Yeniyetmə
UNICEF bütün ölkədə bir sıra bacarıqların inkişaf etdirilməsi məqsədilə gənclərlə əməkdaşlıq edir.

- Available in:
- English
- Azərbaycanca
"Azərbaycan əhalisinin təxminən 1/3 hissəsini14-29 yaşlılar təşkil edir. Lakin əksər hallarda gənclərə, xüsusən də qızlara, məcburi köçkün və ya yoxsul ailələrdən və icmalardan olan əlilliyi olan gənclərə böyüdükdən sonra istifadə edə biləcəkləri maksimal potensialı təmin etmək üçün zəruri dəstək və bacarıqlar verilmir.
UNICEF bütün ölkədə gənclərin təhsil, idman və istirahət müəssisələrinin xidmətlərindən istifadəsinə şərait yaratmaqla yanaşı, onların öz icmalarında fəal rol oynamalarına imkan verən bir sıra bacarıqların inkişaf etdirilməsi məqsədilə gənclərlə iş üzrə mütəxəssislər, müəllimlər, məsləhətçilər, mentorlar və idman məşqçiləri ilə əməkdaşlıq edir. Öyrənmə və bacarıqların inkişaf etdirilməsi üçün əlverişli mühitin yaradılması sosial-iqtisadi inkişafa mane olan və dövlətin üzərinə düşən əlavə xərclər və xidmətlər yükünü daha da artıran işsizliyin, yoxsulluğun və problemli davranış hallarının azaldılmasına kömək edə bilər.
UNICEF-in prioritetlərindən biri təcrid olunmuş gənclər üçün daha geniş cəlb olunmanı və imkanları dəstəkləməkdən ibarətdir. Bununla əlaqədar olaraq biz adətən sosial cəhətdən təcrid olunmuş və həssas vəziyyətdə olan qızlar, əlilliyi olan gənclər və bu kimi digər qruplar arasında müsbət düşüncələri təşviq edən ictimai kampaniyaları həyata keçirmək məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq edirik."
Gənclərin birgə iştirakı

“2018-ci ildən etibarən UNICEF tərəfindən dəstəklənən Gənclər Evləri 1200 nəfərdən çox yeniyetmənin, xüsusilə, həssas vəziyyətdə olan gənclərin, qızların və əlilliyi olan gənclərin əsas həyat bacarıqları,
reproduktiv sağlamlıq sahəsində maarifləndirmə, gender zəminində zorakılığın qarşısının alınması, psixoloji və hüquqi məsləhətlərdən və idman müəssisələrindən faydalanmasına kömək etmişdir.”
Azərbaycanda gənclərin inkişafı sahəsində BMT-nin aparıcı institutlarından biri olan UNICEF hal-hazırda gənclərə gələcək imkanlarını genişləndirmələri üçün tələb olunan müəyyən bacarıqların öyrədilməsi istiqamətində xidmətləri formalaşdırmaqla,ölkədəki Gənclər Evlərindən ibarət milli şəbəkənin fərqli formaya keçirilməsini dəstəkləyir. Gənclər Evləri həssas gəncləri müəyyənləşdirmək və əlavə dəstəklə təmin etmək məqsədilə məlumat mübadiləsinin həyata keçirilməsi, müvafiq xidmətlərin göstərilməsi, həmçinin sosial yardım və dispanserizasiya tədbirlərinin dəstəklənməsi üçün dəyərli, vahid resursdur.
İdman hamı üçün
Əhalinin həssas təbəqələrindən olan gənclər üçün inklüziyanın və əlverişli imkanların təşviq edilməsi üçün göstərilən səylər çərçivəsində əlilliyi olan uşaq və gənclərin idman tədbirlərində iştirakı sayəsində sağlam inkişafını və cəmiyyətə sosial inteqrasiyasını dəstəkləmək məqsədilə UNICEF Azərbaycanda Milli Paralimpiya Komitəsinin köməyilə Uşaq Paralimpiya hərəkatının inkişafını istiqamətləndirir. Nəticədə əlillik, stiqmatizasiyanın azaldılması, uyğunlaşdırılmış fiziki çalışmalar, idmanda zorakılığın qarşısının alınması və paytaxtda idmanla məşğul olma imkanlarının yaxşılaşdırılması məsələlərinə dair bir sıra təbliğat və potensialların artırılması kampaniyaları tərəfdaş təşkilatlarla, o cümlədən Milli Paralimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, əlaqədar akademiyalar, beynəlxalq və milli QHT-lərlə birgə keçirilib, habelə illik Milli Paralimpiya Oyunları sistemi təqdim olunub.
Bu təşəbbüs Azərbaycanda gənc idmançıların sosial inklüziyasına şərait yaratmaqla yanaşı əlilliklə bağlı mənfi stereotiplərin və stiqmaların öhdəsindən gəlməkdə kömək edir və bu səbəbə görə Paralimpiya İdman Oyunlarında əlilliyi olan uşaqlarını sosial inklüziya üzrə çempion kimi dəstəkləyən valideynlər barədə bir sıra video hekayələr UNICEF tərəfindən hazırlanaraq sosial mediada nümayiş etdirilib.
2015-ci il ilə müqayisədə 2018-ci ildə Uşaq Paralimpiya İdman oyunlarında iştirak etmiş uşaqların sayı 40 nəfərdən 190 nəfərədək artıb. Əlilliyi olan uşaqlar və yeniyetmələr müxtəlif idman növləri, o cümlədən boccia, qolbol, üzgüçülük, cüdo, stolüstü tenis, taekvondo və yüngül atletika üzrə yarışlarda iştirak ediblər.
Uşaq Paralimpiya Oyunlarından videolar:
Məqsədə doğru irəliləyən qızlar
"Azərbaycanda yeniyetmələr arasında keçirilmiş sorğunun iştirakçılarının 53% bildirib ki, qızlar ayrı-seçkiliyin çoxsaylı formalarına hələ də məruz qalırlar: bu cür ayrı-seçkilik onların müxtəlif idman növləri ilə məşğul olmaq imkanlarından oğlan yaşıdları ilə birgə istifadə etməsinə mane olur.
Hamı üçün əlçatan idman növləri ilə təhlükəsiz şəraitdə məşğul olmaq hüququndan hərtərəfli istifadə edə bilməyən qızların sayı hələ də çoxdur. Qızların nəyi bacara biləcəyi və nəyi bacara bilməyəcəyi ilə bağlı mövcud gender normaları və stereotiplər onların təcrid olunmasına böyük təsir göstərir. Bundan başqa, qızların qadın məşqçilər tərəfindən aparılmayan idman növləri ilə məşğul olmasına qoyulan qadağalar kimi bir sıra daha az nəzərə çarpan, lakin eyni dərəcədə təsirli səbəblər də mövcuddur. Bəzi hallarda isə müəllimlər və məşqçilər qızların bu və ya digər idman növünə cəlb edilməsi yolları ilə tanış deyillər.
UNICEF hesab edir ki, qızların idmanda oğlanlarla bərabər səviyyədə iştirakı onların hüquqlarının təmin edilməsi istiqamətində atılan vacib addımdır. Bununla əlaqədar, Niderland Krallığı hökumətinin dəstəyi ilə BMT və Azərbaycan hökuməti tərəfindən AFFA ilə birgə həyata keçirilən Gənclər Evi təşəbbüsü çərçivəsində qızlardan ibarət futbol komandaları yaradılıb. Binəqədi və Mingəçevir Gənclər Evlərinin köməyi ilə ümumilikdə 40 qız həmin komandaların üzvü olmuşdur. Həmin qızların bir hissəsi aztəminatlı, miqrant və məcburi köçkün ailələrindəndir."

Mingəçevir şəhərinin qızlardan ibarət futbol komandasının məşqçisi İlqar Hüseynov izah etdi ki, komandanın üzvü olan qızların çoxu olduqca həssas və yoxsul ailələrdəndir. Bəziləri isə uşaq evlərindəndir və ya valideynlərinin onlara qayğı göstərə bilməməsi səbəbindən internat məktəblərinə göndərilmiş qızlardır. Mənim niyyətim onları futbola cəlb etmək və Azərbaycan bayrağı altında çıxış etmələri üçün şərait yaratmaq idi – bununla da qızlara öz qarşısına məqsəd qoymaq və bu məqsədə nail olmaq bacarığı aşılanır.”
UNICEF və AFFA qızların inkişafını və cəmiyyətdə fəallığını dəstəkləmək (o cümlədən təhsil, eləcə də inklüziv və bərabər idman proqramları vasitəsilə) məqsədilə 2011-ci ildən etibarən birgə fəaliyyət göstərir. Bu tərəfdaşlıq sayəsində 2017-ci ildə Beynəlxalq Qızlar Günü münasibətilə qızların hüquqlarını və dünyadakı qızların üzləşdikləri özünəməxsus problemləri anlamaq məqsədilə Qızlar Bacarır kampaniyası başlandı. Fərqli sahələrdə işləyən qızları nümayiş etdirən güclü videolçarxlar vasitəsilə kampaniya daha geniş auditoriyaya yaylıb.