İcma Əsaslı Reabilitasiya – müsbət dəyişikliklər proqramı

8 yaşlı Xədicənin uğur hekayəsi

UNICEF
A girl sitting in a forestry area, looking to the side.
UNICEF Azerbaijan
21 Dekabr 2020

Şirvan şəhəri Azərbaycanın aran regionunda yerləşir və Bakıdan saat yarımlıq məsafədə yerləşir. Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Şirvandakı icma-əsaslı reabilitasiya mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlara reabilitasiya və sosial reabilitasiya xidmətləri, eləcə də onların valideynlərinə lazımi məsləhət və dəstək xidmətlərini göstərir. Mərkəzdə təşkil edilən fərdi və qrup məşğələlərinə valideynlər uşaqlarını həftədə bir yaxud iki dəfə gətirirlər. Şirvanda bu kimi xidmətlərə böyük ehtiyac var, çünki əksər valideynlər özəl mərkəzlərin xidmətlərini əldə etmək imkanında deyillər.

2016-cı ildə açılmış Şirvan İƏR mərkəzi, 2019-cu ildən başlayaraq Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF ilə birgə əməkdaşlıqda həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində fəaliyyət göstərir. Yerli qurumlardan, azyaşlıların işləri və hüquqları üzrə komissiyalar, tibb işçiləri, şəhər səhiyyə və sosial müdafiə şöbələrindən alınan göndərişlər ilə mərkəz hazırda 79 ən ehtiyaclı kateqoriyadan olan ailə və onların uşaqlarına müxtəlif xidmətlər göstərir.

“Azərbaycanın regionlarında icma-əsaslı reabilitasiya xidmətlərinə və uşaq inkişafı üzrə dəstək xidmətlərinə böyük ehtiyac var. Hazırda, Azərbaycanda Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində fəaliyyət göstərən üç İƏR mərkəzi var: Gəncə, Şirvan və Ağcabədi İƏR mərkəzləri. İnanırıq ki, bu layihə ən ehtiyaclı kateqoriyadan olan ailələr və onların uşaqlarının inkişafını və sosial müdafiəsini keyfiyyətli xidmətlər vasitəsilə dəstəkləyərək onların həyatında olduqca mühüm rola malikdir.” layihənin sosial iş üzrə məsləhətçi mütəxəssisi Elmir Valehli bildirir.

"İnanırıq ki, bu layihə ən ehtiyaclı kateqoriyadan olan ailələr və onların uşaqlarının inkişafını və sosial müdafiəsini keyfiyyətli xidmətlər vasitəsilə dəstəkləyərək onların həyatında olduqca mühüm rola malikdir.”

Şirvan İƏR mərkəzi tərəfindən zəruri xidmətlər alan uşaqlardan biri də 8 yaşlı papilyar əzələ anomaliya diaqnozlu Xədicədir. Xədicənin anası Ramilə xanım Xədicəni ilk dəfə hələ 2018-ci ildə “Erkən müdaxilə” layihəsi çərçivəsində mərkəzimizə gətirmişdi. Ailə ilə aparılan ilkin konsultasiya zamanı valideyn qızının gələcəyi ilə bağlı narahatlıqlarını bildirərək, ona dəstək olmağımızı xahiş etmişdir. Valideyni narahat edən məsələlərdən biri Xədicənin zəif eşitmə problemi və nitqində geriləmə olması idi. Bu problemlər Xədicənin həmyaşıdları ilə ünsiyyət qurmasına mane olurdu. Bu hal Xədicəyə həm də psixoloji təsir edirdi. Fərdi məşğələyə başlayanda Xədicənin nitqi yalnız sözlərdən ibarət idi və onu yalnız valideyni anlayırdı. Kənar insanlar və müəllimələri Xədicəni başa düşməkdə çətinlik çəkirdilər.

“İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində Şirvan İƏR mərkəzinin Sosial işçisi tərəfindən 2019-cu ilin oktyabr ayında Xədicəgilə səfər edilmiş və ailənin vəziyyəti qiymətləndirilmişdir. Papilyar əzələ anomaliyası diaqnozlu Xədicənin eşitməsinə dəstək olmaq məqsədilə Unicef Azərbaycanın dəstəyi ilə Uşaq KİND Səs eşitmə mərkəzində onun müayinə olunmasına dəstək göstərilmişdir. Nəticədə Xədicə təmannasız olaraq yeni eşitmə aparatı ilə təmin edilmişdir. Xədicənin eşitməsinə tam köməklik göstərəcək bu aparatdan sonra onun Şirvan İƏR mərkəzində qatılmış olduğu fərdi məşğələlərdə daha fəal iştirakı nəzərdən qaçmamışdır.

“Maddi imkansızlıq səbəbindən ana Xədicəni başqa uşaq inkişafı mərkəzlərinə apara bilmirdi. “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində UAFA Şirvan İƏR  mərkəzinin göstərmiş olduğu fərdi məşğələlərə qatılan Xədicənin qavraması, nitqi və özünəxidmət bacarıqları üzərində iş aparıdıqdan sonra deyə bilərik ki, əgər əvvəllər o, digər uşaqlar ilə və ümumilikdə cəmiyyətə adaptasiya  olmaqda çətinlik çəkirdisə, indi Xədicə artıq həmyaşıdları ilə ünsiyyət qurmağa çəkinmədən cəhd göstərir və bu onda çox gözəl alınır. Xədicə UAFA-nın Şirvan İƏR mərkəzinə ilk gəldiyində nitqi yalnız valideyn tərəfindən başa düşülürdü. Qavraması və nitqi yaşıdlarından çox geri qalırdı.” – Uşaq İnkişaf mütəxəssisi o günləri belə xatırlayır.

Khadija with her teacher at the CBR centre.

İƏR proqramı əlilliyi olan uşaqlar və böyüklərin sosial imkanlarını daha da yaxşılaşdırmaq məqsədilə valideynlər daxil olmaqla uşaq inkişafı mütəxəssislərini bir araya gətirir.

“UAFA-nın Şirvan İƏR mərkəzinə gəlməzdən öncə övladım Papilyar əzələ anomaliyası diaqnozundan əziyyət çəkirdi və bu səbəbdən bacarmalı olduğu bir sıra akademik biliklərə sahib deyildi. İki il öncə Şirvan şəhərində İcma Əsaslı Reabilitasiya mərkəzinin açılması xəbərini eşitdikdə çox sevindim. İlk etmiş olduğum iş mərkəzə yaxınlaşıb bizə dəstək olmaqlarını xahiş etmək oldu. Mərkəzin sosial işçisi dərhal bizim evə səfər etdi. O zaman var olan bir sıra sosial problemlərimizin (aliment) həll olunmasında mənə yaxından yardımçı oldular. Həmçinin, Şirvan İƏR mərkəzinə iki il davamlı gəldikdən sonra keçirilən reabilitasiya məşğələlərinin Xədicənin emosional inkişafında görmüş olduğum irəliləyişlər məni bir valideyn olaraq çox sevindirirdi. Xədicənin istifadə etdiyi qulaq aparatı onun eşitmə dərəcəsinə tam uyğun seçilmədiyi üçün onun eşitməsində müəyyən çətinliklər yaradırdı. “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində biz tam təmənnasız yeni qulaq aparatı ilə təmin olunduq.” – ana Xədicənin proqramın uğurunu belə təsvir edir.

“Bu dəyişiklikdən sonra qızımın həm eşitməsində, həm də nitqində yaxşılığa doğru çoxlu müsbət dəyişikliklər baş verdi. Xədicə artıq sözləri və fikrini aydın şəkildə ifadə edə bilirdi. Şirvan İƏR mərkəzinin qızıma etmiş olduğu yaxşılıqlar və dəstək barəsində nə qədər danışsam az olar. Ailəmiz həmişə sizlərə minnətdar olacaq. Reabilitasiya xidmətlərinin keçirildiyi Şirvan İƏR mərkəzi mənim övladım üçün bir işıqlı yol oldu. Xədicə artıq məktəbə gedir, həmyaşıdları ilə ünsiyyət qurur və hətta dostları da var. Bir valideyn olaraq övladımı xoşbəxt görmək məni hədsiz dərəcə sevindirir. Bütün ailələr kimi mənim də istəyim hər iki övladımı sağlam və xoşbəxt görməkdir. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi sağlam və xoşbəxt edək. Bizim ailəmizə böyük dəstəyi olan “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində fəaliyyət göstərən Şirvan İƏR mərkəzinin kollektivinə dərin təşəkkürümü bildirirəm.” – ana minnətdarlığını bildirir.


“İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi, UNICEF AzerbaijanƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UAFA təşkilatının Gəncə İƏR və Şirvan İƏR Mərkəzlərinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Bu hekayənin məzmununa gorə UNICEF məsuliyyət daşıyır və burada ifadə olunan fikirlər Avropa İttifaqının rəsmi mövqeyi kimi qəbul edilə bilməz.