Gələcəyə sərmayə

Tərəfdaşlar Azərbaycanda Erkən Uşaqlıq Dövründə İnkişafa təkan verməyin yollarını müzakirə edir

01 İyul 2022

BAKI, 1 iyul 2022 – Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Sosial Xidmətlər Agentliyini təmsil edən hökumət rəsmiləri, eləcə də yerli ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri UNİCEF-in beynəlxalq eksperti tərəfindən hazırlanmış erkən uşaqlıq dövründə inkişafın yol xəritəsi ilə tanış olmaq və müzakirə etmək məqsədilə bu gün bir araya gəliblər.

Seminarda təqdim olunan erkən uşaqlıq dövründə inkişafın kompleks yol xəritəsi daha güclü koordinasiya mexanizmləri vasitəsilə erkən uşaqlıq dövrü müdaxilələrinin genişləndirilməsində müxtəlif sektorların rolunu vurğulayan hərtərəfli strategiya təklif edir.

Erkən uşaqlıq dövrü inkişafı uşaqların sağlam inkişafı və böyüməsində mühüm rol oynayan və bir çox sektorların kəsişdiyi bir sahədir. UNICEF-in Azərbaycan Nümayəndəliyi Avropa İttifaqının tərəfdaşlığı və maliyyə dəstəyi ilə “Ən həssas uşaqlar üçün inteqrasiya olunmuş sosial xidmətlər” adlı pilot proqramı vasitəsilə ölkənin uzunmüddətli insan kapitalının inkişafına dəstək məqsədilə erkən uşaqlıq dövründə inkişaf fəaliyyətlərinə 2018-ci ildə start verib.

“Biz Azərbaycan hökumətinin, eləcə də milli və beynəlxalq tərəfdaşların uşaq həyatının erkən və mühüm illərini dəstəkləmək üçün göstərdikləri səyləri alqışlayırıq”, - deyə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens bildirib. “Biz hesab edirik ki, Azərbaycanın EUDİ üzrə müstəqil sektoral fəaliyyətdən səmərəli sektorlararası koordinasiyaya və uzunmüddətli perspektivdə uşaqlara, onların ailələrinə və icmalara fayda verəcək kompleks tədbirlər paketinin hazırlanmasına doğru keçid etməsinin vaxtı çatıb."

Heydər Əliyev Fondu, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən və Avropa İttifaqının maliyyə dəstəyi ilə iyun ayında təşkil olunmuş EUDİ mövzusunda Beynəlxalq Konfrans uşaq həyatının bu erkən və mühüm dövrü üçün müvafiq dövlət siyasətinin gücləndirilməsi və maliyyə öhdəliklərinin artırılmasına çağırış edib. Konfrans EUDİ-nin milli səviyyədə tətbiqini, gələcək fəaliyyətlərin yol xəritəsinin işlənib hazırlanmasını və müxtəlif dövlət sektorları arasında fəaliyyəti dəstəkləyəcək işçi qrupunun yaradılmasına çağırış edən Birgə Bəyannamənin qəbulu ilə nəticələndi.

Media kontaktlar

Ayna Mollazadə
İctimaiyyətlə Əlaqələr və tərəfdaşlıq məsələləri üzrə mütəxəssis
UNICEF Azərbaycan

UNICEF haqqında

UNICEF dünyanın ən əlverişsiz məkanlarında ən talesiz uşaqlar üçün fəaliyyət göstərir. 190-dan çox ölkə və ərazidə biz hər bir uşaq üçün, hər yerdə, hamı üçün daha yaxşı bir dünya naminə çalışırıq..

UNICEF-i InstagramFacebook-da izləyin