Aleks Haykens UNICEF-in Azərbaycandakı Nümayəndəsi təyin edildi
- Available in:
- English
- Azərbaycanca
BAKI, Azərbaycan, 10 avqust - UNICEF-in Azərbaycandakı yeni təyin olunmuş Nümayəndəsi cənab Aleks Haykens bu gün Azərbaycan Respublikasının Xarici işlər naziri cənab Ceyhun Bayramova akkreditasiya məktubunu təqdim etdi.
"UNICEF-in Azərbaycan hökuməti ilə uzun müddət davam edən tərəfdaşlığını daha da gücləndirmək və ölkədə hər bir uşaq üçün daha yaxşı gələyi təmin etmək naminə birlikdə çalışmaq əzmindəyəm" – deyə o, bəyan etdi.
UNICEF-in Azərbaycandakı Nümayəndəliyində işə başlamazdan öncə, cənab Haykens dörd il UNICEF-in Monqolustandakı Nümayəndəsi olaraq fəaliyyət göstərmiş və uşaqların qorunması, sağlamlığı, qidalanması, su/kanalizasiya/gigiyena, təhsil, erkən uşaqlıq dövründə inkişaf, yeniyetmələrin həyat bacarıqları, sosial müdafiə, havanın çirklənməsi və iqlim dəyişikliyi kimi sahələri əhatə edən UNICEF-in Ölkə Proqramının icrasına rəhbərlik etmişdir. 2020-ci ildən başlayaraq o, diqqət və səylərini hökumətin COVID-19 pandemiyasının uşaqlara təsirini aradan qaldırmaq səylərinə dəstək, COVID-19 peyvəndlərinin əldə edilməsi və ölkə daxilində soyuq zəncirin gücləndirilməsinə yönəltmişdir.
2013-cü ildə UNICEF-in Nyu-Yorkdakı baş-qərargahında iqlim dəyişikliyi, ətraf-mühit və enerji üzrə qlobal müşavir olaraq UNICEF-də fəaliyyətə başlamışdır.
UNICEF-də fəaliyyətə başlamazdan öncə BMTİP və FAO-da Asiya-Sakit Okean bölgəsi boyu su, ətraf-mühit, iqlim dəyişikliyi, kənd təsərrüfatı və dayanıqlı inkişaf sahələrində çalışmışdır.
Cənab Haykens Utrext Universitetindən ətraf-mühit üzrə elmlər namizədi və biologiya üzrə magistr dərəcəsinə malikdir.
Cənab Haykens Hollandiya vətəndaşıdır. O, Azərbaycana həyat yoldaşı və iki qızı ilə bərabər gəlmişdir.