COVID-19 və bayramlar: Riski azaltmağın yolları
Sizin və ailənizin salamatlılığını qorumaq üçün məsləhətlər.

- Available in:
- English
- Azərbaycanca
Bir səyahət və ya ilin sonu qeyd etməyi planlaşdırırsınız? Bir çox insanlar üçün ilin bu vaxtı ailə və dostların yığıncaqları ilə bağlıdır, lakin davam edən COVID-19 pandemiyası və yeni "Omicron" variantı sağlam qalmaq yolları haqqında bir çox sual yaradır. Önünüzdəki həftələr üçün nə planlaşdırdığınızdan asılı olmayaraq, ümid edirik ki, bu məsləhətlər sizə və ailənizə sağlam bayram mövsümündən zövq almağa kömək edəcək.
Riskdən xəbərdar olun
Risk səviyyəsi yaşadığınız yerdən çox asılıdır. Yerli rəsmi orqanların göstərişlərinə əməl edin və ərazinizdə COVID-19-un ötürülməsi və peyvəndlənmə səviyyələri haqqında məlumatlı olun. COVID-19-un ötürülmə sürətinin aşağı olduğu və peyvəndlənmənin yüksək olduğu yerlərdə tam peyvənd olunmuş insanlar üçün daha az risk var, lakin uşaqlar da daxil olmaqla, peyvənd olunmamış insanlar hələ də yoluxma riski altında ola bilər.
Hələ də fiziki məsafə saxlamaq, başqalarının yanında maska taxmaq və tez-tez əl yuma kimi ehtiyat tədbirlərinə davam etmək tövsiyə olunur.
Fərqli fəaliyyətlər də fərqli risklər daşıyır. İstənilən şəxsi görüşlər üçün qrupdakı digər şəxslərin peyvənd olunub-olmadığını, tədbir görüb-görmədiklərini, eləcədə harada və nə qədər görüşəcəyinizi nəzərdən keçirin - kənarda və daha qısa müddət ərzində görüşmək daha az risklidir.
Peyvəndlənin
ÜST tərəfindən təsdiqlənmiş COVID-19 peyvəndləri təhlükəsizdir və COVID-19-un törətdiyi ağır xəstəlikdən və ölümdən qorunmaqda yüksək effektivlik nümayiş etdirmişdir. Peyvəndlər ətrafınızdakıları da qorumağa kömək edir. Heç bir peyvənd 100 faiz qorunma təmin etmir, buna görə də peyvənd olunduqdan sonra belə özünüzü və başqalarını qorumaq üçün ehtiyat tədbirləri görməyə davam etmək vacibdir. Buraya maska taxmaq, fiziki məsafə saxlamaq və müntəzəm əl yumaq daxildir.
>Oxuyun: COVID-19 peyvəndləri haqqında nə bilməlisiniz
Özünüzü pis hiss edirsinizsə, evdə qalın
Siz və ya ailənizdən kimsə xəstədirsə və ya COVID-19 simptomları varsa, toplantılara qatılmayın və ya onlara ev sahibliyi etməyin. Evdə qalın, tibbi məsləhət alın və COVID-19-un yayılmasının qarşısını almağa kömək edin.
Hər hansı bir səyahət planını diqqətlə nəzərdən keçirin
Bütün səyahətlər COVID-19-a yoluxma və ya yayılma riski ilə əlaqəlidir. Səyahət etməzdən əvvəl, COVID-19-un ərazinizdə və getdiyiniz hər hansı bir yerdə yayılıb-yayılmadığını yoxlayın.
Əgər siz və ya ailənizin üzvləri xəstədirsə, COVID-19-un hər hansı simptomları varsa və ya son 14 gündə COVID-19 virusu olan bir insanın ətrafında olmusunuzsa, səyahət etməyin. Ağır xəstəlik riski yüksək olan peyvənd olunmamış ailə üzvləri (yaşlı ailə üzvləri, digər xəstəlikləri olanlar) tam peyvənd olunana qədər bütün səyahətləri təxirə salmağı düşünməlidirlər.
Səyahət etməyi seçirsinizsə, pik vaxtlarda səyahət etməməyə çalışın. Həm yaşadığınız ərazidə, həm də ziyarət etməyi planlaşdırdığınız bütün yerlərdə səyahət məhdudiyyətlərinin, evdə qalma göstərişlərinin, karantin və sınaq tələblərinin olub-olmadığını yoxlayın. Nəzərə alın ki, bu siyasətlər az öncədən xəbərdarlıq edilməklə dəyişə bilər və səyahət planlarınız pozula bilər. Uçuş edirsinizsə, aviadaşıyıcınızın səyahət tələblərini diqqətlə yoxlayın.
Evə qayıtdığınız zaman milli və ya yerli rəsmi orqanların tövsiyələrinə və ya tələblərinə əməl edin. Həmçinin, hər hansı COVID-19 simptomunun izlənilməsi və bu simptomlar inkişaf edərsə, tibbi məsləhətin alınması daxil olmaqla, bütün əsas ehtiyat tədbirlərinə əməl etməyə davam edin.
İctimai yerdə olarkən ehtiyat tədbirlərinə əməl edin
Kənarda olarkən sizin və ailənizin görə biləcəyi əsas ehtiyat tədbirləri bunlardır:
• İzdihamlı yerlərdən, havalandırılması zəif olan qapalı və bağlı məkanlardan uzaq durun və özünüzlə başqaları arasında ən azı 1 metr məsafə saxlayaraq, ictimai yerlərdə insanlarla fiziki məsafəni saxlamağa çalışın.
• COVID-19-un geniş yayıldığı və fiziki məsafənin mümkün olmadığı ictimai yerlərdə maska taxın.
> Daha ətraflı ailələr üçün maskalar haqqında məsləhətlər
• Əllərinizi sabun və su və ya spirt əsaslı əl üçün məhlul ilə tez-tez yuyun
> Əllərin yuyulması haqqında daha ətraflı
• Üzünüzə (gözlər, burun, ağız) toxunmaqdan çəkinin.
• Əgər sizdə və ya uşağınızda hərarət, öskürək, nəfəs çətinliyi və ya COVID-19-un digər simptomları varsa, erkən tibbi yardım üçün müraciət edin.
Böyük yığıncaqlardan çəkinin
Havalandırması zəif olan izdihamlı, qapalı və bağlı məkanlar və konsertlər, tədbirlər və əyləncə ziyafətləri kimi kütləvi toplantılar xüsusilə riskli ola bilər. Keçirilməsi mümkün olan hallarda, açıq havada toplantılar daha təhlükəsizdir. Müxtəlif yerlərdən gələn ailə üzvləri və dostlarınızla görüşməyi planlaşdırırsınızsa, görüşməzdən əvvəl, mümkündürsə, COVID-19 testindən keçmək kimi əlavə ehtiyat tədbir görməyi düşünün.
Yaxınlarınızın ehtiyaclarını nəzərə alın
COVID-19 pandemiyası hər kəs üçün stresli oldu və çox insan digər insanlar arasında olmaqdan narahat olacaq, hətta o insanlar yaxınları olsa belə. Mümkünsə, görüşməzdən əvvəl dostlarınızla və qohumlarınızla onların vəziyyətini öyrənmək və istənilən narahatlıqları haqqında danışmaq üçün əlaqə saxlamağa çalışın.
Peyvənd olunmamış ailə üzvlərini və ya COVID-19 törətdiyi ağır xəstəlik riski yüksək olan dostları (yaşlı ailə üzvləri, nənə və babalar, digər xəstəlikləri olan ailə üzvləri) ziyarət etmək fikrindən daşınmağı və ya onların ətrafında olduqda əlavə ehtiyat tədbirləri görməyi düşünün. Bura peyvənd statusunuzdan asılı olmayaraq maska taxmaq və uşaqları mümkün olduğu qədər həmin ailə üzvlərindən uzaq tutmaq daxil ola bilər.
Hər bir ailə öz vəziyyətindən asılı olaraq qərar verməlidir. Uşaqlarınızla qərarları və qaydaları izah etmək üçün vaxt ayırın - və bunun nə üçün vacib olduğunu başa salın.
>Oxuyun: COVID-19 peyvəndləri haqqında dostlarınızla və ailənizlə danışmağın yolları
Unutmayın ki, fərdi qərarlarımız təkcə bizə deyil, ətrafımızdakı insanlara da təsir edir. Sağ və salamat olun, biz sizə və ailənizə xoşbəxt və sağlam bayramlar arzulayırıq!