Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) mövzusunda beynəlxalq konfrans: həyatın başlanğıcını dəstəkləmək üçün tərəfdaşların göstərdikləri birgə səy
Tədbirdə qəbul edilmiş bəyannamə uşaq inkişafının bütün aspektlərinin həlli istiqamətində ölkənin üzərinə götürdüyü aydın öhdəliklərdən xəbər verir.
- Available in:
- English
- Azərbaycanca
BAKI, 1 iyun 2022 - Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) mövzusunda iyunun 1-də Heydər Əliyev Mərkəzində keçirilən “Milli EUDİ Strategiyası: mövcud təcrübə və gələcəyə baxış” mövzusunda beynəlxalq konfransa toplaşan 200 hökumət rəsmiləri, yerli və beynəlxalq ekspertlər və EUDİ inkişaf üzrə mütəxəssislər uşaq həyatının bu erkən və mühüm dövrü üçün müvafiq dövlət siyasətinin gücləndirilməsi və maliyyə öhdəliklərinin artırılmasına çağırış edib.
Azərbaycanda uşaqlarının hərtərəfli inkişafı ilə bağlı EUDİ xidmətlərinin gücləndirilməsi və onların yeni inkişaf mərhələsinə keçirilməsi üçün ictimai müzakirələr aparmaq, sektorlararası koordinasiyanı təmin etmək, aidiyyəti qurumlar tərəfindən bu istiqamətdə birgə icra olunacaq tədbirləri müəyyən etmək məqsədilə keçirilən konfrans Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Konfransda çıxış edən UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens bildirib ki, “Ye, oyna, sev’ adlandırdığımız yaxşı qidalanma, erkən stimulyasiya və himayə həyatda yalnız bir dəfə baş verən sürətli təkamül dövrünə qədəm qoyan körpə beyninin inkişafı üçün çox vacibdir. Erkən uşaqlıq dövrü inkişafı hökumətlərin və bizneslərin sərmayə qoya biləcəkləri ən yaxşı sahələrdəndir. Belə sərmayə qoyuluşu əlverişlidir, yetkinlik dövründə fərdi gəlirlərin 25 faizə qədər artmasına səbəb ola bilər və 13 faiz investisiya gəlirinin əldə edilməsi ilə nəticələnər. Bu, birdəfəlik fəaliyyət deyil, uşaqlar, onların ailələri, icmalar və ölkələrin faydalandığı müfəssəl fəaliyyətlər paketidir”.
“Ye, oyna, sev’ adlandırdığımız yaxşı qidalanma, erkən stimulyasiya və himayə həyatda yalnız bir dəfə baş verən sürətli təkamül dövrünə qədəm qoyan körpə beyninin inkişafı üçün çox vacibdir." - Aleks Haykens, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri
Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov çıxışında bildirib ki, uşaqların bioloji və psixi sağlamlığı, erkən yaşlardan intellektual, fiziki və əqli inkişafı, emosional dözümlülüyü və sosial rifahı onların şəxsiyyət kimi formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Bu mənada, erkən yaş dövründə uşaqlara düzgün qayğı və diqqət göstərilməsi çox vacibdir. Hazırlanacaq Milli EUDİ strategiyası aidiyyəti təşkilatların bu istiqamətdə səylərini birləşdirəcək vahid platforma və daha təsirli vasitə kimi çıxış edəcəkdir.
“Keçən il Avropa İttifaqı bütün uşaqların hüquqlarının müdafiəsini və həssas uşaqlar üçün əsas xidmətlərə çıxışı təmin etmək üçün Uşaq Hüquqları üzrə iddialı Strategiyanı təsdiqlədi. Bu strategiya Aİ-ni qlobal miqyasda uşaqları dəstəkləmək, qorumaq və gücləndirmək üçün məcbur edən qlobal ölçüləri ehtiva edir. Azərbaycanda Avropa İttifaqı hökumət, vətəndaş cəmiyyəti təşkilatları və UNICEF kimi strateji tərəfdaşlarla birlikdə erkən uşaqlıq dövründən etibarən həssas uşaqlara dəstək olmaqdan məmnundur”, - deyə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mişalko bildirib.
Konfransda çıxış edən Təhsil nazirinin müavini Muxtar Məmmədov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Səhiyyə nazirinin müavini İlqar Qasımov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi, EUDİ layihəsinin mütəxəssisi Fərid Süleymanov Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında erkən uşaqlıq dövründə inkişafın dövlətin prioritet istiqamətlərdən biri kimi müəyyən olunduğu, əhatəli EUDİ strategiyasının hazırlanması və icrasında sektorlararası əməkdaşlığın və səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.
"Hazırlanacaq Milli EUDİ strategiyası aidiyyəti təşkilatların bu istiqamətdə səylərini birləşdirəcək vahid platforma və daha təsirli vasitə kimi çıxış edəcəkdir." - Soltan Məmmədov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri
Konfransa onlayn qoşulan EUDİ üzrə beynəlxalq ekspertlər, UNICEF-in EUDİ üzrə assosiativ direktoru Erinna Dia, EUDİ üzrə baş məsləhətçisi Chemba Raghavan, Kral Uşaq Xəstəxanasının İcma Uşaq Sağlamlığı Mərkəzinin direktoru prof. Frank Oberklaid erkən uşaqlıq dövründə inkişaf, erkən müdaxilə, azyaşlı uşaqların inkişafı üçün mühitin uyğunlaşdırılması, EUDİ siyasətinin formalaşdırılması üçün sektorlararası əməkdaşlığın vacibliyi, ehtiyaclar və həyata keçiriləcək fəaliyyətlər barədə fikirlərini bölüşüblər.
Müxtəlif panel iclaslarında işini davam etdirən konfransda mütəxəssislər tərəfindən uşaqlar və hamilə qadınlar üçün patronaj xidmətinin əhəmiyyəti, inteqrasiya edilmiş sosial xidmətlər modeli, EUDİ üzrə nümunəvi beynəlxalq təcrübələr, EUDİ-də əlillik və inklüziya, məktəbəqədər təhsilin hazırkı vəziyyəti və perspektivlər, sosial xidmətlərin əhəmiyyəti, uşaq hüquqlarının müdafiəsi, icma təşəbbüsləri, valideynlik səriştələri və digər mövzularda səmərəli təkliflər səsləndirilib.
Konfransın sonunda EUDİ-nin milli səviyyədə həyata keçirilməsinə, gələcək fəaliyyətlərin yol xəritəsinin işlənib hazırlanmasına və hökumətin müxtəlif sektorlarında bu fəaliyyəti təbliğ edəcək işçi qrupunun yaradılmasına çağırış edən birgə Bəyannamə qəbul edilib.
Konfransın təşkili Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə UNICEF tərəfindən həyata keçirilən “Azərbaycanda həssas qruplara daxil olan uşaqlar üçün İnteqrasiya olunmuş icma əsaslı sosial sidmətlər” üzrə üçillik proqramın yekunlarına təsadüf edib. Proqramın əsas sütunlarından biri icma əsaslı EUDİ xidmətləri (sağlamlıq və qidalanma, erkən təhsil və himayə, icmanın iştirakı və valideynliyə dair maarifləndirmə) vasitəsilə Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) təşəbbüsünün təşviqi və pilot olaraq tətbiqini nəzərdə tutur. Proqram çərçivəsində minlərlə uşaq icma əsaslı erkən təhsil xidmətlərindən, sosial xidmətlərdən və patronaj tibb bacılarının ev ziyarətlərindən faydalanıb.
Media contacts
UNICEF haqqında
UNICEF dünyada ən həssas durumda olan uşaqlara kömək etmək məqsədilə dünyanın bir sıra ən çətin yerlərində fəaliyyət göstərir. 190 ölkə və ərazidə hər kəs üçün daha yaxşı bir dünya qurmaq üçün hər yerdə hər bir uşaq üçün çalışırıq.