Yeni “STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsi Azərbaycan məktəblilərini yaşıl texnologiyalar barədə maarifləndirəcək

17 İyul 2024
green skills 1
UNICEF

UNICEF, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda məktəbli uşaqlar arasında yaşıl bacarıqların inkişafına və innovasiyaların təşviqinə yönələn yeni layihə həyata keçirməyə başlayıb. 2024-cü ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a yaxınlaşdığımız bir vaxtda, bu təhsil layihəsi azərbaycanlı uşaqların və yeniyetmələrin STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) təhsili vasitəsilə vacib yaşıl bacarıqlarınıinkişaf edəcək.

“STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsi çərçivəsində əsas diqqət uşaq və yeniyetmələr , o cümlədən  həm oğlanlar, həm də qızlar arasında iqlim dəyişmələri barədə biliklərin artırılmasına və eko-texnoloji bacarıqların formalaşdırılmasına yetiriləcək. STEAM təhsilini və XXI əsr bacarıqlarını özündə birləşdirən layihənin məqsədi məktəblilərin yaşıl iqtisadiyyata və iqlimlə əlaqəli çağırışların həllinə fəal şəkildə cəlb olunmaları üçün səlahiyyət və imkanlarını artırmaqdır.

Şagirdlər yaşıl texnologiyalar və bərpa olunan enerji imkanları barədə biliklərini dərinləşdirməklə bu çağırışlar üçün innovativ həll yolları yaratmağa təşviq ediləcək.

2024-cü ilin noyabrına qədər davam edəcək layihə Azərbaycanın müxtəlif bölgələrində 12-16 yaşlı 250 nəfər gənc iqlim innovatorunu müəyyən edəcək və onlara dəstək göstərəcək.  Seçilmiş iştirakçılar Ağdaş, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Şirvan, Şəmkir və Zaqatala rayonlarındakı STEAM Mərkəzlərində ixtisaslı təlimçilər, iqlim ekspertləri və mütəxəssisləri tərəfindən keçiriləcək 3 aylıq təlim və mentorluq proqramlarından faydalanacaq.

Proqram başa çatdıqdan sonra, iştirak edən məktəblilər arasında müsabiqələr təşkil olunacaq və ən yaxşı nəticə göstərən iştirakçılar 2024-cü ilin oktyabr ayında keçiriləcək Beynəlxalq SAF Azərbaycan Festivalına dəvət olunacaq.

Məktəblilərdən əlavə, layihə tərəfindən pedaqoqlar üçün yaşıl bacarıqlara dair kompleks təlim proqramı hazırlanmışdır. Bu təlim proqramına enerji və ətraf mühit texnologiyaları, habelə alternativ və bərpa olunan enerjiyə dair modullar daxildir. Yüksək keyfiyyətli tədrisin həyata keçirilməsində pedaqoqlara dəstək məqsədilə, bu təlim modullarına uyğun tədris vəsaitləri hazırlanacaq.

“STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsi COP29 çərçivəsində iqlim tədbirləri üzrə milli məqsədlərə uyğun olaraq, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu və STEAM layihəsi ilə yaxından əməkdaşlıq şəraitində STEAM Azərbaycan və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra olunur.

Media contacts

UNICEF Azerbaijan

UNICEF haqqında

UNICEF dünyadakı ən həssas vəziyyətdə olan uşaqları əhatə etmək üçün dünyanın bəzi ən çətin ərazilərində fəaliyyət göstərir. Biz 190 ölkə və ərazidə fəaliyyət göstərərək, hər kəs üçün daha yaxşı gələcək naminə, hər bir yerdə hər bir uşaq üçün çalışırıq.

UNICEF və onun fəaliyyəti barədə daha ətraflı məlumat üçün: www.unicef.org

UNICEF-i TwitterFacebookInstagram və YouTube sosial şəbəkələrində izləyin.