COVID-19 xəstəliyinə qarşı vaksinlər barədə nəyi bilməlisiniz?
Koronavirus əleyhinə vaksinlər haqqında sıx verilən suallara cavablar

- Available in:
- English
- Azərbaycanca
Hər il vaksinlər 2-3 milyon nəfərin həyatını xilas edir. COVID-19 xəstəliyinə qarşı təhlükəsiz və səmərəli vaksinlərin işlənib hazırlanması pandemiyaya son qoymaq və yaxınlarımızla birlikdə zövq aldığımız işlərin çoxu ilə məşğul olmağa qayıtmaq üçün qlobal səylərimizdə irəliyə doğru böyük bir addımdır.
Biz COVID-19 xəstəliyinə qarşı vaksinlər haqqında daha çox verilən suallardan bəzilərinə cavab vermək üçün ən yeni mütəxəssis məlumatlarını toplamışıq. Daha çox məlumat mövcud olduqca, biz bu məqaləni yeniləməkdə davam edəcəyik.
COVID-19 xəstəliyinə qarşı vaksinlər necə işləyirlər?
Vaksinlər müvafiq infeksiya agentini - xəstəliyə səbəb ola biləcək virusları, bakteriyaları və ya digər mikroorqanizmləri imitasiya edərək işləyirlər. Bu, immunitet sistemimizə ona qarşı sürətli və təsirli şəkildə cavab verməyi “öyrədir”.
Ənənəvi olaraq, vaksinlər bunu immunitet sistemimizin “yadda saxlamasına” imkan verən infeksiya agentinin zəifləmiş formasının bizim orqanizmə yeridilməsi ilə edirlər. Belə olan halda, immunitet sistemimiz, həmin infeksiya agentini bizi xəstələnməyə məcbur etməzdən əvvəl tez bir zamanda tanıyır və ona qarşı mübarizə aparır. COVID-19 xəsətliyinə qarşı vaksinlərdən bəziləri bu cür hazırlanıb.
COVID-19 xəstəliyinə qarşı digər vaksinlər matrisalı RNT ya da mRNT vaksinləri adlanan yeni texnologiyalardan istifadə etməklə hazırlanıb. Antigenləri (immunitet sisteminizin anticisimlər istehsal etməsinə səbəb olan bir maddəni) bizim orqanizmə yeritmək əvəzinə, mRNT vaksinləri immunitet sistemimiz tərəfindən antigen istehsal etməsinə imkan vermək üçün orqanizmə lazım olan genetik kodu verir. mRNT vaksinləri texnologiyası bir neçə onilliklər ərzində öyrənilib. Bu vaksinlərin tərkibində canlı virus yoxdur və onlar insan DNT-sinə müdaxilə etmirlər.
COVID-19 xəstəliyinə qarşı vaksinlər təhlükəsizdir?
Bəli, COVID-19 xəstəliyinə qarşı vaksinlərin mümkün qədər sürətlə işlənib hazırlanmasına baxmayaraq, onlar beynəlxalq səviyyədə razılaşdırılmış meyarlara cavab verdiyini sübut etmək üçün təhlükəsizlik və səmərəlilik üzrə ciddi klinik sınaqlardan keçməlidirlər. Yalnız bu standartlara cavab verdiyi təqdirdə, vaksin ÜST-nin və milli tənzimləyici qurumların təsdiqini ala bilər.
UNICEF yalnız ÜST-nin müəyyən etdiyi təhlükəsizlik və səmərəlilik meyarlarına cavab verən və müvafiq tənzimləyici orqanın zəruri təsdiqini almış COVID-19 xəstəliyinə qarşı vaksinlərin satınalması ilə məşğul olur.
Necə oldu ki, COVID-19 xəstəliyinə qarşı vaksinlər bu qədər sürətlə işlənib hazırlandı?
Tədqiqat və hazırlama sahəsinə misli görülməmiş sərmayə yatırımı və qlobal əməkdaşlıq sayəsində alimlər COVID-19 xəstəliyinə qarşı təhlükəsiz və səmərəli vaksinləri rekord müddətdə hazırlamağa müvəffəq oldurlar. Bütün standart təhlükəsizlik prosedurlarına və ciddi tənzimləmə normalarına riayət olunub:
- Qlobal pandemiya səbəbindən tədqiqatı aparmaq üçün daha böyük bir nümunə ölçüsü var idi və on minlərlə könüllü tədqiqatda iştirak edib töhfə verdilər.
- Texnoloqiya sahəsində on illlərlər aparılan tədqiqatlar və böyük irəliləyişlər (mRNT vaksin texnologiyqası kimi).
- Hökumətlər və digər qurumlar bir araya gələrək, tədqiqat və inkişafa maliyyələşmə maneəsini aradan qaldırdılar.
ÜST tərəfindən istifadə üçün təsdiqlənmiş bütün COVID-19 peyvəndləri sürətlə hazırlansa da, təhlükəsiz və təsirlidir.
Mənim üçün COVID-19 xəstəliyinə qarşı ən yaxşı vaksin hansıdır?
ÜST-nin təsdiq etdiyi bütün vaksinlərin sizi ağır COVID-19 xəstəliyindən qorumaqda yüksək dərəcədə səmərəli olması sübuta yetirilib. Sizin üçün ən yaxşısı hazır və əlçatan olan vaksindir!
COVID-19 xəstəliyinə qarşı vaksinlər bu xəstəliyin yeni variantlarına qarşı işləyəcəkmi?
ÜST, bu günə qədər təsdiqlənmiş vaksinlərin COVID-19 xəstəliyinin yeni variantlarına qarşı ən azı müəyyən müdafiəni təmin edəcəyini bəyan edib.
Dünya ekspertləri yeni variantların virusun davranışına necə təsir etdiyini, o cümlədən COVID-19 xəstəliyinə qarşı vaksinlərin səmərəliliyinə potensial təsirləri daim araşdırırlar.
Bu vaksinlərdən hər hansı birinin COVID-19 xəstəliyinin variantlarından birinə və ya bir neçəsinə qarşı az səmərəli olması sübuta yetirilsə, həmin vaksinlərin tərkibinin müvafiq variantlardan qorunmaq üçün dəyişdirilməsi mümkün olacaq. Gələcəkdə vaksinasiya proseslərində vaksinlərdən təkrar, gücləndirici istifadə və digər dəyişikliklər kimi yeniliklər tələb oluna bilər.
Hal-hazırda isə etməli olduğunuz vacib iş vaksinasiya olunmaqdır və virusun yayılmasını azaltmaq üçün zəruri tədbirləri, o cümlədən fiziki məsafəni saxlamağı, maskadan istifadəni, qapalı məkanların yaxşı havalandırılmasını, müntəzəm olaraq əllərinizi yumağı və simptomlar müşahidə olunduqda, tez bir vaxtda tibbi yardım üçün müraciət etmə təcrübəsini davam etdirməkdir.
Kimlər ilk növbədə vaksinasiya olunmalıdır?
2021-ci ildə bütün qlobal ehtiyacları ödəmək üçün istehsal potensialı yetərli olmadığından, hamını eyni vaxtda vaksinasiya etmək mümkün olmayacaq. Ölkələr ÜST-nin tövsiyə etdiyi (səhiyyə sistemini qorumaq üçün) ilkin səhiyyə xidməti göstərən tibb işçilərindən və COVID-19 səbəbindən ən yüksək ölüm riski olanlardan, məsələn ahıllar və müəyyən xəstəlikləri olan insanlardan ibarət əhalinin prioritet qruplarını müəyyən etməlidirlər. Sonra müəllimlər və sosial işçilər kimi digər əsas peşə sahiblərinə, daha çox vaksin dozası mövcud olduqda isə başqa qruplara əlavə üstünlük verilməlidir.
Hansı hallarda siz COVID-19 xəstəliyinə qarşı vaksini vurdurmamalısınız?
Sizdə COVID-19 xəstəliyinə qarşı vaksini vurdurub-vudurmamaq barədə hər hansı sual yarandıqda, öz həkiminizə müraciət edin. Hal-hazırda aşağıdakı xəstəlikləri olan insanlar mümkün mənfi təsirlərdən qorunmaq üçün COVID-19 xəstəliyinə qarşı vaksini vurdurmamalıdırlar:
- Əgər onların COVID-19 xəstəliyinə qarşı vaksinin tərkibindəki hər hansı bir maddəyə kəskin allergik reaksiyaları vardırsa.
- Əgər onlar hal-hazırda xəstədirsə və ya COVID-19 xəstəliyinin simptomlarını yaşayırlarsa (baxmayaraq ki, onlar sağaldıqdan və həkimin razılığını əldə etdikdən sonra vaksinasiya oluna bilərlər).
Mən nə vaxtsa COVID-19 xəstəliyinə artıq yoluxduğum halda, vaksinasiya olunmalıyammı?
Bəli, hətta əgər siz əvvəllər COVID-19 xəstəliyinə yoluxmusunuzsa, vaksinasiya olunmalısınız. COVID-19 xəstəliyindən sağalmış insanlarda virusa qarşı müəyyən təbii imunnitet əmələ gəlsə də, biz bu immunitetin hansı müddət ərzində davam edəcəyini və ya sizi nə dərəcədə səmərəli qoruyacağını bilmirik. Vaksinlər daha səmərəli müdafiəni təmin edirlər.
COVID-19 vaksinləri nəsilartırma qabiliyyətinə təsir edə bilərmi?
Xeyr, sosial mediada yalan iddialar görmüş ola bilərsiniz, ancaq COVID-19 vaksinləri də daxil olmaqla hər hansı bir vaksinin qadınlarda və ya kişilərdə nəsilartırma qabiliyyətinə təsir edə biləcəyinə dair heç bir dəlil yoxdur.
COVAX nədir?
COVAX, COVID-19 xəstəliyinə qarşı vaksinlərin işlənib hazırlanması və istehsalını sürətləndirməyə, habelə onların dünya üzrə ədalətli və bərabərhüquqlu istifadəsini təmin etməyə yönəldilmiş qlobal səylərin bir hissəsidir. Bütün ölkələrin COVID-19 xəstəliyindən qorunması təmin edilməyənə qədər heç bir ölkə özünü bu xəstəlikdən sığortalaya bilməyəcək.
COVAX təşəbbüsündə 190 ölkə və ərazi iştirak edir ki, bu da dünya əhalisinin 90%-dən də çox bir hissəsini təşkil edir. CEPI koalisiyası, GAVI alyansı, ÜST və digər tərəfdaş təşkilatlarla birgə işləyən UNICEF, COVID-19 xəstəliyinə qarşı vaksinlərin COVAX təşəbbüsü adından satınalması və tədarükü üzrə səylərə rəhbərlik edir.
Mən internetdə COVID-19 xəstəliyinə qarşı vaksinlər haqqında qeyri-dəqiq məlumatlara rast gəlmişəm. Mən nə etməliyəm?
Təəssüflər olsun ki, internetdə COVID-19 virusu və ona qarşı vaksinlər haqqında qeyri-dəqiq məlumatlar həddindən artıq çoxdur. Səhiyyə sahəsində böhran zamanı yanlış məlumatlar paranoyanın, qorxunun və stiqmatizasiyanın geniş şəkildə yayılmasına səbəb ola bilər. Eyni zamanda, bu, insanların virus qarşısında özünü çarəsiz və ya daha həssas his etməsinə səbəb ola bilər. Odur ki, ölkənin səhiyyə orqanları, BMT, UNICEF, ÜST kimi etibarlı mənbələrdən yoxlanılmış məlumatlar əldə edin.
Siz internetdə saxta və ya yanıltıcı olduğunu bildiyiniz bir kontent görürsünüzsə, sosial media platformasında bu barədə məlumat verməklə onun yayılmasının qarşısını almaqda kömək edə bilərsiniz.
COVID-19 xəstəliyinə qarşı vaksinlər sizin DNT-nə təsir edə bilər?
Xeyr, COVID-19 xəstəliyinə qarşı vaksinlərdən heç biri sizin DNT-nə heç bir formada təsir etmir və ya onunla əlaqə qurmur. Matrisalı RNT ya da mRNT vaksinləri sizin orqanizmdə immunitetin cavab reaksiyasını hərəkətə gətirən proteinin hazırlanmasını hüceyrələrə “öyrədirlər”. Bu cavab reaksiyası nəticəsində sizi virusdan qoruyan anticisimlər əmələ gəlir. mRNT, DNT-dən fərqlidir və parçalanmaya qədər cəmi 72 saat hüceyrənin içində qalır. Lakin o, DNT-nin saxlandığı hüceyrədəki nüvəyə heç vaxt düşmür.
COVID-19 xəstəliyinə qarşı vaksinlərin tərkibində hər hansı heyvan mənşəli məhsullar vardır?
Xeyr, ÜST-nin təsdiq etdiyi COVID-19 xəstəliyinə qarşı vaksinlərdən heç birinin tərkibində heyvan mənşəli məhsullar yoxdur.
Hamımız COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunana qədər mən öz ailəmi necə qoruya bilərəm?
Təhlükəsiz və səmərəli vaksinlər “oyunun qaydalarını dəyişirlər”, lakin hələ də aydın deyil, onlar bizi infeksiya və yoluxma hallarından nə dərəcədə qoruya biləcəklər. Hələlik isə, biz vaksinasiya olunduqdan sonra da özümüzü və başqalarını qorumaq üçün ehtiyat tədbirləri görməkdə davam etməliyik. Bu tədbirlər sırasına maskadan istifadə, fiziki məsafə saxlama və müntəzəm olaraq əl yuma daxildir
Bu maqələ 2020-ci il oktyabr 28-də ilk dəfə yayımlanıb. 2021-ci il avqust 18-də isə sonuncu dəfə yenilənib.
Ən son məlumatları əks etdirmək üçün bu məqalənin yenilənməsi davam etdiriləcək.