ÜST və UNICEF-in rayonlarda keçirdiyi immunlaşdırma kampaniyasında yüzə yaxın uşaq peyvənd olunub

- Available in:
- English
- Azərbaycanca
Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) 24-29 aprel - Avropa İmmunlaşdırma Həftəsində peyvəndlərlə əhatə dairəsi aşağı olan 4 rayonda maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edir. Belə ki, immunlaşdırma kampaniyası çərçivəsində bu rayonlarda təxminən 200 nəfər pediatr və vaksinator üçün təlimlər keçirilib və valideynin iştirakı ilə “Gəlin, peyvənd haqqında danışaq” mövzusunda Valideyn Konfransları keçirilməyə davam edir.
Aprelin son həftəsində davam edəcək ÜST və UNICEF-in dəstəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutan tədbirlər “Peyvəndin vaxtını gecikdirmə! Hər doza vacibdir!” şüarı altında təşkil edilir.
Eyni zamanda həkim A.Ziyadova tərəfindən Qobustan və Mingəçevirdə fəaliyyət göstərən pediatrlar və vaksinatorlar üçün peyvəndlə bağlı elmi sübutlara əsaslanan son təlimatlar haqqında təlim keçirilib.
İmmunlaşdırma Həftəsi ərzində Qobustan Rayon Mərkəzi Xəstəxanasında keçirilən valideynlər üçün konfransda UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens, Qobustan İcra hakimiyyətinin, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in nümayəndələri, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru və digər səlahiyyətli şəxslər iştirak etdi.
Qeyd edək ki, kampaniya müddəti boyunca əhali arasında maarifləndirməni gücləndirmək məqsədi ilə sözügedən rayonlarda bütün vaksinasiya məntəqələri uşaq peyvəndləri ilə bağlı çeşidli maarifləndirici materiallar ilə təmin edilib.