Koronavirus (COVİD-19) alovlanması müddətində sadə, əlçatan və sağlam qidalanma
Ailənizin sağlam qidalanması üçün məsləhətlər
![Easy, affordable and healthy eating tips during the coronavirus disease (COVID-19) outbreak](/azerbaijan/sites/unicef.org.azerbaijan/files/styles/hero_extended/public/UN0343152.jpg.webp?itok=LUQSn1mO)
- English
- Azərbaycanca
Koronavirus xəstəliyinin (COVİD-19) alovlanması dünyanın bir çox yerlərində ailələrin həyatını tamamilə dəyişməkdədir. Məktəblər və bağçalar bağlandığından, valideynlər günün böyük hissəsini evdə uşağa baxmaq, tam iş qrafiki ilə evdən işləmək və bundan geri qalmayan digər öhdəliklərlə məşğul olmaqla keçirir. Hər gün meydana çıxan daha bir çətinlik isə "Axşama nə yeyəcik?" sualının cavabı ola bilər.
Bu az deyilmiş kimi, panikadan qaynaqlanan kütləvi alış-verişlər və ərzaq təchizatı sistemlərinin işinin pozulması bəzi ərzaq məhsullarının tapılmasını çətinləşdirə bilər. Bir çox insanlar üçün işsizlik və gəlirlərin itirilməsi nəticəsində ərzaq bazarlığı etmək əlavə maddi problemə çevrilir.
Bir çox valideynlər ailəni qidalandırmaq üçün tez və az xərclə başa gələn hazır yeməklərə və emal olunmuş ərzaq məhsullarına üstünlük verirlər ki, bu da anlaşılandır. Lakin bunun daha rahat, sərfəli və sağlam alternativləri də var. Uşaqlarınızın böyüməsinə və inkişafına kömək edəcək, sağlam qidalanma vərdişləri formalaşdıracaq qidalı maddələrlə zəngin və çeşidli qida rasionunu təmin etməyin beş yolunu təqdim edirik.
Sağlam qidalanma üçün 5 məsləhət
1. Meyvə-tərəvəz qəbulunu davam etdirin
Təzə tərəvəzləri almaq, saxlamaq və bişirmək xüsusilə valideynlərin evdən daha az çıxmasının tövsiyə olunduğu karantin şəraitində çətin ola bilər. Lakin imkan daxilində uşaqların qida rasionunda kifayət qədər meyvə-tərəvəzin olmasını təmin etmək vacibdir.
Təzə məhsulları əldə etmək nə zaman mümkün olarsa, o zaman bunu edin. Təzə formada yeyilməklə yanaşı, meyvələr mümkün olduqda dondurula bilər. Bu zaman onlar qidalı maddələrinin əksər hissəsini və dadını saxlayacaq. Təzə tərəvəzlərdən iri qablarla sup və digər sulu yeməkləri bişirdikdə, onlar daha uzun qala bilir və bir neçə gün fərqli yeməklər yemək imkanı əldə edilir. Onlar mümkün olduqda dondurula və lazım olduqda tez qızdırıla bilər.
2. Təzə məhsullar olmadıqda isə, qurudulmuş və ya konservləşdirilmiş sağlam alternativlərdən istifadə edə bilərsiniz.
Təzə məhsullar hər zaman daha yaxşı seçimdir. Lakin onlar olmadıqda saxlanması və hazırlanması daha asan olan xeyli sağlam alternativlər mövcuddur.
Tərkibində xeyli qidalı maddələr olan konservləşdirilmiş lobya və noxud aylarla və hətta illərlə saxlanıla və bir çox formalarda yeməklərə qatıla bilər. Konservləşdirilmiş yağlı balıqlar, məsələn, sardina, skumbriya və qızılbalıq zülallarla, omeqa-3 yağ turşuları və digər vitamin və minerallarla zəngindir. Onlar sendviçlərin, salatların və ya makaron yeməklərinin tərkibində soyuq halda istifadə edilə, yaxud isti yeməyin tərkibində bişirilə bilər.
Konservləşdirilmiş tərəvəzlər, məsələn, pomidorların tərkibində adətən təzə məhsullarla müqayisədə daha az vitamin olsa da, təzə məhsullar və ya dondurulmuş tərəvəzləri əldə etmək çətin olduqda, onlar əla alternativ ola bilər.
Qurudulmuş lobya, paxla və dənli bitkilər, məsələn, mərcimək, noxud, düyü, kuskus və ya kinoya da qidalı maddələrlə zəngin, uzun müddət saxlanıla bilən dadlı, sərfəli və doydurucu alternativlərdir. Süd və ya su ilə bişirilmiş yulaf yarması səhər yeməyi üçün gözəl seçim ola bilər və onu yoğurt, doğranmış meyvə və ya kişmişlə daha da dadlandırmaq olar.
3. Sağlam atışdırmalıq məhsullardan ibarət ehtiyatlar yığın.
Uşaqlar gün ərzində fəallıqlarını saxlamaq üçün tez-tez nəsə atışdırmağa ehtiyac duyur. Uşaqlara şirniyyat və ya duzlu atışdırmalıqlar verməkdənsə, qoz-fındıq, pendir, yoğurt (şirinləşdirilməmiş olması arzuediləndir), doğranmış və ya qurudulmuş meyvələr, qaynadılmış yumurtalar və ya yerli səviyyədə əldə edilə bilən digər sağlam variantlara üstünlük verin. Bu məhsullar qidalı, daha doydurucu olmaqla, ömürlük sağlam qidalanma vərdişləri formalaşdırmağa imkan verir.
4. Yüksək dərəcədə emal olunmuş qida məhsullarını məhdudlaşdırın
Təzə məhsullardan istifadə hər zaman mümkün olmasa da, alış-veriş səbətinizdə yüksək dərəcədə emal olunmuş qida məhsullarının miqdarını məhdudlaşdırmağa çalışın. Hazır yeməklər, qablaşdırılmış atışdırmalıqlar və desertlərdə çox zaman doymuş yağların, şəkər və duzun miqdarı çox olur. Emal olunmuş qida məhsullarını almalı olduqda isə, etiketə baxın və tərkibində bu maddələrin miqdarının daha az olduğu variantları seçməyə çalışın. Bununla yanaşı, şəkərli içkilərdən çəkinin və çoxlu su için. Suya limon, laym, xiyar dilimləri və ya giləmeyvələr əlavə etməklə, ona əlavə dad qazandırmaq mümkündür.
5. Yemək bişirməyi və yeməyi gündəlik ailə rutininizin əyləncəli və faydalı bir hissəsinə çevirin.
Birlikdə bişirmək və yemək sağlam rutinlər yaratmaq, ailə bağlarını gücləndirmək və əylənmək üçün əla üsuldur. Bacardığınız qədər uşaqları qidaların hazırlanmasına cəlb edin - kiçik uşaqlar ərzaqları yumağa və çeşidləməyə, nisbətən böyük uşaqlar isə daha çətin işləri görməyə, süfrəni qurmağa kömək edə bilər.
İmkan daxilində ailənizin hər gün eyni vaxtda yemək yeməsinə çalışın. Bu cür strukturlaşdırma və rutin bu stressli vaxtlarda uşaqların narahatlığını azaltmağa kömək edəcəkdir.
Uşaqların ana südü ilə qidalandırılması ilə bağlı məsləhətlər
Ana südü 6-24 aylıq uşaqlar üçün mükəmməl qida olaraq qalır. COVİD-19-a yoluxmuş qadınlar arzu etdikləri təqdirdə uşağı əmizdirməyə davam edə bilərlər. Lakin onlar uşağı əmizdirərkən tənəffüs gigiyenasına riayət etməli, maska varsa onu taxmalı, uşağa toxunmazdan əvvəl və sonra əllərini yumalı və toxunduqları səthləri mütəmadi olaraq təmizləməli və dezinfeksiya etməlidirlər. Anaların durumu virus və ya digər ağırlaşmalar səbəbilə uşağı əmizdirməyə imkan vermirsə, onların istənilən mümkün yolla yenidoğulmuşlara təhlükəsiz şəkildə ana südü verməsinə dəstək göstərilməlidir.
Koronavirus xəstəliyinin (COVİD-19) alovlanması müddətində ərzaq gigiyenası ilə bağlı məsləhətlər
Hazırda ərzaqların və ya ərzaq məhsullarının qablarının koronavirus xəstəliyinə (COVİD-19) yoluxdurmasına dair sübutlar olmasa da, insanların virusla çirklənmiş səth və ya əşyaya və sonra üzə toxunma nəticəsində virusa yoluxması mümkündür. Lakin ən böyük risk ərzaq alarkən və ya kuryerlər vasitəsilə ərzaqlar çatdırılarkən digər şəxslərlə yaxın təmasda olduqda yaranır. Hər zaman olduğu kimi, ərzaq məhsulları vasitəsilə ötürülən hər hansı xəstəliklərin qarşısını almaq üçün yaxşı gigiyena önəmlidir.
Qida məhsullarının hər hansı lazımsız qablaşdırmasını çıxarın və qapaqlı zibil qutusuna atın. Konserv bankası kimi qabları açmazdan və ya saxlamazdan qabaq dezinfeksiyaedici vasitələrlə silmək mümkündür. Bundan dərhal sonra əlinizi sabun və su ilə ən azı 20 saniyə yuyun və spirt əsaslı antiseptik vasitədən istifadə edin.
Meyvə-tərəvəz kimi qablaşdırılmamış məhsulları axar su altında təmiz yuyun.
Ərzaq gigiyenası ilə bağlı ümumi məsləhətlər
- Hər hansı ərzağı hazırlamazdan qabaq əllərinizi sabun və su ilə ən azı 20 saniyə yuyun.
- Çiy ət və balığı hazırlamaq üçün ayrı-ayrı doğrama lövhələrindən istifadə edin.
- Ərzağı tövsiyə olunan temperaturda bişirin.
- İmkan daxilində məhv ola bilən məhsulları soyuducuda və ya dondurucuda saxlayın və məhsulların son istifadə tarixinə diqqət yetirin.
- Ərzaq tullantıları və qablarını adekvat və gigiyenik qaydada atmağa çalışın və zibillərin yığılmasına imkan verməyin, çünki zərərvericiləri cəlb edə bilər.
- Yeməyi yeməzdən qabaq özünüzün və uşaqlarınızın əllərini sabun və su ilə ən azı 20 saniyə yumasını təmin edin.
- Hər zaman təmiz qab-qacaq dəstindən istifadə edin.