanmış növbəti mühüm tövsiyələrlə çıxış edir:  

  • Yardımçı texnologiyaların uşaqlara necə yardım edə biləcəyini daha yaxşı dərk etmək, eləcə də hal-hazırda belə texnologiyaların hansı növlərinin əlçatan olduğunu müəyyən etmək üçün əlavə tədqiqatların aparılması.  
  • Bütün uşaqların yardımçı texnologiyalara çıxışını təmin etmək üçün müvafiq qanunların və siyasət sənədlərinin qəbul edilməsi.  
  • Yardımçı texnologiyaların ucuzlaşdırılması və bütün uşaqlar, xüsusilə də ən zəif uşaqlar üçün əlçatan edilməsi məqsədi ilə müvafiq maliyyələşdirmənin aparılması və subsidiyaların ayrılması.  
  • Yardımçı texnologiyaların təchizatını, keyfiyyətini və onlara servis xidmətinin göstərilməsini təmin edən sistemlərin aradılması.  
  • İşçilərə texnologiyaların istifadəsi, yenilənməsi, təmiri, habelə onlara texniki xidmət göstərilməsi ilə əlaqədar təlim verilməsi.  
  • Əlilliyi olan uşaqlar və onların ailələrinin müvafiq siyasət sənədlərinin işlənib hazırlanmasında, eləcə də yardımçı texnologiyalar və məhsullarla bağlı xidmətlərin layihələndirilməsində iştirakı.  

Əlilliyi olan uşaqların məktəbdə təhsil almasına kömək məqsədini güdən və interaktiv sərgidə nümayiş etdirilən innovativ yardımçı texnologiyaların tam siyahısını buradan əldə edə bilərsiniz.

Media kontaktlar

Ayna Mollazadə
İctimaiyyətlə Əlaqələr və tərəfdaşlıq məsələləri üzrə mütəxəssis
UNICEF Azərbaycan
Melanie Sharpe
UNICEF-in Avropa və Orta Asiya üzrə nümayəndəliiyi (Cenevrə)
UNICEF
Telefon: +41 79834 7401

UNICEF haqqında

UNICEF həyata keçirdiyi bütün fəaliyyətlərdə uşaqların hüquqlarını və rifahını dəstəkləyir. Biz ən həssas və təcrid olunmuş vəziyyətdə olan uşaqlarla əlaqə yaratmaq üçün xüsusi səy göstərməklə, dünyanın istənilən yerindəki uşaqların maraqları naminə tərəfdaşlarımızla birgə 190 ölkədə və bölgədə bu öhdəliyi praktik olaraq həyata keçirmək üçün fəaliyyət göstəririk.   

UNICEF və onun Azərbaycandakı fəaliyyəti haqqında ətraflı məlumat üçün bu veb səhifəsini ziyarət edə bilərsiniz: www.unicef.org/azerbaijan

UNICEF-i Facebook şəbəkələrində izləyə bilərsiniz.