“Fövqaladə hallarda uşaq müdafiəsi layihəsi” uğurla davam edir

2000 uşağa psixoloji yardım göstərilib

15 Mart 2021
A psychologist places post-it cards on the floor of a classroom as part of the psychosocial support activities.
UNICEF Azerbaijan/2021/Aliyev

“Fövqaladə hallarda uşaq müdafiəsi layihəsi” çərçivəsində müharibədən zərərçəkmiş ərazilərdə yaşayan uşaqlara ASAN könüllüləri tərəfindən əlavə dəstək fəaliyyətlərinin icrasına başlanılıb. Bu fəaliyyətlər BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin fövqəladə hallarda uşaqlar üçün  nəzərdə tutulmuş oyun proqramı və müvafiq oyuncaq dəstləri əsasında peşəkar psixoloqların müşayiəti ilə uşaqların asudə vaxtının səmərəli keçirməsi məqsədi ilə təşkil edilir.

“ASAN Könüllüləri” Təşkilatı və UNICEF-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı, tərəfdaşlarının dəstəyi ilə müharibədən zərərçəkmiş ərazilərdə yaşayan psixi sağlamlıqlarına risk yaranmış uşaqlara psixo-sosial dəstək işinin gücləndirilməsi məqsədi ilə icra edilən “Fövqaladə hallarda uşaq müdafiəsi layihəsi” çərçivəsində 2000-dən çox uşağa psixoloji yardım göstərilib.

Silahlı münaqişə zamanı narahatlıq və qorxu keçirən uşaqlara psixoloji və psixososial dəstəyin göstərilməsi üzrə xüsusi əhəmiyyət daşıyan bu layihə üzrə Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarının ən çox zərərçəkmiş ərazilərində yaşayan ailələrin, o cümlədən şəhid hərbçilərin və həlak olan mülki şəxslərin ailələrin övladlarında travmatik və ya stresli hadisə yaşamasından sonra müşahidə olunan simptomların kəskinliyinin qiymətləndirilməsi və psixososial reabilitasiya işinə 2020-ci ilin noyabr ayından başlanılıb.

Qeyd edək ki, təşkilatçılar tərəfindən bu layihəyə cəlb olunmuş peşəkar psixoloq və sosial işçilər üçün beynəlxalq təcrübənin tədris olunması məqsədilə xüsusi proqram, o cümlədən travma sonrası psixoloji vəziyyətin müəyyənləşdirilməsi, kədər, itki, hüzünlə bağlı uşaqlarda güclü reaksiyanın riskləri ilə bağlı təlimatlar üzrə metodiki kurslar təşkil olunmuşdur.

Bu günə kimi layihə çərçivəsində qeyd olunan ərazilərində yaşayan 1200-dən çox ailəyə səfərlər təşkil edilmiş və 2000-dən çox uşağa ilkin psixoloji yardım işi təşkil olunmuşdur. Qeyd edək ki, ilkin psixoloji yardım göstərilmiş uşaqların 40 faizinə  ehtiyacı üzrə əlavə psixoloji müdaxilə işləri  həyata keçirilir və bu fəaliyyətlərin 2021-ci ilin aprel ayınadək davam etdirilməsi nəzərdə tutulmuşdur.

Media kontaktlar

Ayna Mollazadə
İctimaiyyətlə Əlaqələr və tərəfdaşlıq məsələləri üzrə mütəxəssis
UNICEF Azərbaycan

UNICEF haqqında

UNICEF ən əlverişsiz şəraitdə yaşayan uşaqlara çatmaq üçün dünyanın ən çətin yerlərində işləyir. Biz 190-dan çox ölkə və ərazilərdə hər bir uşaq, hər yerdə, hər kəs üçün daha yaxşı bir dünya qurmaq məqsədilə çalışırıq,.

Facebook və Instagram səhifələrimizi izləyin.