Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma halları kəskin yüksələrək bu il keçən il ilə müqayisədə 3000 faiz artıb

UNICEF bildirir ki, qızılcaya yoluxma hallarının artması regionda uşaqların immunlaşdırılmasının zəifləməsi ilə əlaqəlidir.

15 Dekabr 2023
The kid is being vaccinated
UNICEF/UN041257/Pirozzi

CENEVRƏ, 2023-cü il, 14 dekabr – UNICEF bildirir (xəbərdarlıq edir) ki, 2022-ci ildəki 909 qızılcaya yoluxma halı ilə müqayisədə 2023-cü ilin yanvar-5 dekabr tarixləri aralığında Avropa və Mərkəzi Asiyada 30601 təsdiqlənmiş qızılcaya yoluxma halı  qeydə alınıb, yəni peyvəndlə qarşısı alına bilən bu xəstəlik halları 3266 faiz artıbdır.

2023-cü ilin oktyabr-noyabr aylarında Avropa və Mərkəzi Asiyada qızılcaya yoluxma hallarının təqribən iki dəfə artdığını nəzərə alaraq, mövcud satistika son dövrdə vəziyyətin daha da pisləşdiyinə dəlalət edir. Peyvəndlə zəif əhatə olunma üzündən regionda qızılca hallarının daha da artacağı gözlənilir.

“Qızılcaya yoluxma hallarının artması immunlaşdırmanın əhatə dairəsinin pozulduğuna bilavasitə dəlalət edən ən aydın əlamətdir. Xəstəliyin belə kəskin  artdığı vəziyyətdə məsələyə təcili diqqət yetirilməli, uşaqları bu təhlükəli və ölümcül xəstəlikdən qorumaq üçün ictimai səhiyyə tədbirləri görülməlidir”, - deyə UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominicis bildirib.

Qızılca uşaqların sağlamlığını çökdürür, bəzən ölüm ilə nəticələnir. Bu xəstəlik uşaqların immun sisteminin uzun müddətə zəifləməsinə səbəb olur və onları başqa yoluxucu xəstəliklərə, o cümlədən pnevmoniyaya qarşı daha həssas edir.

Qızılcaya yoluxma hallarının ən yüksək səviyyəsi Qazaxıstanda qeydə alınıb, əldə olan son məlumatlara əsasən, bu ölkədə hər 100 000 nəfərə 69 hal olmaqla cəmi 13 254 yoluxma halı qeydə alınıbdır. Qırğızıstan qızılcaya yoluxma halları üzrə ikinci yerdədir – hər 100 000 nəfərə 58 hal olmaqla cəmi 3811 yoluxma. Keçən həftə ölkədə qızılca epidemiyası elan edilən Rumıniyada hər 100 000 nəfərə 9,6 hal və cəmi 1855 yoluxma halı qeydə alınıbdır.

Qızılcaya yoluxma hallarının artması regionda immunlaşdırmanın əhatə dairəsinin azalması ilə əlaqələndirilir. Buna şərait yaradan amillər arasında qismən peyvəndlər haqqında yanlış məlumatların yayılması və inamın olmaması, xüsusən COVID-19 pandemiyası zamanı və ondan sonrakı dövrdə bunun güclənməsi üzündən peyvəndə tələbatın azalması, eləcə də səhiyyə xidmətlərindəki çatışmazlıqlar və ilkin səhiyyə sistemlərinin zəif olması göstərilə bilər.

Ən son məlumatlara əsasən, Avropa və Mərkəzi Asiyada təxminən 931 000 uşaq 2019-2021-ci illərdə rutin milli immunlaşdırmadan tam və ya qismən kənarda qalıbdır. Avropa və Mərkəzi Asiyada qızılcaya qarşı birinci peyvənd dozasının vurulma səviyyəsi 2019-cu ildəki 96 faizdən 2022-ci ildə 93 faizə düşübdür. Bu uşaqlar peyvəndləmənin nəzərdə tutulduğu yaşı keçdikdə, onların immunlaşdırılması üçün xüsusi səylərin məqsədyönlü şəkildə göstərilməsi tələb olunur.

Hər bir uşağı peyvəndlə əhatə etmək üçün UNICEF bütün region ölkələrini aşağıdakı tədbirləri görməyə çağırır:

  • Təcili olaraq bütün uşaqları, xüsusən peyvəndlənməmiş uşaqları müəyyənləşdirmək və immunlaşdırılmasını təmin etmək.
  • Peyvəndlərə tələbatı yüksəltmək, o cümlədən güvən və inamı artıraraq.
  • İmmunlaşdırma xidmətləri və ilkin səhiyyə xidmətini prioritet qaydada maliyyələşdirmək.
  • Səhiyyə işçiləri, innovasiyalar və yerli istehsala sərmayə yatıraraq dayanıqlı səhiyyə sistemlərini qurmaq.

 

Faktlara söykənən məlumatları və dəlilləri toplamaq, peyvəndlənməmiş uşaqları və icmaları müəyyən etmək, peyvəndlə əhatə olunmanın azalmasının tələbat və təchizat perspektivlərindən köklü səbəblərini araşdırmaq və yerli kontekstlə bağlı məxsusi səbəbləri və risk amillərini qiymətləndirmək üçün UNICEF hökumətlər, Gavi, Peyvənd Alyansı, ÜST və digər tərəfdaşlarla birgə iş aparır. UNICEF bu dəlillərdən istifadə edərək Avropa və Mərkəzi Asiya regionunda hər bir uşağın immunlaşdırılması üçün hökumətlərə strategiyalar hazırlamağa və həyata keçirməyə dəstək verir.

 

Redaktorlar üçün qeydlər:

 

Məlumatlara burada baxmaq olar: https://www.who.int/teams/immunization-vaccines-and-biologicals/immunization-analysis-and-insights/surveillance/monitoring/provisional-monthly-measles-and-rubella-data

 

Media contacts

UNICEF Azerbaijan

UNICEF haqqında


UNICEF gördüyü bütün işlərdə hər bir uşağın hüquqlarını və rifahını təşviq edir. Tərəfdaşlarımızla birlikdə biz bu öhdəliyi praktiki fəaliyyətə çevirmək üçün 190 ölkədə və ərazidə işləyirik və xüsusi səyləri hər yerdə bütün uşaqların xeyrinə ən həssas və təcrid olunmuş uşaqlara çatdırmağa yönəldirik.

UNICEF və onun uşaqlar üçün gördüyü işlər haqqında ətraflı məlumat üçün www.unicef.org saytına daxil olun.

Bizi TwitterInstagram və Facebook-da izləyin.