Övladınızın COVİD-19 zamanı məktəbə qayıtdıqda psixi sağlamlığının dəstəklənməsi

Məktəblər yenidən açıldıqda, valideynlər uşaqlarına hisslərini yönləndirmək üçün necə kömək edə bilərlər

UNICEF
Children are looking at the globe during a class session.
UNICEF Azerbaijan/Pirozzi/2018
11 Sentyabr 2020

Övladım məktəbə qayıtmaqdan qorxur. Ona özünü rahat hiss etməsi üçün necə kömək edə bilərəm?

Məktəbin və ya yeni dərs ilinin başlanğıcı hətta ən yaxşı vaxtlarda belə, gərgin ola bilər, qaldı ki qlobal pandemiyada. Siz, övladınızı narahat edən nə varsa, o haqda açıq söhbət aparmaqla və övladınıza narahatlığın təbii bir hiss olduğunu bildirməklə onu sakitləşdirə bilərsiniz.

Uşaqlar və xüsusilə də bir neçə ay ərzində evdə təhsil almış şagirdlər, məktəbə qayıdışla bağlı əsəbilik və könülsüzlük hissləri keçirə bilər. Dürüst olun, məsələn onlarla, məktəbdə gözlənilən bəzi dəyişikliklər haqqında səmimi danışa bilərsiniz. Uşaqlar üçün də məktəbdə oxuyarkən dostlardan və müəllimlərdən fiziki olaraq uzaq qalmaq çətin ola bilər - siz onları ünsiyyət qurmaq və əlaqə saxlamaq məqsədilə digər yollar barədə düşünməyə həvəsləndirə bilərsiniz.

Uşaqları əmin edin ki, şagirdlərin və müəllimlərin sağlamlığını qorumaq üçün təhlükəsizlik tədbirləri görülüb. Uşaqlara, həmçinin əllərini sabunla yumaqla, öskürək və ya asqırma zamanı ağızlarını dirsəkləri ilə örtməklə mikrobların yayılmasının qarşısını almağa kömək edə biləcəyini xatırladın.

Uşaqlara müsbət məqamları da xatırladın – onlar öz dostlarını və müəllimlərini görə biləcəklər (fiziki olaraq sinifə qayıdarlarsa) və yeni şeyləri öyrənməyə davam edəcəklər.

 

Övladımı həyəcanlandırmadan məktəbdə ehtiyat tədbirlərinə (məsələn, tez-tez əl yuma, fiziki məsafənin saxlanılması və s.) riayət etməyə necə təşviq edə bilərəm?

Uşaqları COVİD-19-dan və digər xəstəliklərdən qorumaq üçün ən yaxşı yollardan biri sadəcə əllərin müntəzəm yuyulmasını təşviq etməkdir. Bu qorxuducu söhbət olmalı deyil. Öyrənmə prosesini uşaqlarla əyləncəli etmək üçün onlarla birlikdə bu mahnını oxuyun və ya birlikdə rəqs edin. Onlara, mikrobların görünməsə belə, hələ də yaşadıqlarını əminliklə öyrədin. Uşaqlar əllərini nə üçün yumaq lazım olduğunu başa düşdükdə, güman ki, bunu etməyə davam edəcəklər.

Siz həmçinin uşaqlara öskürək və asqırma zamanı dirsəkləri ilə ağızı necə örtməyi göstərə bilərsiniz, habelə onlardan hərarət, öskürək və ya nəfəs darlığına bənzər hallar hiss etməyə başladıqları zaman bunu sizə bildirməklərini tapşıra bilərsiniz.

>> Əllərinizin yuyulması haqqında bilmək lazım olan hər şeyi oxuyun  

 

Əl yumanın sehirli gücünü uşağınızla bir yerdə bu oyunu oynayaraq görə bilərsiniz:

UNICEF Azerbaijan

Mənim uşağım, məktəbə geri qayıdan yaxın dostları kimi eyni qrupun üzvü deyil və özünü indi daha da təcrid olunmuş hiss edir. O necə, özünü sinifə və dostlarına daha bağlı hiss edə bilər?

Övladınızı, məktəblərin hər kəs üçün təhlükəsiz olduğu zaman yenidən açıldığına əmin etməyə davam edin. Məktəbə qayıtmaq üçün hazırlaşmaq məqsədilə, bu qayıdışın nə vaxt və necə baş verəcəyi barədə məlumatları bölüşməklə kömək edin.

>>Pandemiya dövründə məktəbə qayıdış haqqında daha ətraflı oxuyun

Məktəblərin yenidən bağlanması lazım ola biləcəyini uşaqlarınıza əvvəlcədən bildirsəniz, bu, onlara qarşıdan gələn uyğunlaşma dövrünə hazır olmağa kömək edəcəkdir. Təhsilin istənilən yerdə - məktəbdə və evdə - baş verə biləcəyini və uşaqların onlayn rejimində dostları ilə əlaqə saxlayıb, onları dəstəkləyə biləcəyini, övladlarınıza xatırlatmağa davam etmək vacibdir.

Onlayn oyunların, sosial şəbəkələrin və video ünsiyyət proqramlarının təhlükəsiz və nəzarət altında istifadəsi uşaqlara evdə olarkən öz dostları, valideynləri və qohumları ilə ünsiyyət qurmaq, öyrənmək və oynamaq üçün gözəl imkanlar yarada bilər. Siz həmçinin övladlarınızı fikirlərini bölüşmək və bu böhranda ehtiyacı olanları dəstəkləmək məqsədilə onlayn rejimdə səslərindən istifadəni təşviq edə bilərsiniz.

Övladlarınızı, uşaqlar üçün onlayn video məşğələlər və fiziki hərəkət tələb edən video oyunlar kimi, onlardan ayağa qalxmağı və hərəkət etməyi tələb edən rəqəmsal vasitələrdən istifadəyə həvəsləndirə bilərsiniz. Mümkünsə, evdən kənar vaxt daxil olmaqla, onlayn istirahəti internetsiz fəaliyyətlə tarazlamağı unutmayın.

Virtual aləmdə idman dərsimizə qoşulun:

UNICEF Azerbaijan

Övladımın, bu tədris ilinin yeniliklərinin öhdəsindən necə gəldiyini necə yoxlaya bilərəm?

Uşaqlarla söhbət zamanı sakit və qabaqlayıcı olmaq çox vacibdir - övladlarınızın işlərinin necə getdiyini onlarla yoxlayın. Onların emosiyaları mütəmadi olaraq dəyişəcək və siz bunun normal olduğunu onlara göstərməlisiniz.

İstər məktəbdə və ya evdə, tərbiyəçilər uşaqları oyun və rəsm kimi yaradıcı fəaliyyətlərə cəlb edə, onlara təhlükəsiz və əlverişli mühitdə qarşılaşa biləcəyi hər hansı mənfi hissi ifadə etmək və çatdırmaq üçün kömək edə bilərlər. Bu uşaqlara hirs, qorxu və ya kədər kimi mürəkkəb hissləri ifadə etmək üçün müsbət yollar tapmaqda kömək edir.

>>Müəllimlər uşaqlarla koronavirus (COVİD-19) xəstəliyi haqqında necə danışa bilərlər burada oxuyun

Uşaqlar həyatlarında emosional siqnalları tez-tez valideynlər və müəllimlər də daxil olmaqla onlar üçün əsas sayılan böyüklərdən qəbul edirlər, odur ki, böyüklərin öz emosiyalarını yaxşı idarə etməsi və sakit qalması, uşaqların narahatlıqlarına qulaq asması, mehriban danışması və onları sakitləşdirməsi vacibdir.

>> COVİD-19 qarşısında ailənizin psixi sağlamlığını necə qorumaq haqqında daha ətraflı burada oxuyun

 

İstər məktəbdə və ya evdə, tərbiyəçilər uşaqları oyun və rəsm kimi yaradıcı fəaliyyətlərə cəlb edə, onlara təhlükəsiz və əlverişli mühitdə qarşılaşa biləcəyi hər hansı mənfi hissi ifadə etmək və çatdırmaq üçün kömək edə bilərlər.

Övladım məktəbə qayıtdığı zaman mənim diqqət etməli olduğum nə isə varmı?

Övladınızın məktəbə geri döndüyündə fiziki sağlamlığını və təhsil nailiyyətlərini yoxlamaqla yanaşı, siz onda stress və narahatlıq əlamətlərini də izləməlisiniz. COVİD-19 övladınızın psixi sağlamlığına təsir edə bilər, odur ki, ona vaxtaşırı özünü həddindən artıq yüklənmiş hiss etməyin normal bir hal olduğunu nümayiş etdirmək vacibdir. Şübhə etdiyiniz zaman empatiya və dəstək yolunu seçin.

Həmçinin uşaqlar məktəbə gəldikdə, COVİD-19 ətrafında bəzi dezinformasiya səbəbindən, stiqma və bullinq hallarının artacağı barədə narahatlıqlar var. Siz izah etməlisiniz ki, virusun kimin necə göründüyü, haradan olduğu və ya hansı dildə danışdığı ilə heç bir əlaqəsi yoxdur. Əgər uşaqlara məktəbdə adlar qoyulur və ya onlar bullinq olunursa bu haqda uşaqları etibar edilən yetkin şəxslə danışmağa təşviq etmək lazımdır. Övladlarınıza hər bir insanın məktəbdə və internetdə təhlükəsizliyə layiq olduğunu xatırladın. Bullinq həmişə yanlışdır və hər birimiz xeyirxahlığı yaymaq və bir-birimizi dəstəkləmək üçün öhdəliyimizə düşəni etməliyik.

>>Kiberbullinq nədir və onu necə dayandırmaq olar daha ətraflı oxuyun

 

Övladım məktəbdə və internetdə bullinqdən narahatdır, bu barədə onunla necə danışa bilərəm?

Övladınız fiziki və ya internet üzərindən bullinqdən narahatdırsa, ona tək olmadığını və istənilən zaman sizinlə və ya digər etibarlı yetkin şəxslə danışa biləcəyini bildirmək vacibdir. Övladlarınızla bullinq haqqında bir nə qədər çox danışsanız, bir o qədər onlar da, gördüyü və yaşadığı bullinq halları haqqında, sizə, rahat danışa biləcəklər. Hər gün övladlarınızla ünsiyyət qurun və məktəbdə necə vaxt keçirdiklərini, internetdə nə ilə məşğul olduqlarını, eləcə də onların keçirdiyi hissləri barədə soruşun. Bəzi uşaqlar öz emosiyalarını şifahi şəkildə ifadə etməyə də bilərlər, odur ki, nəyinsə yanlış olduğuna işarə edə biləcək hər hansı bir narahat və ya təcavüzkar davranışa fikir verməlisiz.

Siz həmçinin onlayn rejimdə təhlükədən uzaq olmaq yolları haqqında açıq və dürüst söhbətlərə övladlarınızı cəlb etməlisiz. Övladlarınızla kiminlə və necə ünsiyyət qurduqları barədə dürüst dialoq aparın. Əmin olun ki, onlar qarşılıqlı xeyirxah və dəstəkləyici ünsiyyətin dəyərini başa düşürlər, yəni, ayrı-seçkilik və ya nalayiq ünsiyyət heç vaxt məqbul deyil. Övladlarınız hər hansı belə bir hal yaşayırlarsa, dərhal sizə və ya etibar edilən yetkin bir şəxsə məlumat vermələrini təşviq edin. Övladınızın özünə qapalı və ya qüssəli olması, həmişəkindən daha çox və ya az cihazından istifadə etməsi, onların internet üzərindən bullinq edildiyinə işarə ola bilər, odur ki, sayıq olun.

 


>>COVİD-19 haqqında məlumatları bir araya gətirdiyimiz səhifəmizə qayıdın