Azərbaycanda uşaq və ailələr minaların uzunmüddətli təsirinə məruz qalır
Ümumdünya Humanitar Yardım Gününün qeyd olunduğu bir vaxtda, Akif mina partlayışında həlak olmuş iki oğlu və hələ də xəsarət izlərini daşıyan digər ailə üzvləri haqqında düşünür.

- English
- Azərbaycanca
65 yaşlı Akif iki oğlunun və nəvəsinin minaya düşdüyünü eşidəndə tez-tələsik köməyə qaçır. Amma özü də eyni aqibətlə üzləşir.
“Gördüm ki, oğullarımdan biri yerdə hərəkətsizdir”, - deyə Azərbaycanın Ağdam rayonu yaxınlığındakı bir kəndin sakini olan Akif xatırlayır. O əlavə edir: “Onu çağırdım, amma cavab vermədi, qan içində idi. Onlardan biri qollarında uşağı tutmuşdu və ayaqları yox idi. Dostum mənə dedi ki, onu götürüb kürəyimdə aparım. Ondan sonra nə baş verdiyini xatırlamıram”.
Akifin iki oğlu ayrı-ayrı partlayışlarda həlak olublar, 8 yaşlı nəvəsi Hüseyn isə xəsarət alıb. Akifi ayağı qırıq halda təcili şəkildə xəstəxanaya aparıblar. Ümidsizcəsinə ailəni xilas etməyə çalışan qonşulardan biri də bu faciədə xəsarət almışdı.
“O gəlməsəydi, bizə nə olardı, bilmirəm”, - deyə Akif bildirir. O əlavə edir: “Nəvəm hələ də psixososial dəstək alır. Danışanda və hirslənəndə çox vaxt kəkələyir. Hisslərini cilovlamaqda çətinlik çəkir və sakitləşməsi üçün bir qədər vaxt tələb olunur.”

“Kim istəyər öz evində övladının başına belə bir şey gəlsin?”, - deyə uşağın anası Hüseynova bildirir. O əlavə edir: “Oğlum hadisə barədə hələ də danışmaq istəmir. O, qaranlıqdan qorxur”.
Müharibənin partlayıcı qalıqları və minalar Azərbaycanın müəyyən ərazilərində yaşayan icmalar üçün böyük risk olaraq qalır. Azərbaycan uzun illər davam edən münaqişə nəticəsində, regionda ən çox minalanmaya məruz qalmış ölkələrdən biridir. 2020-ci ilin noyabr ayından bəri, mina partlayışları nəticəsində 65 nəfər həyatını itirib, 10 uşaq olmaqla 285 nəfər isə xəsarət alıb. Məhz buna görə də, UNICEF Azərbaycan Hökuməti ilə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) sahəsində əməkdaşlığını prioritetləşdirir. Effetktiv PSTM proqramları olmadan və onları təhsil proqramına daxil etmədən qurbanların sayının artmağa davam edəcəyinə dair narahatlıqlar var.
“Risklərlə bağlı həyati əhəmiyyətli maarifləndirmə qarşıdakı illərdə UNICEF üçün prioritet olaraq qalmaqda davam edəcək”, - deyə UNICEF-in Azərbaycandakı Nümayəndəsi Saca Faruq Abdulla bildirib. O əlavə edir ki: “Heç bir uşaq məktəbdən evə gələrkən, parkda gəzərkən və ya bayırda oynayarkən risk altında olmamalıdır. Biz risklərlə bağlı vacib maarifləndirmə proqramlarımızı buna ən çox ehtiyacı olan ərazilərdə davam etdirəcək, eyni zamanda məktəblərdə və icmalarda risklər və həyati əhəmiyyətli təhlükəsizlik qaydaları barədə məlumatlılığı artırmağa, habelə psixi sağlamlıq və psixososial dəstək xidmətlərni təmin etməyə davam edəcəyik”.
İcma ilə həyati əhəmiyyətli işlərin aparılması və məlumatlandırma tədbirlərindən artıq minlərlə ailə və uşaqlar faydalanıblar. Məsələn, UNICEF-in Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Elm və Təhsil Nazirliyi kimi qurumlarla tərəfdaşlığı 20 mindən artıq uşağın məktəblərdə keçirilən tədbirlər vasitəsilə partlayıcı sursatların təhlükəsi barəsində maarifləndirilməsinə kömək edib. Bu tərəfdaşlıq həmçinin, münaqişədən zərər çəkmiş ərazilərdə 46 min uşaq olmaqla, 124 mindən artıq şəxsin üzbəüz sessiyalar vasitəsilə partlayıcı sursatların təhlükəsi barəsində maarifləndirilməsinə kömək edib və bu ərazilərdə məlumatlılığı artıran 720-dən çox bilbord və çap materiallarının hazırlanmasına töhfə verib