Partlayıcı hərbi sursat və minalar: Təhsil Nazirliyi, Avropa İttifaqı, ANAMA və UNICEF uşaqları və ailələri qorumaq üçün proqrama başlayır

Azərbaycanın münaqişə təsirinə məruz qalmış bölgələrində ailələr və uşaqlar mina və partlamamış hərbi sursatlar təhlükəsi ilə bağlı insan həyatını xilas edəcək dəstəkdən faydalanacaqlar.

15 Oktyabr 2021

Bakı, 2021-ci il, 15 oktyabr - bu gün UNICEF, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) sahəsində tərəfdaşlığı 2022-ci ilə qədər genişləndirmək məqsədilə Birgə Fəaliyyət Planı imzalamışdır.

UNICEF, Avropa İttifaqının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatlarının maliyyə dəstəyi ilə, ANAMA və Təhsil Nazirliyi ilə tərəfdaşlıq şəraitində, Azərbaycan Respublikasının Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan və Azərbaycan arasında baş vermiş münaqişədən zərər çəkmiş uşaqlar və ailələri icmaların cəlb olunması, dərsdənkənar tədris, məlumatlandırma və bilik və bacarıqların artırılması fəaliyyətləri vasitəsilə dəstəkləmək məqsədilə Birgə Fəaliyyət Planının tanıtımını keçirmişdir.

Müharibənin partlayıcı qalıqları və minalar münaqişənin təsirinə məruz qalmış bölgələrdə yaşayan icmalar üçün ən böyük təhlükələrdən biri olaraq qalmaqdadır. Proqramdan təxminən 20.000 uşaq daxil olmaqla 100.000 insanın faydalanacağı gözlənilir. Avropa İttifaqının təqdim etdiyi humanitar maliyyə yardımı sayəsində bu proqram uşaqlar, ailələr və icmaların maarifləndirilməsinə töhvə verəcəkdir – proqram çərçivəsində partlayıcı sursatların təhlükəsinə dair müxtəlif maarifləndirici tədbirlərin, o cümlədən ehtiyacların qiymətləndirilməsi, məlumatlandırıcı materialların hazırlanması, potensialın artırılması, eləcə də icma və məktəb əsaslı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Media kontaktlar

Ayna Mollazadə
İctimaiyyətlə Əlaqələr və tərəfdaşlıq məsələləri üzrə mütəxəssis
UNICEF Azərbaycan

UNICEF haqqında

UNICEF dünyada ən həssas durumda olan uşaqlara kömək etmək məqsədilə dünyanın bir sıra ən çətin yerlərində fəaliyyət göstərir. 190 ölkə və ərazidə hər kəs üçün daha yaxşı bir dünya qurmaq üçün hər yerdə hər bir uşaq üçün çalışırıq.