İcmaların həyat xilasedici məlumatlarla qorunması

Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə və bunun Azərbaycanın on rayonunda icma üzvlərinin həyatını necə dəyişməsi haqda hekayə.

UNICEF Azerbaijan
Girls smile at the schoolyard in Agdam district.
UNICEF Azerbaijan/2022/Aliyev
16 Dekabr 2022

“Minaya basaraq həyatını və sağlamlığını itirən insanlar haqqında eşidirik. Buna görə də biz məktəbimizdə qısa teatr tamaşaları, bukletlər və əlavə dərslərin köməyi ilə minalar haqqında daha çox öyrənməyə çalışırıq” – deyə 12 yaşlı İnci İbrahimli söyləyir. İncinin yaşadığı Ağdam rayonu UNICEF-in Partlayıcı Sursatların Təhlükəsi ilə bağlı Maarifləndirmə proqramını Aİ-nin maliyyə dəstəyi sayəsində həyata keçirildiyi 10 rayondan biridir. Həmin proqram çərçivəsində insanlara mina və digər partlayıcı sursatlarla qarşılaşdıqda təhlükəsiz və düzgün davranış qaydalarına dair insan həyatını xilas edən məlumatlar çatdırılır.

Bir hissəsi 1990-cı illərin əvvəllərinə, bir hissəsi isə 2020-ci il münaqişəsinə aid olan minalar və müharibənin digər partlayıcı qalıqları Azərbaycanın qərb rayonlarında mülki əhali üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Hazırda, uşaqlar, məcburi köçkünlər, fermerlər və çobanlar partlayıcı sursatların yaratdığı risklərə ən çox məruz qalan qruplardır. Tərtər rayonunda, keçmiş təmas xəttinin bir neçə addımlığında yerləşən Qapanlı kəndinin sakini Zahir Cəfərov da mina qurbanıdır: 1994-cü ildə tank əleyhinə minanın partlaması nəticəsində xəsarət almışdır. O bildirir ki: “İstifadə etdiyimiz tarlalarda hələ də minalar olduğu üçün sakinləri maarifləndirmək son dərəcə vacibdir. Bəzən güclü yağışlar yerin üst qatını yuyur və minalar üzə çıxır”.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, 2020-ci ilin noyabr ayından etibarən mina və digər parlayıcı sursatların  partlaması nəticəsində 9 nəfər uşaq olmaqla ümumilikdə 220 nəfər yaralanıb və 48 nəfər həlak olub. Ölüm və ya yaralanma riskini azaltmaq məqsədilə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihələri yerinə yetirilir, həm uşaqlar, həm də böyüklər əhatə olunmaqla, onların cəmiyyətdə rolları və ehtiyacları nəzərə alınaraq məlumatlandırılır və uzun müddətli davranış dəyişiklikləri aşılanır.

“İstifadə etdiyimiz tarlalarda hələ də minalar olduğu üçün sakinləri maarifləndirmək son dərəcə vacibdir." - Zahir Cəfərov, Tərtər rayonu, mina qurbanı.

2021-ci ilin oktyabr ayında UNICEF, Azərbaycanın Elm və Təhsil Nazirliyi və ANAMA PSTM sahəsində tərəfdaşlığı genişləndirmək üçün üçtərəfli fəaliyət planı imzaladılar. Aİ-nin Humanitar Yardımı çərçivəsində maliyyələşən bu layihənin məqsədi üç istiqamətdə idi: əhalinin PSTM üzrə biliklərini artırmaq, icmalarla aparılan PSTM fəaliyyətlərini genişləndirmək və məktəblərdə aparılan təlimləri inkişaf etdirmək. Layihənin icrası iki qeyri-hökumət təşkilatına, Beynəlxalq Avrasiya Mətbuat Fonduna və DAYAQ Humanitar Yardım Təşkilatına həvalə edildi.

Əhalini məlumatlandırmaq məqsədilə yüksək riskə məruz qalan icmalarda 80-dən çox məlumat lövhəsi quraşdırıldı və 200 000-ə yaxın çap materialı (plakatlar, broşürlər, vərəqələr, rəngləmə kitabları və s.) paylandı. Vacib məlumatlar asanlıqla başa düşülən və praktiki şəkildə çatdırmaq üçün fərqli yaş qruplarına və ehtiyaclara uyğunlaşdırıldı, test edildi və çap edilərək əhaliyə çatdırıldı. Uşaqlara məlumatları daha rahat və cəlbedici şəkildə çatdırmaq məqsədi ilə cizgi filmləri və öyrədici videolar çəkildi.

Ağcabədi rayonunun Qiyaməddinli kəndindən olan Mirzəyev Elməddin 2021-ci ildə minaya ayaq basanda 15 il idi ki ANAMA-da minatəmizləyən olaraq çalışırdı. Hazırda o, minalarla bağlı maarifləndirmə işini təlimçi kimi davam etdirir və vurğulayır ki, “uşaqlar ən yüksək risk qrupuna aiddirlər, buna görə də bizə əyani materiallar lazımdır ki, onlar minaların necə göründüyü və minalara rast gəldikdə təhlükəsiz və düzgün davranış qaydalarını öyrənsinlər. Məhz bu yolla biz onları qoruya bilərik”.

 

Children are learning about the risks of explosive ordnances through colouring books in Mirashelli village in Agdam district.
UNICEF Azerbaijan/2022/Aliyev Children are learning about the risks of explosive ordnances through colouring books in Mirashelli village in Agdam district.

"Biz könüllülük fəlsəfəsini həqiqətən dərk edən fəal gənclərlə əməkdaşlıq edirik.” - Zaur Quliyev, dörd rayon üzrə regional koordinator.

Vətəndaşları düzgün məlumatlandırmaq üçün 500-dən çox icma liderləri və könüllülər öz icmalarında kampaniyalar və məlumat sessiyalarını təşkil etməzdən əvvəl ANAMA-nın təlimatçıları tərəfindən keçirilən təlimlərdə iştirak etdilər. Dörd rayon üzrə regional koordinator Zaur Quliyev bu işə qatılan insanlarla qürur duyur: “Hər bölgədə könüllü icma qrupları yaradırıq. Onların bilik və bacarıqlarını artırmaq üçün dəstək veririk. Ortaya çıxan problemlərin həllində kömək edirik. Biz könüllülük fəlsəfəsini həqiqətən dərk edən fəal gənclərlə əməkdaşlıq edirik”.

Eyni zamanda, mindən çox məktəb direktoru və müəllimlər üçün ANAMA tərəfindən partlayıcı sursat təlükəsinə dair viritual təlimlər keçirildi. Şagirdlərin və onların valideyinlərinin partlayıcı sursatların yaratdığı risklər üzrə bilik səviyyələrini artırmaq üçün müxtəlif üsullarda məktəb əsaslı fəaliyyətlər icra edildi. İyul ayında Elm və Təhsil Nazirliyi tərəfindən məktəblilər üçün minaların yaratdığı təhlükələrə dair yay düşərgəsi təşkil edildi. Ağcabədi rayonunda yerləşən, Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxta Körpü qəsəbəsində məktəb direktoru Şəbnəm Uğurlu məktəbində bir neçə təlim keçirmişdir. O xatırlayır ki, “təlimimdə iştirak edənlərdən biri bu yay minaya rast gəlib. O, bizim birlikdə öyrəndiyimiz təlimatlara əməl edərək: yerindən tərpənməyib, qaynar xəttə zəng edərək kömək gözləyib. Bu onu göstərir ki, bu fəaliyyətlər insanların təhlükəsizliyini təmin etməyə həqiqətən kömək edir”.

Ümumən, 121,000-dən çox insan, o cümlədən münaqişənin təsirinə məruz qalmış ərazilərdə yerləşən 97 məktəbdən 25,000 uşaq PSTM layihəsi çərçivəsində keçirilən müxtəlif fəaliyyətlər vasitəsilə partlayıcı sursatların risklərinə dair məlumatlandırılmışlar. UNICEF-in Fövqəladə Hallar üzrə Mütəxəssisi Bəxtiyar Səlimovun sözlərinə görə, “PSTM fəaliyyətləri aparılandan sonra hadisələrin sayı kəskin şəkildə azalmışdır”. O, üz-üzə təlimlərin və icma əsaslı fəaliyyətlərin vacibliyini vurğulayır, çünki belə fəaliyyətlər davranış dəyişikliyini təşviq edir. “İnsanların həyatını davranışın dəyişməsi xilas edir; tək bilik kifayət etmir”- deyə o, qətiyyətlə bildirir. PSTM fəaliyyətləri sayəsində insanlar özlərini və ətrafında olanları qoruyaraq böyük zəhmət və vaxt tələb edən minatəmizləmə əməliyyatlarına öz töhfələrini verərək davranış dəyişikliyinin icraçıları ola bilərlər.