İcma Əsaslı Reabilitasiya – həyatları dəyişən proqram

Xüsusi qayğıya ehtiyacı olan qızın uğur hekayəsi

UNICEF Azerbaijan
Shujayat is studying behind her desk.
UNICEF Azerbaijan
17 Dekabr 2020

Bakıdan təxminən 350 km məsafədə Azərbaycanın qərbində yerləşən Gəncə şəhəri ölkənin üçüncü böyük şəhəridir. Gəncə həmçinin qədim tarixi memarlıq irsinə sahib olan böyük sənaye şəhəridir. 

Şəhərdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara reabilitasiya və sosial reabilitasiya xidmətlərinə böyük ehtiyac olduğunu nəzərə alaraq, Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı tərəfindən 2004-cü ildə Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzini yaratmışdır. Mərkəz ilk əvvəl Gəncədə “Ailəyə Dəstək Mərkəzi” kimi təsis olunmuş və qərb bölgəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün xidmət göstərən ilk mərkəz olmuşdur. Mərkəzdə təşkil edilən fərdi və qrup məşğələlərindən bəhrələnən uşaqlarla birgə, onların valideynləri də mərkəzin mütəxəssislərindən lazımi məsləhət və dəstək xidmətlərini alırlar. Fəaliyyətə başladığı gündən mərkəzin xidmətlərindən 1689 uşaq bəhrələnmişdir. Gəncədə bir çox alternativ özəl təşkilatlar və QHT-lər fəaliyyət göstərməsinə baxmayaraq bu xidmətlərə hələ də böyük ehtiyac vardır. 

Gəncə İƏR mərkəzinin rəhbəri xanım Rəzalə Abbasova uğurlar barədə qeyd edir. “Bu illər ərzində qazandığımız əsas nailiyyətlərimiz sırasında xidmətlərdən məmnuniyyət, onların əlçatan olması və təmənnasız həyata keçirilməsi, valideynlərə uşaq inkişafı sahəsində təlimlərin keçirilməsi, sosial, psixoloji xidmətlərin göstərilməsi və onların övladlarının cəmiyyətə inteqrasiyası üçün könüllülük əsasında fəaliyyət göstərən idman və incəsənət dərnəklərinin və müxtəlif tədbirlərin təşkil edilməsini qeyd etmək olar. Nəticədə İƏR mərkəzin bu xidmətlərindən bəhrələnən uşaqlardan və gənclərdən çoxu indiyədək idman və incəsənət sahəsində bir çox uğurlar qazanmışlar, Azərbaycanı və Gəncəni müxtəlif beynəlxalq və yerli yarışlarda təmsil etmişlər.” 

2019-cu ilin avqust ayından başlayaraq Avropa İttifaqının maliyyə dəstəyi və UNICEF ilə birgə əməkdaşlıqda həyata keçirilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsinin Gəncədə icra olunmağa başlanması ilə mərkəzdə sosial işçinin fəaliyyətə başlaması, həm reabilitasiya və həm də ki, sosial xidmətlərə ehtiyacı olanların müraciətlərinin artmasına səbəb olmuşdur. Sosial işçilərə 79 muraciət olunmuş və 79  keys açılmışdır: Əlliliyin rəsmiləşdirilməsi, hüquqi yardım, reabilitasiya xidmətləri, inklüziv təhsilə cəlb etmə, ortopedik avadanlıqlarla təmin edilmə, Mərdəkan Tibbi Reabilitasiya Xəstəxanasına yönləndilmələr və s. istiqamətdə xidmətlər göstərilmişdir.

“Bu illər ərzində qazandığımız əsas nailiyyətlərimiz sırasında xidmətlərdən məmnuniyyət, onların əlçatan olması və təmənnasız həyata keçirilməsi, valideynlərə uşaq inkişafı sahəsində təlimlərin keçirilməsi, sosial, psixoloji xidmətlərin göstərilməsi və onların övladlarının cəmiyyətə inteqrasiyası üçün könüllülük əsasında fəaliyyət göstərən idman və incəsənət dərnəklərinin və müxtəlif tədbirlərin təşkil edilməsini qeyd etmək olar."

Layihədən bəhrələnən uşaqlardan biri aztəminatlı və natamam ailədən olan, mikrosefaliya diaqnozlu, 14 yaşlı Abbasova Şücayətdir. O və ailəsi layihədən əhatəli dəstək xidmətləri almışdır.

Şücayət UAFA Gəncə İƏR mərkəzinin reabilitasiya xidmətlərindən geniş şəkildə bəhrələnmişdir. Anası 2013-cü ildə Şücayəti mərkəzə gətirəndə onun nitq bacarıqları yox dərəcəsində idi. İşarət dilini də bilmir və istədiyini qarşısındakına izah edə bilmirdi. Gəncə İƏR Mərkəzi tərəfindən onun işarət dilini öyrənməsi üçün Bakı şəhərində yerləşən Xüsusi İnternat Məktəbində oxumasına köməklik edildi. Hazırda işarə və jestlə ehtiyaclarını ifadə edə bilir və və ona edilən müraciətləri sərbəst anlayır. Reabilitasiya müddətində isə sosial və qavrama bacarıqları müəyyən inkişaf səviyyəsinə çatdırıldı və onun məktəb arzusu gerçəkləşdi. Belə ki, Şücayət hazırda Gəncə şəhəri 45 saylı xüsusi məktəbdə təhsil alır. O, həmçinin İƏR mərkəzində fəaliyyət göstərən rəqs qrupuna da qoşulmuşdur. 

Layihənin sosial işçisi ilk dəfə ailəyə səfəri zamanı məlum olmuşdu ki, xadimə işləyən ananın kirayə ev tutmaga maddi imkan olmadığı üçün qızı ilə birgə müvəqqəti olaraq bacısının ailəsi ilə birgə yaşayırlar. Ata isə alimenti vaxtlı-vaxtında ödəmirdi. Bu da Şücayətin vaxtında müalicə edilməsinə mane olurdu.
Ana müraciətində alimentin artırılmasında, qızının müalicəsində ona köməklik edilməsini istəyirdi. Bu problemlərin həlli üçün anaya dəstək məqsədi ilə hüquqi yardım edilərək, alimentin artırılması və vaxtında ödənilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edildi. Məhkəmə ananın xeyrinə qərar verdi, alimentin miqdarı artırılaraq, hər ay 150 manat təyin olundu. Məhkəmə prosesi bitdikdən sonra ana sevinc göz yaşlarına boğuldu.

Həmçinin, Şücayətin müalicəsi üçün Mərdəkan Tibbi Reabilitasiya Xəstəxanasına müraciət edilərək növbəyə alındı. Hazırda, Şücayət reabilitasiya üçün xəstəxanaya dəvət edilib.

Şücayətin anası təşəkkürünü bu cür ifadə edir. “Siz bizim hüquqlarımızı bərpa etdiniz. Həm maddi durumumuz yaxşılaşdı və həm də ki, qızımın müalicəsi üçün bizə lazımi dəstək göstərildi. Bu layihəyə cəlb olunmasaydım mən hələ də necə və hara müraciət etməli olduğumu, övladımın hüququnü necə müdafiə edəcəyimi bilməzdim. Düşünürəm ki, belə layihələrin  davamlı həyata keçirilməsi bizim kimi aztəminatlı ailələr üçün böyük bir dəstəkdir. Mən Avropa İttifaqına, Unicef Azərbaycana və bu layihəni həyata keçirən UAFA Gəncə İcma Əsaslı Reabilitasiya mərkəzinin komandasına dərin təşəkkürümü bildirirəm.” 


“İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi, UNICEF Azerbaijan, Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiUAFA təşkilatının Gəncə İƏR və Şirvan İƏR Mərkəzlərinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Bu hekayənin məzmununa gorə UNICEF məsuliyyət daşıyır və burada ifadə olunan fikirlər Avropa İttifaqının rəsmi mövqeyi kimi qəbul edilə bilməz.