Dr. Saca Faruq Abdullah UNICEF-in Azərbaycandakı yeni Nümayəndəsi təyin edilib

Dr. Abdullah təyinat məktubunu Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini cənab Yalçın Rəfiyevə təqdim edib və bununla onun rəsmi fəaliyyət müddəti başlayıb

31 Yanvar 2024
meeting with Deputy Foreign Minister
UNICEF/2024/Sorokopud

BAKI, Azərbaycan, 31 yanvar 2024-cü il - Dr. Saca Faruq Abdullah rəsmi olaraq UNICEF-in Azərbaycandakı Nümayəndəsi vəzifəsinin icrasına başlayıb.

Dr. Abdullah təyinat məktubunu Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini cənab Yalçın Rəfiyevə təqdim edib və bununla onun rəsmi fəaliyyət müddəti başlayıb.

“UNICEF-in Azərbaycandakı Nümayəndəsi kimi vəzifəmin icrasına başlamaq və ölkədəki uşaqların daha yaxşı gələcəyinin yaradılmasına kömək etmək mənim üçün böyük şərəf və imtiyazdır”, - deyə Dr. Abdullah bildirib.

“Xüsusilə sağlamlıq, təhsil, uşaqların müdafiəsi və iqlim sahələrində uşaqlara dəstəyimizi gücləndirmək üçün Azərbaycan Hökuməti və tərəfdaşlarla birgə işləməyi səbirsizliklə gözləyirəm. Hökumətin COP29 konfransına hazırlaşdığı bir vaxtda, UNICEF uşaqların və gənclərin bu mühüm iqlim tədbirinin diqqət mərkəzində yer almasını təmin etmək üçün COP29 prezidentliyi ilə əməkdaşlıq etməyə hazırdır”, - deyə UNICEF-in yeni təyin olunmuş nümayəndəsi vurğulayıb.

Görüş zamanı Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev UNICEF-lə tərəfdaşlığı təqdir edib və Azərbaycanda uşaq və gənclərin rifahının təşviqi naminə müxtəlif sektorlarda birgə əməkdaşlığın davam edəcəyinə ümid etdiyini bildirib.

“Sizin Azərbaycana gəlişiniz ölkənin COP29 konfransına hazırlaşdığı tarixi bir məqama təsadüf edir. UNICEF və onun fəaliyyət istiqamətləri diqqət yönəldiləcək sahələrdən biri olduğundan, xüsusilə uşaq və gənclərin iqlim sahəsində maarifləndirilməsi istiqamətində təşəbbüslərin və ya birgə tədbirlərin ərsəyə gətirilməsində əməkdaşlıq və tərəfdaşlıq etməkdən məmnun olarıq”, - deyə Xarici işlər nazirinin müavini bildirib.

Dr. Abdullah Beynəlxalq QHT-lər, BMT-nin agentlikləri və dövlət qurumlarında  idarəetmə və humanitar əlaqələndirmə, sağlamlıq və qidalanma və erkən uşaqlıq dövrünün inkişafı sahələrində 26 ildən artıq beynəlxalq təcrübəyə sahibdir.

Dr. Abdullah UNICEF-in Türkiyədəki və Maldiv adalarındakı Nümayəndəliklərində, UNICEF-in İordaniyanın Amman şəhərindəki Orta Şərq və Şimali Afrika üzrə Regional Nümayəndəliyində, eləcə də Sudandakı və Yəməndəki Nümayəndəliklərində çalışıb və qidalanma və sağlamlıq proqramlarına rəhbərlik edib. O, həmçinin,  UNICEF-in Banqladeşdəki Nümayəndəliyində fəaliyyət göstərərək, ölkə ərazisindəki 6 sahə ofisinin fəaliyyətini əlaqələndirib. Bu Nümayəndəlikdəki fəaliyyətinin ardınca, Dr. Abdullah UNICEF-in Azərbaycandakı Nümayəndəliyinə təyin edilib.

İraq vətəndaşı olan Dr. Abdullah Bağdad Universitetindən Ümumi Tibb və Cərrahiyyə üzrə bakalavr dərəcəsi, Malayziya Milli Universitetindən İcma Sağlamlığı Elmləri üzrə magistr dərəcəsi və Bəsrə Universitetindən İctimai Səhiyyə üzrə diplomsonrası dərəcəyə malikdir.

Dr. Abdullahın rəhbərliyi altında, UNICEF-in Azərbaycandakı Nümayəndəliyi ölkədə uşaq və gənclərə yönələn fəaliyyətlərini genişləndirmək əzmini qoruyub saxlayır. Hökumət və tərəfdaşlarımızla birlikdə, UNICEF uşaq hüquqlarının təşviqi və bütün uşaqların ilkin səhiyyə, sosial müdafiə və keyfiyyətli təhsil xidmətləri ilə əhatə olunması istiqamətində səylərini davam etdirəcək.

Media contacts

UNICEF Azerbaijan

UNICEF haqqında

UNICEF dünyadakı ən həssas vəziyyətdə olan uşaqları əhatə etmək üçün dünyanın bəzi ən çətin ərazilərində fəaliyyət göstərir. Biz 190 ölkə və ərazidə fəaliyyət göstərərək, hər kəs üçün daha yaxşı gələcək naminə, hər bir yerdə hər bir uşaq üçün çalışırıq.

UNICEF və onun fəaliyyəti barədə daha ətraflı məlumat üçün: www.unicef.org

UNICEF-i TwitterFacebookInstagram və YouTube sosial şəbəkələrində izləyin.