“Regional İqlim Həftələri” təşəbbüsü Azərbaycanda gənclərin iqlim tədbirlərində iştirakını gücləndirir

Gənc İqlim Elçilərinin COP29 ərəfəsində həyata keçirməyə başladığı bu yeni maarifləndirmə layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarından olan gənclər cəlb ediləcək və onların iqlimlə bağlı bilikləri artacaq

10 İyun 2024
climate weeks
UNICEF/2024

LƏNKƏRAN, Azərbaycan, 10 iyun 2024-cü il.  Bu gün Azərbaycanda gənclər arasında iqlim savadlılığı və tədbirlərini gücləndirmək məqsədilə Lənkəranda “Regional İqlim Həftələri” adlı regional təşəbbüsün icrasına start verilib.  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən bu birgə proqram ölkənin COP29-a hazırlaşdığı ərəfədə gəncləri iqlimlə bağlı mühüm məsələlər barədə maarifləndirmək və onları bu istiqamətdə müxtəlif fəaliyyətlərə cəlb etmək məqsədini daşıyır.

Gənc İqlim Elçiləri tərəfindən icra olunan "İqlim Həftələri” layihəsi iqlim məsələləri barədə məlumatlılığın artırılmasına və iqlim tədbirlərində fəal və faydalı iştirakın dəstəklənməsinə istiqamətlənir. Lənkəran şəhərindən başlayan layihə çərçivəsində ölkənin 10 rayonu əhatə edilərək, yerli icmalarda yeniyetmələr və gənclər üçün iqlim dəyişmələri və ətraf mühitin mühafizəsi barədə məlumatlandırma sessiyaları təşkil ediləcək.

Gənc İqlim Elçiləri ölkənin müxtəlif yerlərinə səyahət edərək, yerli gənclərlə interaktiv müzakirələr və məsləhətləşmələr təşkil edəcək, onları dinləyəcək və iqlim tədbirlərində iştirak etməyə həvəsləndirəcəklər. Sessiyalar yeniyetmələri və gəncləri öz ətraf mühitlərini öyrənmək, ona qayğı göstərmək və qorumaq üçün biliklər, səriştələr və imkanlarla təmin edəcək. Qrup şəklində məşğələlər və məsləhətləşmələr vasitəsilə, gənc iştirakçılar həm də iqlim dəyişmələri ilə mübarizə üçün praktiki addımlar barədə biliklər əldə edəcək.

“İqlim dəyişmələrinə görə ən az məsuliyyəti uşaqlar və gənclər daşısa da, bundan ən çox təsirlənən məhz onlardır. Onlar bizim planeti miras alacaqlar və bizim vəzifəmiz onları həll yolları tapmaq üçün bilik və alətlərlə təchiz etməkdir”, - deyə UNICEF-in Azərbaycandakı Nümayəndəsi Dr. Saca Faruq Abdulla vurğulayıb. O, gənclərin onların gələcəyinə təsir edən iqlimlə bağlı təşəbbüslərdə fəal iştirakını dəstəkləməyin vacibliyinə diqqət çəkib.

“İqlim Həftələri” layihəsinin rəsmi açılış tədbirində iştirak edən gənclər və idman naziri cənab Fərid Qayıbov qlobal iqlim dəyişmələri ilə mübarizənin zəruriliyini və bu istiqamətdə həyata keçirilən tədbirlərdə gənclərin xüsusi rolunu vurğulayıb. O, iqlim dəyişmələrinin təsirlərinin azaldılması istiqamətində atılan addımlarda gənclərin iştirakının zəruriliyini xüsusilə qeyd edib.

Tədbir zamanı Gənc İqlim Elçiləri tərəfindən iqlimlə bağlı əsas anlayışlar təqdim olunub və iştirakçıların bu sahədə bilik və təcrübələrinə dair müzakirələr aparılıb. Keçirilmiş sessiyalarda gənclər iqlim dəyişmələrinin qarşısını almaq üçün praktiki həll yolları, o cümlədən gündəlik həyatda atıla biləcək addımlar təklif etməyə dəvət olunub.

Lənkəran Olimpiya Mərkəzində keçirilmiş rəsmi açılış mərasiminin ardınca ağacəkmə aksiyası keçirilib. Rəsmi qonaqlar gənc iqlim elçiləri və yerli gənclərlə birgə aksiyada fəal iştirak edib. Bu simvolik addım gənclərin iqlim dəyişmələrinin qarşısının alınmasına töhfəsini təşviq etmək məqsədi daşıyıb.

Media contacts

UNICEF Azerbaijan

UNICEF haqqında

UNICEF dünyadakı ən həssas vəziyyətdə olan uşaqları əhatə etmək üçün dünyanın bəzi ən çətin ərazilərində fəaliyyət göstərir. Biz 190 ölkə və ərazidə fəaliyyət göstərərək, hər kəs üçün daha yaxşı gələcək naminə, hər bir yerdə hər bir uşaq üçün çalışırıq.

UNICEF və onun fəaliyyəti barədə daha ətraflı məlumat üçün: www.unicef.org

UNICEF-i TwitterFacebookInstagram və YouTube sosial şəbəkələrində izləyin.