COVİD-19 pandemiyası dövründə təhlükəsiz şəkildə ana südü ilə qidalandırma

Təqdim edilən ekspert məsləhətlərinə əməl edərək uşağınızı qidalandırmağınız üçün üsullar

UNICEF Azerbaijan
18 İyun 2020

Anasınızsa və ya ana olmağa hazırlaşırsınızsa, koronavirus (COVİD-19) pandemiyası dövründə körpənizin təhlükəsizliyi ilə bağlı suallarınızın olması təbiidir.

Mövcud elmi dəlillərin böyük əksəriyyəti ana südü ilə qidalandırmanın lehinə çıxış edir. Dəri təması, erkən və müstəsna olaraq ana südü ilə qidalandırma körpənizin inkişafına kömək edir və bu virus səbəbilə ana südü ilə qidalandırmanı dayandırmağınız üçün heç bir səbəb yoxdur. Bu günədək, aktiv COVİD-19 (infeksiyaya səbəb olan virus) virusunun ana südü və əmizdirmə vasitəsilə ötürülməsi halı aşkar edilməyib.

Əgər yaxın zamanda övladınızın dünyaya gəlməsi gözlənilirsə, təhlükəsiz şəkildə ana südü ilə qidalandırmağınıza dəstək göstərilməlidir, körpənizlə dəri təmasını təmin etməlisiniz və onunla eyni otaqda olmalısınız.

Yeni ana olan və ana olmağa hazırlaşan anaların ən çox üzləşdiyi suallardan bəzilərinin cavabları aşağıda təqdim olunur. Bu cavablar özünüzü sağlam hiss edib-etməməyinizdən və ya COVİD virusunun əlamət və simptomlarına malik olub-olmamağınızdan asılı olmayaraq, özünüz və körpəniz üçün ən təhlükəsiz praktikanı təmin etməyə kömək edəcək.

 

Pandemiya dövründə körpəmi ana südü ilə qidalandırmalıyammı?

Mütləq. Ana südünün təmin etdiyi anticisimlər körpələrin sağlamlığını gücləndirir və onları bir çox infeksiyalara qarşı qoruyur. Ana südündə olan anticisimlər və bioaktiv birləşmələr körpə COVİD-19 ilə təmasda olduqda bu infeksiya ilə mübarizə apara bilər.

Əgər körpəniz 6 aylıq və ya daha kiçikdirsə, müstəsna olaraq ana südü ilə qidalandırılmalıdır. Əgər körpənizin yaşı 6 aydan daha çoxdursa, ana südü ilə qidalandırmanı təhlükəsiz və sağlam əlavə qidalarla davam etdirin.

>> 6-12 aylıq körpələr üçün qidalandırma ilə bağlı məsləhətlərimizi oxuyun

 

 

COVİD-19 virusunu ana südü ilə qidalandırma vasitəsilə körpənizə ötürə bilərsinizmi?

Bu günədək, aktiv COVİD-19 (infeksiyaya səbəb olan virus) virusunun ana südü və əmizdirmə vasitəsilə ötürülməsi halı aşkar edilməyib. Bununla belə, tədqiqatçılar ana südü ilə bağlı sınaqları davam etdirirlər.

Yeni doğulmuş körpənizlə dəri təmasında olun. Körpəni özünüzə yaxın tutduqda, bu, ana südü ilə qidalandırmanın erkən başlamasına imkan verir ki, bu da neonatal ölüm səviyyəsini azaldır. Vaxt məsələsi son dərəcə önəmlidir, buna görə də ana südü ilə qidalandırmanı doğuşdan sonrakı ilk saat ərzində başlamaq tövsiyə edilir.

>> Valideynlər üçün ana südü ilə qidalandırmaya dair mini master-klasımıza baxın

 

COVİD-19 virusuna malikəmsə və ya bundan şübhələnirəmsə, ana südü ilə qidalandırmanı davam etdirməliyəmmi?

Bəli, müvafiq ehtiyat tədbirlərini görmək şərtilə, ana südü ilə qidalandırmanı davam etdirin. Bu ehtiyat tədbirlərinə maska taxmaq (varsa), körpənizə toxunmazdan əvvəl və sonra əllərinizi sabun və su ilə, yaxud spirt tərkibli antiseptik vasitə ilə yumaq, toxunduğunuz səthləri müntəzəm şəkildə təmizləmək və dezinfeksiya etmək daxildir. Sinənizi yalnız o zaman yumaq zəruri ola bilər ki, onun üzərinə öskürmüş olasınız. Əks halda isə sinənizi hər dəfə qidalandırmadan öncə yumağa ehtiyac yoxdur.

>> COVID-19 virusundan qorunmaq üçün əlləri necə yumalı

 

Əgər ana südü ilə qidalandıra bilməyəcək dərəcədə özümü pis hiss edirəmsə, nə etməliyəm?

Əgər uşağa baxa bilməyəcək dərəcədə özünüzü xəstə hiss edirsinizsə, uşağınızı ana südü ilə təhlükəsiz şəkildə qidalandırmaq üçün başqa yollar tapmağa çalışın. Südü sağaraq uşağınıza təmiz fincan və ya qaşıq vasitəsilə verməyə çalışın. Yaşadığınız ərazidə varsa, donor ana südündən istifadəni nəzərdən keçirin. Ana südü ilə qidalandırma üzrə məsləhətçi və ya tibb mütəxəssisi ilə mövcud seçimlər barədə danışın.

Südü sağmaq həm də südün davamlılığı üçün vacibdir ki, özünüzü yenidən kifayət qədər yaxşı hiss edəndə uşağınızı ana südü ilə qidalandıra biləsiniz. Təsdiqlənmiş və ya şübhəli COVİD-19 infeksiyasından sonra süd vermək üçün gözləməli olduğunuz sabit müddət yoxdur.

Südü sağmaq və ya donor ana südündən istifadə mümkün deyilsə, onda mədəniyyət baxımından məqbuldursa, südanası təcrübəsindən və ya düzgün hazırlanmış, təhlükəsiz və hazır şəkildə olan süni uşaq qidasından (formul) istifadəni nəzərdən keçirin.

 

Uşağım xəstədirsə, onu ana südü ilə qidalandırmalıyammı?

Uşağınız xəstələnərsə, ana südü ilə qidalandırmağa davam edin. Körpənizin COVİD-19 və ya başqa bir xəstəliyə yoluxmasından asılı olmayaraq, onu ana südü ilə qidalandırmağa davam etməyiniz vacibdir. Ana südü körpənizin immunitet sistemini gücləndirir və sizin anticisimləriniz ana südü vasitəsilə ona keçərək onun infeksiyalarla mübarizə aparmasına kömək edir.

 

Ana südü ilə qidalandırarkən hansı ehtiyat tədbirlərini görməliyəm?

Əl yuma ilə bağlı qaydalara əməl edin. Körpənizə toxunmazdan əvvəl və sonra əlləriniz sabun və su ilə yuyulmalıdır. Spirt tərkibli antiseptik vasitədən də istifadə edə bilərsiniz. Toxunduğunuz hər hansı səthləri təmizləmək və dezinfeksiya etmək də vacibdir.

Süd sağıcılarını, süd saxlama qablarını və qidalandırma vasitələrini hər istifadədən sonra yuyun.

>> COVİD-19 müddətində ailənizin təhlükəsizliyini qorumaq üçün təmizliklə bağlı məsləhətlərimizə baxın

>> Valideynlər üçün ən son koronavirus xəbərlərini oxuyun