Haqqımızda

UNICEF, Azərbaycan da daxil olmaqla dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan qlobal liderdir.

Children playing with chalk at the Early Learning Centre
UNICEF Azerbaijan/Pirozzi/2018

UNICEF hesab edir ki:

Bütün uşaqlar  daha yaxşı dünya naminə yaşamaq, inkişaf etmək və öz potensiallarını reallaşdırmaq hüququna malikdirlər. 

Biz kimik

UNICEF-in Azərbaycandakı Nümayəndəliyi 

UNICEF 25 ildən artıqdır ki, Azərbaycan hökuməti və əhalisi ilə birgə hər bir uşağı həyata ən yaxşı şəkildə başlama imkanı ilə təmin etmək üçün çalışır. Fəaliyyətlərimiz ölkənin ən çətin vaxtlarında, Dağlıq Qarabağ münaqişəsinin qaçqın və məcburi köçkünlərinə kömək etməklə və 1991-ci ildə Sovet dövründən müstəqilliyə keçidin yaratdığı iqtisadi çətinliklərin təsirini aradan qaldırmaqla başlamışdır. UNICEF hazırda Azərbaycanın son iki onillikdə iqtisadi və sosial baxımdan yaratmış olduğu ciddi tərəqqini daha da inkişaf etdirməyə çalışır. Yoxsulluq hədləri əhəmiyyətli dərəcədə azalmış, uşaqlar arasında ölüm səviyyəsi aşağı düşmüşdür. İbtidai təhsil alma isə demək olar ki, hamını əhatə edir.  
UNICEF əsas diqqətini belə imkanlardan tam faydalana bilməmiş uşaqlara yönəldir. Biz həssas vəziyyətdə və ya risk altında yaşamağa davam edən uşaqları əhatə etmək üçün Azərbaycan hökuməti, icmaları və ailələri ilə birgə işləyirik ki, uşaq və gənclərin inkişaf etdirilməsinə yeni yanaşmalara başlayaq, həmçinin uşaqlara və  onların ailələrinə dəstək göstərən milli potensial və sistemləri gücləndirək.   
Biz hesab edirik ki, ölkənin iqtisadi baxışına uyğunlaşmaq üçün ölkənin ən gənc insan kapitalına – uşaq və gənclərinə investisiya qoymaq ən böyük və ən uzunmüddətli dividentlərin bir qismini təmin edəcək addımdır.  

Hər bir uşaq naminə dayanıqlı gündəlik 

Azərbaycanın qlobal səhnədə iştirakı gücləndiyi üçün Dayanıqlı İnkişaf Gündəliyinə nail olmaqla bağlı öhdəlikləri vardır. Bu öhdəlikləri yerinə yetirməklə yanaşı, Azərbaycan həmçinin heç bir vətəndaşın, xüsusilə, uşaqların diqqətdən kənarda qalmamasının təmin edilməsinə dair öhdəliklər götürmüşdür.   

UNICEF-in Azərbaycandakı fəaliyyəti bu öhdəliyi əks etdirir, belə ki biz, uşaqlara xidmət göstərilməsi sahəsində yeni siyasət, qanunvericilik, standart və modellərin hazırlanmasına dəstək göstəririk. Biz yalnız təşkilatlar üçün deyil, həmçinin birbaşa uşaqlarla işləyən icmalar və ayrı-ayrı fərdlər üçün yerli imkanları genişləndirmək məqsədilə, qlobal bilik və təcrübəmizi bu ölkəyə gətiririk və eləcə də uşaqların vəziyyətinə dair məlumatların toplanması və təhlili vasitəsilə qərar qəbuletməni və resurslar ayrılmasını daha yaxşı formalaşdırırıq.   

Dəstəklədiyimiz proqramlara Erkən Uşaqlıq Dövründə Kompleks İnkişaf, Keyfiyyətli və İnklüziv Təhsil, Sosial Xidmətlər və Uşaqların Müdafiəsi, Yeniyetmə və Gənclərin İnkişafı və İştirakçılığı, həmçinin Uşaq Hüquqlarının Monitorinqi daxildir. Bu proqramların hər biri UNICEF-in dayanıqlı gələcəyə dair qlobal baxışının aşağıdakı beş məqsədinə töhfə vermək üçün hazırlanmışdır:   

  • Hər bir uşağın həyatda qalması və uğur qazanması 
  • Hər bir uşağın təhsil alması 
  • Hər bir uşağın zorakılıq və istismardan müdafiə olunması
  • Hər bir uşağın təhlükəsiz və təmiz bir mühitdə yaşaması 
  • Bütün uşaqların həyatda bərabər imkana malik olması 

UNICEF, Azərbaycandakı hər bir uşaq üçün daha sağlam, daha inklüziv və ədalətli cəmiyyət qurmağa çalışır və bu işdə əsas diqqətini ən həssas vəziyyətdə olan və təcrid olunmuş uşaqlara yönəldir. 
 

Heç bir uşağı diqqətdən kənarda qoymamaq 

UNICEF-in Azərbaycandakı Nümayəndəliyi hər bir uşağın hüquqlarını həyata keçirmək məqsədilə, Azərbaycan hökuməti və xalqı ilə birgə əzmlə çalışır. İstər erkən uşaqlıq dövründə inkişaf, ana və uşaqların sağlamlıq və qidalanma vəziyyətinin yaxşılaşdırılması, inklüziv təhsil, gənclərin hüquq və səlahiyyətlərinin artırılması, istərsə də yüksək keyfiyyətli kompleks sosial xidmətlərin göstərilməsi vasitəsilə olsun, diqqət mərkəzimizdə ehtiyac içində yaşayan uşaqların və ailələrin müəyyənləşdirilməsi dayanır. 
UNICEF uşaq və gənclərin hələ də üzləşməkdə olduqları çətinlikləri daha yaxından anlamaq üçün çalışır və bütün uşaqlar, xüsusilə, həssas, təcrid olunmuş vəziyyətdə və ya risk altında olan uşaqlar üçün həyata mümkün olan ən yaxşı başlanğıc imkanı yaratmaq məqsədilə, bu əsas elementləri hərəkətə keçirir. Dayanıqlı İnkişaf Məqsədləri naminə, heç bir uşağın diqqətdən kənarda qalmamalı olduğu düşüncəsindəyik.
İndiyədək Azərbaycanda uşaq hüquqlarının həyata keçirilməsi sahəsində xeyli irəliləyişə nail olunsa da, daha çox işlərin görülə biləcəyini bilirik. Ölkədəki bütün uşaqların həyatında dəyişliklik etmək məqsədilə fəaliyyətimizi davam etdirəcəyik və tərəfdaşlarımızın dəstəyi ilə, hər bir uşağın nəsildən-nəslə uğur əldə etməsi üçün tələb olunan qayğı, dəstək və imkanlar əldə etməsini təmin etməyə cəhd göstərəcəyik.  
 

Embedded video follows
UNICEF