“Gənclər üçün Xidmətlər" - Gənclər üçün Yeni Fürsətlər
Gənc ictimaiyyətlə əlaqələr mütəxəssisinin hekayəsi
- Available in:
- English
- Azərbaycanca
Bakı, Azərbaycan, iyul 2020 – Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin (GİKM) PR mütəxəssisləri üçün xüsusi təlim proqramı fevral ayından başlanıb. “Gənclər üçün Xidmətlər - Azərbaycan Hökuməti və BMT-nin birgə təşəbbüsü” layihəsi çərçivəsində reallaşdırılan bu proqram Avropa İttifaqının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və UNICEF-in Azərbaycan nümayəndəliyi ilə birgə əməkdaşlıqda həyata keçirilir. Layihənin icraçı tərəfdaşları “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi və PART Kreativ Agentliyidir.
Ümumilikdə 6 gün olmaqla iki mərhələdə icra olunan təlim proqramının əsas mövzusu “Marketinq və PR” olmuşdur.
Təlim proqramına qatılmış Binəqədi, Mingəçevir və Xəzər Gənclər Evlərinin və Qazax, Şəmkir və Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin gənc PR mütəxəssisləri uğurlu PR kampaniyalarının təşkili, rəqəmsal stategiyaların hazırlanması, sosial şəbəkələrdə reklamların effektiv idarə edilməsi, vebsaytların dizaynı, foto və video kontentin redaktəsi kimi məsələləri öyrənmişlər. Nəzəri biliklərlə yanaşı, iştirakçılar həmçinin praktiki bacarıqları sınaqdan keçirmək imkanı da qazanmışlar.
Şəmkir GİKM-nın PR mütəxəssisi Kənan Əhmədbəyli təlim proqramının iştirakçılarından biri olmuşdur.

“Təlimlərdə iştirakım və burada qazandıqlarım, işimə olan baxışımı dəyişdi, məndə bu sahəni daha dərindən öyrənmə həvəsi yaratdı. Peşəkarların tövsiyələri Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin gündəlik iş prosesində mənim çox köməyimə çatır." - Kənan Əhmədbəyli
2019-cu ilin noyabrında onun marketinq istiqamətində nəzəri və praktiki biliklərinin qiymətləndirilməsi məqsədilə diaqnostik imtahan keçirilmiş və bilikləri 60% qiymətləndirilmişdir. Nəticəyə əsasən, Kənana bu istiqamətdə peşəkar təlimlərin keçirilməsinə ehtiyac olduğu müəyyənləşmişdir.
Bu ilin fevral ayından etibarən, Kənan 2 təlim proqramında iştirak etmiş və peşəkar təlimçilərdən “PR və rəqəmsal marketinq”, “İctimaiyyətlə əlaqələr”, “PR kampaniyaların təşkili”, “Foto, video çəkiliş və redaktə proqramları”, “Facebook və Instagram reklamlarının idarə olunması”, “Rəqəmsal marketinq strategiyasının qurulması”, “Proqramlaşdırma dilini bilmədən sayt hazırlamaq üçün proqramlar” mövzuları üzrə dərslər almışdır. O, təlim müddətində həmçinin nəzəri biliklərin möhkəmləndirilməsi məqsədilə praktiki tapşırıqlar icra etmişdir.
Qazandığı bilik-bacarıqlar sayəsində, Kənan hazırda PR və marketinq strategiyaları, sosial media postları hazırlaya, rəqəmsal reklamları idarə edə, müxtəlif hesabat formaları ilə işləyə və gündəlik iş prosesində kommunikasiya ilə əlaqəli müxtəlif problemləri aradan qaldıra bilir.
Kənan təlimlər haqqında bu fikirləri səsləndirmişdi: “Təlimlərdə iştirakım və burada qazandıqlarım, işimə olan baxışımı dəyişdi, məndə bu sahəni daha dərindən öyrənmə həvəsi yaratdı. Peşəkarların tövsiyələri Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin gündəlik iş prosesində mənim çox köməyimə çatır. Yeni dostlar qazanmaq bu təşəbbüsün mənə verdiyi digər ən önəmli töhfələrdəndir. Təşəkkürümü bildirirəm”
“Gənclər üçün Xidmətlər - Azərbaycan Hökuməti və BMT-nin birgə təşəbbüsü” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və UNICEF-in Azərbaycan nümayəndəliyi ilə birgə əməkdaşlıqda həyata keçirilir. Layihənin icraçı tərəfdaşları “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi və PART Kreativ Agentliyidir.