MICS - Daha Gözəl Gələcəyə Açılan Qapılar!
Çoxgöstəricili Klaster Sorğusu (MICS) çərçivəsində sahə işləri başa çatmışdır
- Available in:
- English
- Azərbaycanca
Azərbaycanda uşaqların və qadınların vəziyyəti ilə bağlı məlumatların toplanması böyük məsuliyyət olsa da, həqiqətən maraqlı idi” - deyə, Azərbaycanda Çoxgöstəricili Klaster Sorğusu (MICS) layihəsinin sahə işi üzrə supervayzerlərindən biri olan Vüsalə Abbasova qeyd edib.
Layihə bütün ölkəni (Şərqi Zəngəzur istisna olmaqla) əhatə edib və keçirilən sorğulara 84 komanda üzvü cəlb olunub. Vüsalə xanımın nəzarət etdiyi komanda Bakıda keçirilən sahə işlərində iştirak edib. “Doğulduğumuz gündən Bakıda yaşamağımıza baxmayaraq, sorğu apararkən bizə tanış olmayan yerləri ziyarət etmək və əvvəllər tanış olmadığımız insanlarla ünsiyyətdə olmaq imkanımız olub”- deyə, o əlavə edib.
Vüsalə xanım may-avqust aylarında keçirilən sahə işinin onlarda əhəmiyyətli dəyişikliklərə, xüsusilə şəxsi inkişafa səbəb olduğunu, eləcə insanlarla ünsiyyətin artmasının onların həyatının bir çox aspektlərinə müsbət təsir etdiyini vurğulayıb.
“Çoxgöstəricili Klaster Sorğusu (MICS) layihəsi bizə müxtəlif insanlarla ünsiyyətdə olmağı, müxtəlif xarakterli insanların həyat tərzini və problemlərini anlamağı öyrətdi”, - 16 avqust tarixində tamamlanmış sahə işinin supervayzerlərindən biri olan Sənubər Əhmədzadə deyir.
Ev təsərrüfatları üzvləri ilə sorğu aparılması, kompüter əsaslı sorğuların (CAPI) keçirilməsi, uşaqların boy və çəkisinin ölçülməsi, suyun keyfiyyətinin və duzun yodluluğunun yoxlanılmasından ibarət olan üç aylıq sahə işini həyata keçirmək üçün bu məsələlər üzrə təlim keçmiş sorğu aparan şəxslər altı nəfərdən ibarət komandalarda fəaliyyət göstəriblər.
Sənubər xanım həm də sorğunun aparılmasında komanda işinin əhəmiyyətini vurğulayıb: "MICS bizə güclü komanda işinin nə qədər dəyərli olduğunu öyrədib. Fərqli xarakterlərimizə baxmayaraq, biz üç ay birlikdə yaşamağı, vaxt keçirməyi və əməkdaşlıq etməyi öyrəndik. Komanda yoldaşlarımın dəstəyini həmişə hiss etmişəm. "
“Mən səmimi qəlbdən inanıram ki, bu layihə ölkəmiz üçün çox faydalı olacaq”, - deyə Sənubər xanım layihə ilə bağlı fikirlərini yekunlaşdırıb.
Çoxgöstəricili Klaster Sorğusu (MICS) beynəlxalq səviyyədə müqayisə oluna bilən statistik məlumatların əldə edilməsi, ölkədə ana və uşaqların sosial rifahının və insan inkişafının qiymətləndirilməsi, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləyişin ölçülməsi üçün keçirilir.
Sahə işi üzrə supervayzerlərdən biri olan Almaz Süleymanova MICS layihəsinin müstəsna əhəmiyyətini vurğulayıb. “Mən deyərdim ki, MICS layihəsi ölkəmizdəki insanların həyat tərzi ilə bağlı məlumatlılığımızı artırdı. Sorğular zamanı biz ev təsərrüfatında yaşayan vətəndaşlarımızın yaşam tərzi ilə tanış olmaq imkanı əldə etdik”- deyə, o, Şərqi Zəngəzur istisna olmaqla bütün ölkə ərazisində keçirilən sorğulara istinad edərək bildirib.
Supervayzer öz minnətdarlığını bu sözlərlə ifadə edib: “Bu işin icrasında yaxından iştirak edən Dövlət Statistika Komitəsi (DSK) və UNICEF Azərbaycan rəhbərliyinə, eləcə də onun əməkdaşlarına təşəkkürümü bildirirəm.”
Çoxgöstəricili Klaster Sorğusu Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Uşaq Fondu tərəfindən Dövlət Statistika Komitəsi ilə birgə həyata keçirilib.