Azərbaycanda futbol ulduzları uşaqların üzləşdiyi mina təhlükələrini işıqlandırır
Maarifləndirmə layihələrindən biri də münaqişədən zərər çəkmiş ərazilərdə yaşayan uşaqlar və onların ailələrini minalar və müharibənin partlayıcı qalıqları barədə maarifləndirmək üçün futboldan istifadə etməklə yerinə yetirilir.

- English
- Azərbaycanca
UNICEF və tərəfdaşları tərəfindən təşkil olunmuş maarifləndirmə layihəsi çərçivəsində bu ilin oktyabr ayında azərbaycanlı futbol ulduzu Tural Rzayevlə görüşən 250 uşaqdan biri də 14 yaşlı Yusif idi.
“Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” (PSTM) layihəsi UNICEF, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Futbolun İnkişafı Fondu, yerli futbol klubu və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən həyata keçirilir. Proqram, futbolun gücündən və geniş yayılmasından istifadə edərək, Azərbaycanın minalarla çirklənmiş ərazilərində uşaqları və ailələri mina və partlamamış hərbi sursatlardan qorumaq üçün PSTM təlimləri vasitəsilə maarifləndirir.
“Təlimdə biz minalar haqqında çox şey öyrəndik, partlayıcı sursata rast gəldikdə nə etməli olduğumuzu və 805, 102 və ya 112 nömrələrinə zəng etməli olduğumuzu öyrəndik”, - deyə Yusif məlumatlı şəkildə bildirir.
PSTM təlimi uşaqların təhlükəsiz davranışları mənimsəməsinə kömək etmək üçün futbolçuları və idman sahəsində fəalları bir araya gətirir. Lakin gənc iştirakçıların bir çoxu üçün bu kreativ və innovativ sessiyalar sadəcə həyatları xilas etmir, həm də yeni nəsil liderlərə və dəyişiklik elçilərinə ilham verirlər.
12 yaşlı Zəhranın yaşadığı Tap Qaraqoyunlu kəndinin ətrafındakı ərazi minalarla yüksək dərəcədə çirklənib. Bu, sakinlərin gündəlik həyatına və rifahına qarşı ciddi risklər yaradır. Son iki ayda bu ərazidə iki mina hadisəsi qeydə alınıb, onlardan biri ölümlə nəticələnib.

“Mən böyüyəndə həkim olmaq istəyirəm. Yaralanmış insanlara, xüsusən də mina qurbanlarına kömək etmək istəyirəm”, - deyə PSTM təlimində iştirak etmiş Zəhra bildirir.
İllərlə davam edən münaqişə nəticəsində, hazırda Azərbaycan regionda minalarla ən çox çirklənmiş ölkələrdən biridir. Bütün minaları təmizləmək və əraziləri uşaqlar üçün təhlükəsiz etmək üçün on illər tələb olunur.
Ötən 3 il ərzində mina partlayışları nəticəsində 65 nəfər həyatını itirib, 272 nəfər isə xəsarətlər alıb. Maarifləndirmə və təlim proqramları olmasa, məcburi köçkünlərin öz yurdlarına qayıtmaları ilə insan tələfatının sayı arta bilər.
Minaların və müharibənin partlayıcı qalıqlarının yaratdığı təhlükələri nəzərə alaraq, UNICEF 2020-ci ildən başlayaraq çoxsaylı PSTM proqramları həyata keçirməyə başlayıb və ötən 3 ildə 120 mindən çox insan əhatə olunub. UNICEF-in geniş miqyaslı PSTM proqramları çərçivəsində PSTM-futbol layihəsi 2022-ci ilin noyabrında başlayıb və münaqişədən zərər çəkmiş bölgələrdə 2000-dən yuxarı uşağı əhatə edib.
“İnanıram ki, bu növ tədbirlərin keçirilməsi uşaqların, xüsusilə də keçmiş təmas xəttinə yaxın ərazilərdə yaşayanların maarifləndirilməsi üçün vacibdir”, - deyə “Kəpəz” Futbol Klubunun futbolçusu Tural Rzayev bildirib. O, gənclərin düşüncə tərzlərinin dəyişməsində idmanın gücünə inanır: “Bütün futbolçular minalar barədə kifayət qədər məlumatlı olmalıdır. Onlar tez-tez müxtəlif tədbirlərdə iştirak edirlər və ölkənin müxtəlif bölgələrinə səfər edirlər. Buna görə də, onlar digərlərini minalarla bağlı risklər barədə maarifləndirmək və məlumatlandırmaq üçün dəyərli səfirlər kimi çıxış edə bilərlər.”

PSTM proqramı çərçivəsində maarifləndirmə tədbirləri Futbolun İnkişafı Fondu tərəfindən, maarifləndirməyə ehtiyacın ən böyük olduğu münaqişədən zərər çəkmiş rayonlardakı ucqar icmalara dəvət edilən tanınmış idmançıların açılış nitqləri ilə başlayır.
PSTM təlimlərindən sonra isə uşaqlara minalarla bağlı təhlükəsiz davranışı təbliğ edən əyləncəli və öyrədici materialların olduğu məktəbli çantaları təqdim edilir.
“Ümid edirəm ki, bu maarifləndirmə sessiyaları davam edəcək, çünki onlar çox vacib rol oynayır. Onlar gələcək nəsilləri özlərini minalardan qorumağa və təhlükəsiz yaşamağa hazırlayır”, - deyə Tural əlavə edir.